XƏBƏRDARLIQ - Bayıl sakinlərinə 3 gün vaxt verildi (+FOTOLAR)

Bundan sonra polis postları qoyulacaq və əraziyə heç kim buraxılmayacaq; sürüşmə zonasında risk artır...

 

10 gündən çox idi ki, Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilmirdi. Lakin son günlər havaların yağmurlu keçməsi nəticəsində ərazidə sürüşmə aktiv fazaya keçib. Nəticədə Teleqüllədən 250-300 metr aşağıda yaranmış çatın dərinliyi 6 metrə çatıb, yamacda yerləşən evlərə isə ciddi zərər dəyib.

 

“Yeni Müsavat”ın əməkdaşı olaraq fevralın 10-da hadisə baş verdikdən dərhal sonra əraziyə yollandıq. Biz orada olduğumuz zaman “Cənubdərə” deyilən ərazinin sakinləri küçəyə toplaşıb, evlərin uçduğu Əli Nəzmi küçəsinə baxırdılar. Ərazidə müvafiq qurumların nümayəndələri, polislər də vardı. Onlar vəziyyətin ciddi olduğunu bildirib, sürüşmə yerinin yaxınlığına, yalnız o ərazidə evləri olanları buraxırdılar. Həmin sakinlər də cəld şəkildə evlərinə qalxıb, bəzi əşyalarını götürüb, çıxırdılar. Hadisə nəticəsində sakinlərin sözlərinə görə, 3 evə ciddi ziyan dəyib, bir işıq dirəyi isə aşıb. Lakin rəsmi açıqlamada zərər görmüş evlərin sayının 4 olduğu bildirilib. Evlərdə yaşayış olmadığı üçün sürüşmə zamanı bədbəxt hadisə yaşanmayıb. Sakinlərin sözlərinə görə, ərazidə sürüşmə 10 fevral saat 13 radələrində aktivləşib. Daha sonra isə evlər, işıq dirəyi aşıb. Evlərdən birinin yararsız hala düşməsinin səbəbi üzərinə işıq dirəyinin düşməsidir. İşıqlar kəsildiyi üçün dirəyin aşması nəticəsində yanğın və digər bu kimi hadisə baş verməyib.

 

Qeyd edək ki, sürüşməyə yaxın ərazidə tikilən evlərin konstruksiyaları çox zəifdir. Həmin evlərin heç bir sənədi yoxdur. Bəzilərinin divarı dağa dirənib və sürüşmə baş verən kimi dərhal torpağın altında qalacaq. Lakin aşağı hissələrdə hündürmərtəbəli evlər də var ki, onlara heç bir zərər dəyməyib. Buna baxmayaraq, bütün ərazidə kommunal xətlər kəsilib. Ona görə həmin mənzillərin sahibləri də evlərində qala bilmirlər.

 

Hadisə baş verən günü əraziyə Səbayel rayonunun icra başçısı Eldar Əzizov da gəlib, sakinlərlə görüşüb. İcra başçısı da vəziyyətin ciddi olduğunu söyləyib. Bildirib ki, bu həftə Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidə yaşayan sakinlərə kirayə pulu veriləcək.

 

Biz orada olduğumuz zaman bəzi sakinlər yük maşınları gətirib, əşyalarını evlərindən çıxarırdılar. Ancaq böyük əksəriyyət çarəsiz şəkildə gözləyirdi. Bildirirdilər ki, əvvəla əşyalarını aparacaq evləri yoxdur. İkincisi də onlara heç bir maddi dəstək olunmayıb ki, yük maşını gətirib, evlərini boşaltsınlar. Sakinlər kirayə pulu alacaqları günü gözləyirdilər. Bildirirdilər ki, 3 həftədir icra başçısı tərəfindən kirayə pulu ödəniləcəyi ilə bağlı onlara söz verilir. Lakin bu, sadəcə olaraq söz kimi də qalıb.

 

Öyrəndik ki, fevralın 10-dan 11-nə keçən gecə sakinlərin bir qismi 163 saylı orta məktəbdə yaradılan sığınacaqda, digərləri isə qohumlarının evlərində gecələyiblər. Sakinlər bildirdilər ki, ərazidə gecə saatlarında da sürüşmə müşahidə olunub.

 

Əraziyə yaxın məsafədə yaşayan məcburi köçkün Zahid Aslanov “Yeni Müsavat”a bildirib ki, sürüşmə nəticəsində onun evi uçmasa da divarlardakı çatlar böyüyüb: “Hadisədən sonra bizim də evin altından torpaq qabarıb. Yuxarıdan olan basqı görünür mənim həyətimdə bu cür halların yaranmasına səbəb olub. Nəticədə evin divarlarındakı çatlar böyüyüb. Ailəm axşam 163 saylı məktəbdə gecələyib. Təhlükənin miqyasının genişləndiyini görüb, evdən əşyalarımızı çıxarmağa başlamışıq”.

 

Sakin Elməddin Muradlı isə bildirdi ki, onlara evlərini tərk etmələri üçün 3 gün vaxt verilib: “Hazırda ərazidə son durum belədir ki, polis postları qurulub, sakinlər isə yavaş-yavaş evlərindən əşyalarını çıxarırlar. İcra hakimiyyətinin də nümayəndələri gəlib, əhaliyə göstəriş veriblər ki, 3 gün ərzində hər kəs əşyalarını götürüb, evi tərk etsin. Bildirilib ki, 3 gündən sonra polis postları qoyulacaq və əraziyə heç kim buraxılmayacaq. Ancaq yenə də camaat narahatdır və siyahı hazırlayıblar ki, aidiyyəti orqanlara müraciət etsinlər. Çünki narahatçılıq var. İcra başçısı bildirib ki, camaata kirayə pulu verəcəklər ki, köçüb başqa yerdə yaşasınlar. O qədər görmüşük ki, qapını bağlayıb evindən çıxırsan, sonra gəlib ekskavatorlar evi sökürlər. Bakıda çox bu cür hadisələr baş verib. İnsanlar da ondan narahatdırlar ki, bir il sonra deyəcəklər burada heç sənin evin olmayıb. Ya da gətirib elə kompensasiya verəcək ki, onunla razı olmasan belə, evindən çıxdığın üçün də heç nə edə bilməyəcəksən. Yəni son vəziyyət belədir. Əhalinin yarısı məktəbdə, yarısı qohumunun evində gecələyib. Ancaq səhər açılan kimi hamısı gəliblər məhəlləyə. İnsanların qalması üçün yer yoxdur. 3 həftə qabaq açıqlama vermişdilər ki, kirayə pulu vermişik. Onu kimə, harada vermişdilərsə, biz bilmədik. İndi isə açıqlama verib ki, kirayə pulu ödəniləcək. Bunu da nə zaman və hansı mexanizmlə verəcəklər, hələ bilinmir. Bu axşam bir qədər də torpaq sürüşməsi olub. Bu gün səhər saatlarında Səbail rayon icra başçısı da ərazidə olub. Hələ ki, ancaq baxmaqla məşğuldurlar. Digər yüksək çinli məmurlara rast gəlinmir. Ancaq bəzi mütəxəssislər gəlib, əraziyə baxıb, gedirlər”.

 

Ərazidə işlər aparan mütəxəssislərlə də əlaqə yaratmağa cəhd etdik. Lakin bazar günü olduğu üçün zənglərimizə cavab verən olmadı. Ötən günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirmişdi ki, sürüşmə aktiv fazaya keçib və hər an orada hansısa fəsad baş verə bilər.

 

Əli RAİS,
“Yeni Müsavat”