Heyif o Turan adından!.. - - Fazil Güney

Heyif o Turan adından!.. - Fazil Güney

Ara-sıra mediamızda jurnalistlərlə bağlı qalmaqallı olaylara heç qarışmamışam, məni qatmaq istəsələr də... Ciddi işlərlə məşğul idim, vaxrtım olmurdu. 1990-cı illərdən son bir neçə ilədək “AssA-İrada” İA, “Azerobserver”, “The M.O.S.T” jurnalları, “Azernews” qəzeti vasitəsilə Azərbaycan gerçəkliklərini əcnəbi dillərdə xarici auditoriyaya yaymaqla məşğul olmuşam.
Obyektiviliyi, vətənpərvərliyi, sözü üzə kişi kimi şax deməsi ilə tanınan jurnalist Azər Həsrətin “Azpress.az” saytında Mehman Əliyevlə bağlı yazısı məni illərin sükutunu pozmağa vadar etdi.
Öncə qeyd etmək istəyirəm ki, jurnalistlər arasında dolaşan bir fikri tam bölüşürəm: mediada qalmaqalların səbəbkar fiqurlarından biri də Mehman Əliyevdir. Onunla ötən əsrin 90-91-ci illərindən tanış olduğumdan bu sözləri deyirəm. Biz “AssA-İrada” Beynəlxalq müstəqil xəbər agentliyi yaratmışdıq, onlar isə AXC-nin qurduğu “Turan“ XA-da çalışırdılar. O çətin illərdə vətənpərvər qələm sahibləri ölkəmizin ağır durumunu, Qarabağ haqqında gerçəklikləri dünyaya yaymağın, erməni yalanlarını ifşa etməyin yollarını arayırdılar. Buna görə də həmkarlarıma deyirdim ki, bizim agentliklərin xaricə yaydığı xəbərlər bir-birini tamamlamalıdır. Biz ümumi işimizin xatirinə əməkdaşlığa getməliyik. Sensasiya dalınca qaçıb ölkəmizi, xalqımızı biabır etməməliyik və s. Mehman Əliyevlə də tanış olmuşdum, hərçənd onun yazılarına mətbuatda rast gəlməmişdim. Lakin çox keçmədi mənə aydın olduki, biz əməkdaşlıq edə bilməyəcəyik. Ona görə yox ki, M.Əliyev təcrübəsizdi, qələmi yox idi. Məsələ burasında idi ki, o çox iddialı idi, dialoq apara bilmirdi, hirslənəndə nə danışdığının, ağzından nə çıxdığının fərqinə varmırdı. Buna görə də onun tez-tez saçmalarına, hara gəldi çamur atmalarına təəccüblənmirdim.
AXC hakimiyyəti dönəmində bir müddət Mehman Əliyevin də çalışdığı PA mətbuat xidməti ilə işləmək çox çətin idi. Lakin ölkəmizə dəstək üçün biz əməkdaşlıq etməliydik. Orada elə səriştəsiz, savadsız, iddialı, yekəxana, səviyyəsiz adamlar var idi ki, əsəbləri cilovlamaq çox çətin idi. O zamanlar divar qəzeti səviyyəsində bir neçə dəfə bir neçə səhifəlik bülleten buraxmış, PA-nın adıçəkilən xidmətində vəzifə tutmuş birisi mətbuat konfransnda müxbirimizi aşağılayaraq soruşmuşdu:
- Sizin agentlik bizimlədir, yoxsa müxalifətlə?
- Biz nə iqtidarlayıq, nə də müxalifətlə. Biz Azərbaycana xidmət edənlərləyik.
- Onda bə bura niyə gəlibsən?
Bu hadisədən sonra bizim agentliyi tək-tük hallarda tədbirlərə çağırırdılar.
Onlar göylə getsələr də, xaricə ötürdükləri informasiyaların səviyyəsi çox aşağı idi. AXC hakimiyyətə gəldikdə Mehman Əliyev də vəzifə aldı, qısa sürə Prezident Aparatının mətbuat xidmətində işlədi. Aşağıdakı misalı çəkməklə sözümü bitirmək istəyirəm:
Səhv etmirəmsə, 1992-ci ilin yayı idi, nahar fasiləsinə getmişdim. Agentlikdən zəng etdilər ki, çox vacib hərbi xəbər gəlibdir. Tələsik ofisə döndüm. Xeyli müddət hərbi tərcüməçi işlədiyim, xarici ölkələrdə çalışdığım üçün hərbi və beynəlxalq xəbərlərə yalnız özüm baxırdım.
Baş redaktor Elmira Vəzirova artıq redaktə olunub hazırlanmış yazını masamın üstünə qoydu. Xəbərdə deyilirdi: “Düşmən təyyarələri iki saat ərzində Füzuli şəhərini bombalayıb. Nəticədə beş ev dağılıb, iki nəfər ölüb, beş nəfər isə yaralanıb.”
Baş redaktoru yanıma çağırıb dedim ki, bu xəbəri verən ya bizi şantaj edir, ya da çox səriştəsizdir. O, bunu göndərəninPrezident Aparatının mətbuat xidmətindən olduğunu söylədi. Deyilən ünvana zəng etdikdə, dəstəyi Mehman Əliyev götürdü. Salamdan sonra əlüstü mətləbə keçib dedim ki, kimsə sizin adınızdan bizə qəribə bir məlumat göndərib. Onu xəbərlə tanış etdikdən sonra məlumatın onlar tərəfindən göndərildiyini bildirdi.
- Axı belə hadisə olmayıb. Bizim o bölgədə mötəbər mənbələrimiz var, hər şeyi bizə xəbər verirlər, - dedim.
- Elədir. Belə hadisə olmayıb. Ermənilər tez-tez dezinformasiya yayırlar. Gərək biz də bu üsuldan istifadə eləyək. Biz artıq “Turan” vasitəsilə bu xəbəri yaymışıq.
- Amma gərək dezinformasiyanı elə verəsən ki, inandırıcı olsun. Bu xəbər isə özü-özünün yalanını çıxarır.
- Məsələn?
- Onda mənim suallarıma cavab ver: birincisi, təyyarələr haradan havaya qalxıb?
- Yazın Gümrüdən.
- Ağlabatan deyil. Tutaq ki, ordan qalxıb, təyyarələrin növünü də əlavə eləyərək yazırıq: MiQ qırıcıları və SU qırıcı bombardmançıları Füzuli şəhərinə raket və aviabomba zərbələri endiriblər.
- Normaldır.
- Yox, hələ dayan, növbəti suallarım var: əgər bu qəbil təyyarələrin ataka keçərkən sürəti forsajı qoşmaqla saatda 2500-3000 kilometrə çatırsa və həmin təyyarələr şəhərin üstündə 1-2 dəqiqə olacaqlarsa, iki saat davam edən hava hücumunda neçə eskadrilya iştirak edib və ikisaatlıq bombardmandan sonra beş evin dağılması, iki nəfərin ölüb, beş nəfərin yaralanması nə dərəcədə inandırıcıdır? Belə bombardmandan sonra Füzuli şəhəri yerlə-yeksan olmalı idi...Bağışlayın, biz belə xəbərləri yaya bilmərik.
Mən o vaxtlar Mehmanın özünə zarafata salıb deyərdim: “Heyif o Turan adına ki, əndrabadi xəbərlər yayırsınız”.
O zamanlar qüsurlarına rəğmən Mehman Əliyevi və ya bu qəbildən olan digərlərini vətənpərvər sanırdım, “bacardıqları budur, neyləyəsən?!”- deyirdim. Onlarsa, bizi Naxçıvanda Heydər Əliyevə, sonralar hakimiyyətə işləməkdə suçlayırdılar, hakimiyyətlə dövlətçiliyi qarışdırırdılar. Beləliklə biz yaxınlaşmadan getdikcə uzaqlaşırdıq. Çünki istər “Turan” XA, isərsə də bir sıra mətbuat orqanları açıqdan-açığa Azərbaycan dövlətinin varlığını istəməyən, onu öz maraqları dairəsində görməyə çalışan Qərb dövlətlərinin müxtəlif adlarla verdiyi qrantları alırdılar... xalqımızın, dövlətimizin əleyhinə işləyirdilər.
Mehman Əliyevin aldığı qrantların qarşılığında beynəlxalq toplantılarda öz Vətəni, milli dövləti əleyhinə qərəzli çıxışları Bakıya, respublika ictimaiyyətinə çatırdı. Dəfələrlə millət vəkilləri, bu toplantılarda iştirak etmiş vətəndaşlarımız ölkə mətbuatında çıxışlar edir, Mehman Əliyevi, onun məsləkdaşlarını utandırmaq, doğru yola döndərmək istəyirdilər. Hamısı əbəs idi...
Neçə illər öncələr dediyim bu sözlər son vaxtlar tez-tez eynimə gəlir: heyif türk dünyasının adını simvolizə edən o kutsal “Turan”dan! Yazıqlar olsun, Vətən, Xalq, Azərbaycan adı altında kölgələnib Turan dünyasının əleyhinə işləyənlərə!..

 

P.S. Deyə biləcəklərimin hamısını demədim.

 


Söz ardı:

     

 

Araz arzusuna yetişdi.

 

 

Ulu Öndər Naxçıvanda əcnəbi jurnalistlərlə.

 

1989-cu ildən blokadaya salınmış, Qarabağın aqibəti gözlənilən Naxçıvanla əlaqə saxlamaq, əcnəbi jurnalistləri oraya aparmaq, Heydər Əliyevlə görüşdürmək nə Mütəllibov, nə də AXC hakimiyyətinin məzacına uyğun gəlmirdi. Və buna mane olurdular. Biz isə işimizi görürdük: Naxçıvana telefon edirdik, şəxsən Ümumilli Liderlə danışırdıq. Azərbaycanın Ermənistanı blokadaya alması barəsində dünyada fikir yaratmalarına cavab olaraq, əksinə, hayların Naxçıvanı blokadaya alması nəticəsində burada yaranmış ağır durumu dünya ictimayətinə çatdırmaq üçün Ümumilli Liderin tövsiyyələrini yerinə yetirirdik. Yaponiyadan, İngiltərədən, Hollandiyadan, İspaniyanın EFE xəbər agentliyindən məxsusi olaraq Heydər Əliyevlə görüşmək üçün gəlmiş jurnalistləri yaradılan əngəllərə baxmayaraq Naxçıvana aparırdıq.

      Bir kiçik haşiyə çıxmaq istərdim... Ötən əsrin 70-ci illərindən sonra uşaqların dilində Lenin baba yox, Heydər baba ifadəsi əzbər olmuşdu. O zaman, məktəbli oğlum Arazın bir arzusu var idi: Heydər baba ilə şəkil çəkdirmək! O, yalnız 15 il sonra bu arzusuna çatdı: Əcnəbi jurnalistləri tərcüməçi-jurnalist kimi Naxçıvana aparanda uşaqlıq arzusunu Ulu Öndərə demişdi və istəyinə çatmışdı. Hətta Heydər Əliyev onu qonaqlarla o zamanlar Ermənistanın baş naziri ilə (Səhv etmirəmsə, adı Babken idi) sərhəddə görüşə aparmışdı. Araz danışırdı ki, Heydər Əliyevin zəhmi erməni baş nazirini necə basmışdısa, onun qarşısında özünü əlbuyruqçusu kimi aparırdı.

 

 

Fazil Güney (Abbasov)