YOL GEDİRƏM – HAQQA YETİM - Şirin Xanım Kərimbəyli Şadiman

Yeni çapdan çıxacaq kitabıma yazacağım fikirlərin başlığını yol gedirəmlə başlamağım söz gəlişi ifadə deyil. İnsan doğulan gündən dünyasını dəyişənə qədər yol gedir. Bu Yaradanın ona bəxş etdiyi ömür yoludur. Təsadüfü deyil ki, kitabın adı da 03.02.1992- ci il tarixində yazılmış «Yol gedirik» adlı şerimin adından götürülmüşdür. «Yol gedirik» adlı kitabın çap olunmasıyla bağlı verdiyimiz qərar nədən qaynaqlanır?! Bax bu məqsədin isbatına ehtiyac duyduğum üçün istəyirəm bunu yetərincə açıqlayım. Bu vaxta qədər çap olunmuş geniş həcimli kitablarımdan yığılan seçmələrin seçməsi bu topluda öz əksini tapmışdır. Yəni yaradıcılığıma maraq göstərən geniş oxucu kütləsi, sözə dəyər verən insanlar bu kitab vasitəsi ilə asanlıqla mənim bu illər ərzində yazdıqlarımın nəbzini tuta biləcəklər. Bu həm ədəbi tənqiddə bu yerə qədər yazdıqlarım haqqında öz fikrlərini demiş və demək istəyən söz adamlarının yazacaqlarına kömək vasitəsi, həm də poeziyasevər insanların mütaliyəsi üçün ərmağan olacaq. Çox saylı kitabların arasından müxtəlif məzmunlu şeirləri arayıb axtarıb tapmaq günlərlə, aylarla vaxt aparır. «Yol gedirik» kitabı bütün bu məsələlərə çıraq tutmaq üçün meydana gəldi.
Düzdü, bir müəllif olaraq bilirəm ki, yaradıcı insan üçün yaratdıqlarının hamısı doğma, hamısı əzizdir. O, gözlərinin nurunu vərəqlər üstə səpələyir. Yaxşı mənada yaradılan nə olursa olsun ağılın və təfəkkürün məhsuludur. Hər biri yazan adamın ruhundan doğur, bir bala kimi ona vazkeçilməz olur, amma bir həqiqət də var ki, istər oxucu, istərsə tədqiqatçı müəllifin çoxsaylı kitablarını axtarıb aramaq peşində olmur. Ümid edirəm ki, bu kitabın hazırlanıb çapa verilməsi ədəbi ictimayyətə və oxucu əhlinə ümumi yaradıcılığım üçün dəyərli ünvan olacaq. Sözün ovqatına köklənib bütün ağrı-acıları, dünyada, cəmiyyətdə baş verən haqlı və haqsız olayları nəzm diliylə izhar etmək o qədər də asan başa gələsi məsələ deyil, yaradıcı insanın ruhu çeşmə təki qaynamasa o heç bir hadisəyə, faciyəyə bədii sözün qüdrəti ilə yanaşa bilməz, onda da olsun nəzm, şerin möcüzəli dili…O dili açmaq, o dillə pıçıllaşmaq hər qələm sahibinin də bacardığı iş deyil. Əgər bu yerə qədər yazdıqlarımla oxucu ürəyinə yol tapmışamsa, Allahıma min şükür…
Əslində «Yol gedirik» kitabı həyat yoldaşım Əli Abdullanın ideyasıdır. Bu yerə qədər çapdan çıxan kitablarıma maddi və mənəvi cəfakeşlik etməkdən usanmayan, mənəviyyata inkaredilməz dəyər verən bu insanın aylarla çəkdiyi əziyyətlər hesabına kitab artıq çap ərəfəsindədir.
Kitabda şerin hər janrında yazılmış maraqlı nümunələr toplanmışdır. Nəzmin heca, əruz, sərbəst şeir növləri ilə cilanmış səhifələrlə bərabər nəzm hekayələr, rəvayətlər, dramlar, dördlüklər, rubailər, bayatılar, yanğılar, ikiliklər, deyimlər, məsəllər topluda özünə yer almışdır.
Bu kitabda sıralanmış bölgələr əvvəlki çapdan çıxan kitabların bölgə adlarıyla eynidir.
Nəzm hekayələr bölməsində «Tağayım», «Ağı dastan», «Burdan bir atlı keçdi», «Dükan adamın hekayəsi», «Quzey elin güney elə məktubu», «Xocalı soyqırımı» adlı mənzum əsərlər var.
Rəvayətlər bölməsində «Qismət Allahdandı», «Üç qisimdə olan insan», « Qazi və zina qadının hekayəti», «Ruzisinə asi olan kişinin rəvayəti», «Ana leyləyin hekayəsi» sıralanıb.
Dramlar bölməsində isə «Kahada ölüm hökmü» və « Sevgi vara satılmaz» özünə yer alıb.
Kiçik həcmli şeir növlərinə dördlüklər, rübailər, bayatılar, yanğılar, ikiliklər, deyimlər, məsəllər göstərmək olar.
Bu kitabda təkcə publisistik əsərlər yoxdur. Beləliklə kitab kimin əlinə düşsə müəllifin ümumi yaradıcılığı barədə müfəssəl məlumat ala biləcək. Bu baxımdan kitabın içindəkilərin toplanıb araya-ərsəyə gəlməsi əvəzsiz zəhmətin bəhrəsidir. Bu zəhməti çəkən Əli Abdullaya xüsusi minnətdarlıq düşür.
Ruhumdan qopub gələn fərəhli və qəmli duyğularımın beşiyi olan, illərin eniş-yoxuşunu içində daşdıran «Yol gedirik» kitabı bu vaxta qədər çapdan çıxmış on yeddi çox səhvəli kitabların içindən seçilib yığılmış topludur. Bu topluyla tanış olan hər bir kəs bədii yaradıcılığımın aşıb-daşan təbii çalarlarıyla bəhrələnəcək. Mən də bir müəllif olaraq oxucunu bədii ovqatıma kökləyə bilmişəmsə, demək yazdıqlarımla doğulduğum Vətənə, onun ədəbiyyatına hansısa töhfə verməyi bacarmışam. Bəli biz, doğulan gündən ölənə qədər yol gedirik. Bu yolun enişi, yoxuşu olur. İnsan özüylə çarpışa-çarpışa, döyüşə-döyüşə ömrünü başa vurur. Öz ağılı, düşüncəsi sayəsində uğurları, uğursuzluqları olur. Bir yaradıcı insan kimi mən özümü uğursuz müəllif saymıram. İnanıram ki, yazdıqlarım zamanın ələyindən keçəcək və zaman rəfində özünün dəyərli yerini tutacaqdır.
Sözə , bədii yaradıcılığa qiymət verənlər, üz tutanlar sizlərə isə ünvanlamaq istəyirəm ki, bu kitabla tanış olmaq heç də pis olmazdı. Pis odur ki, müəllifin yaradıcılığıyla tanış olmamış onun haqqında fikir söyləsinlər. Hər birimizə sağlıq dolu günlər diləyirəm.


Müəllif: Şirin Xanım Kərimbəyli Şadiman
07.09.2017.