Azərbaycanın "Ağ qızılı" : pambıq kampaniyası niyə fiaskoya uğrayır

Azərbaycan böhrandan çıxmaq üçün ikinci ildir ki, bir xammal istehsalını digəri ilə əvəzləməyə çalışır. Məmurlar pambığı "ağ qızıl" adlandırırlar və onun istehsalı iki ildə həqiqətən bir neçə dəfə artıb. Lakin sahibkarların çoxu narazıdır - bəzilərini böyük qazanc olmadan pambıq əkməyə məcbur edirlər, bəzilərinin əlindən otlaq sahələrini alırlar. Çoxları deyir ki, bu cür dövlət tənzimi artıq ərzaq çatışmazlığına gətirib çıxarıb.

 

"Bizdə pambıq yoxdur ", - deyən yerli bələdiyyə başçısı qonşu kəndə getməyi təklif edir. Biz maşına tərəf qayıdırıq və bu zaman söhbətin şahidlərindən biri bizə tərəf qaçaraq "Bu doğru deyil, mən indi sizə göstərərəm", deyir.

 

Biz statistikaya görə, pambıq istehsalı üzrə ön sıralarda olan Sabirabad rayonundayıq. Sahibkarlardan birinin evində bizə çay süzürlər və bir-birinin sözünü kəsərək öz problemlərindən danışırlar. Söhbət zamanı otağa yeni insanlar daxil olur və biz onlardan növbə ilə danışmalarını xahiş edirik. Lakin bu heç də həmişə uğurlu nəticə vermir.

 

Sahibkarlar deyirlər ki, bir il əvvəl bələdiyyə məmurlarının təkliflərinə və ucuz dövlət kreditlərinə razılaşaraq pambıq əkməyə başlayıblar. Lakin artıq bununla məşğul olmaq niyyətində deyillər. Onlar deyirlər ki, dövlət vəddən başqa, hətta əkinə yararlı su vermək kimi bir vədinə əməl etmir. Ağaqulu Kərimov ötən il 10 hektar pambıq əkib və ziyana düşüb.

 

"Burdan qazanc əldə etmədim, üstəlik indi adamlara borcum var", - o. danışır.

 

Sahibkarın sözlərinə, görə, keyfiyyətli su əldə etməyə nail olsaydı indi borcu qalmazdı. "Su anbardan gəldiyinə görə, pis idi. Buna görə də, 5 ton pambığın əvəzinə 3 ton əldə etdik ", - o, deyir.

 

O, deyir ki, pambıq proqramı başlayan zaman insanlar öz sahələri üçün su əldə etmək üçün nasoslar gətirməyə başladılar.

 

"Nəticədə anbarda su qalmadı və biz quyulardakı duzlu sudan istifadə etməyə məcbur olduq ".

 

"Ağ qızıl"


Azərbaycan rəhbərliyi pambıq istehsalına iki il əvvəl başlayıb. Prezident İlham Əliyev o zaman pambığı "ağ qızıl" adlandıraraq, atası Heydər Əliyevin Mərkəzi Komitənin katibi olan zaman ölkədə pambıq istehsalının indikindən daha çox olduğunu xatırladıb. Bir il əvvəl prezident pambıq istehsalının inkişafı üzrə dövlət proqramının yaradılması barədə sərəncam imzalayıb.

 



Prezident İlham Əliyev Sabirabad rayonundakı pambıq sahələrinə şəxsən baş çəkib

 


Bu proqram çərçivəsində pambığı zavodlara satan sahibkarlar onun hər kiloqramına görə, onun dəyərindən yuxarı 0,1 manat (0,06 dollar) alırlar (keyfiyyətindən asılı olaraq təxminən bir kiloqram üçün 0,2-0,4 manat).

 

Proqrama həmçinin infrastrukturun yaxşılaşdırılması, innovasiya texnologiyasının dəstəklənməsi, investisiyaların cəlb edilməsi, pambıq müəssisələrinin bərpası və müasirləşdirilməsi, pambıq regionlarının müasir avadanlıqlarla təchiz olunması da daxil edilib. Lakin sahibkarın sözlərinə görə, pambıq əkmək onsuz da asan deyil və problem təkcə suda da deyil.

 

Aqronom və sahibkar Saleh Süleymanov yeni idxal texnikasından şikayət edir. Onun sözlərinə görə, dizayn xüsusiyyətinə görə, digər maşınlara vərdiş edən traktorçular üçün onunla işləmək rahat deyil.

 

Saleh 3,5 hektar sahədən 15 ton pambıq əldə edib. Onun fikrincə, torpağın imkanlarını nəzərə alsaq bunu qəhrəmanlıq kimi deyil, qeyri-adi bir şey kimi qəbul etmək olar.

 

Lakin bütün bunlara baxmayaraq, o, artıq pambıq istehsalı ilə məşğul olmayacağını deyir.

 

"Sadəcə rəqəmlər xatirinə çoxlu pambıq əkməyin mənası yoxdur. İndi nə baş verir - həkim, müəllim gəlir və traktorun sükanı arxasına keçir. Bəs o nə etməlidir, dolana bilmir",- o, deyir.

 

Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, nazirliyin hər bir rayon şöbəsində kənd təsərrüfatı, o cümlədən torpaq qiymətləndirilməsi üzrə mütəxəssislər var.

 

"Şöbəyə müraciət edən hər bir kəndli aqronomdan məsləhət ala bilər. Müxtəlif sahələr üzrə mütəxəssislər var və onlar öz suallarına hətərəfli cavab ala bilərlər. ".

 

Lakin sahibkar Əflan Cəfərov aqronomların az olduğunu və sahibkarların torpağı necə yetişdirməyi bilmədiklərini deyir.

 

"Kimsə insanlara izah etməlidir ki, pambığa nə zaman fosfor verirsən, nə zaman ammonium fosfat, kalium, azot veririsən. Sən pambıq üçün hansı ziyanvericilərin olduğunu bilməlisən. Lakin sən əgər həkim və ya qaynaqçısansa bunu hardan bilə bilərsən",- o, deyir.

 


 

Əflan Cəfərov zavodda 10 il aqronom işləyib. Lakin sahibkarlar arasında belə mütəxəssislər azdır


Ümumilikdə kənd təsərrüfatına və pambıq sənayesinə yönələn diqqət xüsusilə Azərbaycanın iqtisadiyyatı şaxələndirmək və "neft iynəsindən qurtulmaq" cəhdi kimi izah olunur. Ötən il ərzində ölkə ixracatının həcmi 13,8 milyard dollar təşkil edib. Bunun 88,5%-ni neft, neft məhsulları və qaz təşkil edir.

 

Pambıq və pambıq lifinin ötən il ixracı 7 dəfə artıb. Lakin ümumi ixracatda pambıq hələ də heç 1 faizə də çatmır. 2017-ci il ərzində bu məhsul cəmi 50 milyon ABŞ dolları dəyərində və ya 0,6% ixrac edilib.

 

Bu cür göstəricilərə baxmayaraq, dövlət nikbinliyini itirmir və pambıq sənayesini digər sənayenin hesabına inkişaf etdirməyə davam edir.

 

2016-cı ildə keçirilən referendum zamanı torpaq məcəlləsində edilən dəyişikliklər sayəsində dövlət təkcə dövlətə məxsus torpaqlarda deyil, həmçinin "sosial ədalət və effektli istifadə məqsədilə" şəxsi ərazilərdəki torpaqlardan da necə istifadə etmək barədə göstəriş vermək hüququ əldə edib.

 

Nəticədə bir il ərzində, 2017-ci ildə pambıq sahələrinin payı təqribən 3 dəfə artaraq 136 min hektara çatıb.

 

"İnəyi qapalı yerdə saxla"


Biz daha bir pambıq rayonuna - İmişliyə gedirik. Burada heyvandarlıqla məşğul olan, dövlət onların torpağını pambıq əkinçiliyinə verdiyinə görə öz torpaqlarını tərk etməyə məcbur olan çoxlu ailələr yaşayır.

 

"Bizdən torpağımızı pambıq əkini üçün aldılar, amma özləri heç nə etmədilər. Yalnız özlərinə ev tikdilər. Orada su yoxdur axı! Əgər orada suvarma üçün su olsaydı mən də orada nəsə əkərdim", - deyə yerli sakinlərdən biri deyir. Yerli rəhbərlikdən və gücsüzlükdən şikayət edən sakin prezidentə məktub yazdığını deyir.

 

"Onlar gəlirlər və deyirlər ki, "İnəyini bağlı yerdə saxla". Bəs mən onu orada nə ilə yemləyim?" Azərbaycanda çoxları sosial problemlərdən şikayət edən zaman eyni sözü - "prezidentə şikayət etmişik" deyirlər. Heyvandarlıqla məşğul olanlar da istisna deyil.

 

Şirvan vadisindən heyvandarlıqla məşğul olan Əliağa Zeynalov da belə edib. Bir il əvvəl onun və onun kimi onlarla digər ailənin torpağı əlindən alınıb.

"Bələdiyyədən nümayəndələr gəldilər və dedilər ki, bu torpaqlar hansısa şirkətə verilib, torpaqların kateqoriyası dəyişilib. Heyvanlarını sata bilənlər satdılar", - deyə o danışır.

 

Zeynalov heyvanlarını saxladığını və bu günə qədər icarəyə götürdüyü ərazilərdə onları otardığını söyləyir. Bir çox instansiyalara şikayət edən Zeynalov "heç bir dəyişiklik və kömək yoxdur, artıq heç nə də gözləmirik" deyir.

 


 

İndi bir çox fermer malqaranı yol boyu icarəyə götürülmüş ərazilərdə saxlamağa məcburdur

 


Ağstafanın Poylu kəndindən olan Elxan Qasımov da torpağının pambıq üçün satılmasından ziyan çəkib. Onun sözlərinə görə, çayın yaxınlığındakı torpaq pambıq əkinçiliyinə verildiyinə görə, onun və kənddəki insanların heyvanlar üçün su götürməyə yeri yoxdur.

 

Heyvandarlıqla məşğul olanların və iqtisadçıların sözlərinə görə, bu siyasətin effekti ətin qiymətinin qalxmasında özünü göstərir. İdxalçılar malqara sayının azalmasıyla bağlı ortaya çıxan çatışmazlığı bununla əvəzləməyə çalışırlar.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki illərdə Azərbaycana 15-20 milyon dollarlıq ət idxal edilirdisə, 2016-cı ildə bu rəqəm 38,6 milyon dollara qədər yüksəlib. Ötən il isə bu rəqəm 63 milyon təşkil edib.

 

"Bizdə bu il yerli ət böhranı daha da güclənəcək. Çünki ötən il kəsliməyə verilən heyvanlar bu il daha çox süd və bala verə bilərdi. Bu şübhəsiz ki, ət kimi, südün də qiymətində öz əksini tapacaq". İqtisadçı və kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli belə deyir.

 

Ətin qiymətinin qalxması barədə paytaxt sakinləri də danışırlar. Mühasib Elmira xanım Əhmədli yaşayış məntəqəsində yaşayır və deyir ki, yerli supermarketlərdə 3 il ərzində mal ətinin qiyməti demək olar ki, 30% artıb. Rəsmi məlumatlar isə ətin qiymətinin 25%, orta inflyasiya zamanı ərzağın 16,4% artıdığını deyir.

 

Elmira xanımın sözlərinə görə, südlə bağlı da həmin problemlər var. "Əvvəllər kənddən südü gətirib litrini 80 qəpiyə verirdilər. İndi isə süd 1 manat 20 qəpikdir (0,9 dollar)" , - o deyir.

 

Təqaüdçü Validə xanım yağın da iki dəfə bahalaşdığını qeyd edir.

 

"Əgər qızım kömək etməsəydi, marqarin yağından istifadə etməyə başlayacaqdım".

 

Hər şey plan üzrə gedir


Millət vəkili, iqtisadi siyasət məsələləri üzrə komitənin üzvü Vahid Əhmədov dövlətin müdaxiləsini düzgün qərar hesab edir. "Dövlət başçısı qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatına diqqəti gücləndirdi. Pambıqçiliğa əlavə maliyyə buraxılır", - deyir.

 

Onun sözlərinə görə, dövlət siyasətinin uğuru artıq bu gün özünü göstərir, pambıq istehsalı bir neçə dəfə artıb. Ötən il Azərbaycanda 200 min ton pambıq yığılıb. Bu, 2016- cı illə müqayisədə iki dəfə, 2015-c illə müqayisədə 6 dəfə çoxdur.

 

"Düzdür, hələki bəzi məsələlər - aqronomlar, suyun gətirilməsi kimi məsələlərin bəzi rayonlarda problem olması mümkündür", - millət vəkili deyir. Əhmədovun sözlərinə görə, dövlət həyata keçirilməsi səlahiyyətli şöbələrə tapşırılan xüsusi proqram hazırlayır.

 

Ekspertlər pambıq kampaniyasında planlı iqtisadiyyatın elementlərini görürlər. "Pambıqçılıqla məşğul olmazdan əvvəl dövlət hazırlıqla məşğul olmalıdır", - Məhərrəmli deyir.

 

Onun sözlərinə görə, Azərbaycan aşağı keyfiyyətli pambıq istehsal edir, ona görə də regional bazarda onun qiyməti digər rəqiblərinkindən ucuzdur.

 

"İndi baş verənlər, onların sovet illərindəki planlı iqtisadiyyatında baş verənlərdir. Qiymət artır və istehsalın subsidiyalarla dəstəklənməsi lazımdır", - ekspert deyir.

 

Onun sözlərinə görə, dövlət pambıq proqramı ilə ucuz neft dövründə ixracı artırmağa çalışaraq bu yolla ölkəyə xarici valyuta axınını təmin etməyə çalışıb.

 

"Ümumilikdə pambıq gəlirli sənayedir. Lakin bilmək lazım idi ki burada əsas rolu sahibkarlar oynayır. Pambığın mənfəət gətirməsi və sahibkarların buna marağı olması üçün onlara şərait yaratmaq lazım idi", - Məhərrəmli deyir.

 


 

Yalnız təmizlənmiş pambıq ixrac olunur


Həmin pambıq proqramı çərçivəsində hökumət subsidiya vermək və digər vasitələrlə tekstilin inkişafını dəstəkləmək niyyətindədir. Ötən il ölkədə Tekstil Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

 

2016-cı ildə pambıq ipliyi istehsalı 20 min tona çatıb. Bu göstərici sovet dövründəki göstəricilərdən aşağı olsa da, əvvəlki 10 illərdəki göstəricilərdən yuxarıdır.

 

Ölkənin ən böyük tekstil istehsalçısı olan Gilan Tekstil Parkı istehsal və ixracatın artıdığı barədə məlumat verir.

 

2016-cı ildə şirkət 5,6 milyon dəyərində məhsul ixrac edib. Ötən ilin ilk 6 ayı ərzində isə bu rəqəm artıq 6,6 milyon təşkil edib.

 

Bundan başqa bu və digər yerli şirkətlər müxtəlif regionlarda köhnə sovet tekstil müəssisələrini bərpa edirlər. Lakin iqtisadçıToğrul Maşallanın sözlərinə görə, hələ ki bu kifayət deyil.

 

"Yalnız pambığın emalı hiss ediləcək gəlir gətirə bilər. Lakin tekstil sənayesi bizdə aşağı səviyyədədir. Əgər idxal göstəricilərinə baxsaq və daxili istehsalla müqayisə etsək Azərbaycan özünü corabla belə təmin edə bilməz", iqtisadçı deyir.

 


 

Azərbayanda pambıq yığımı payızın ortalarında başlayır və qışda başa çatır. İndi məhsul yığımı başa çatıb. Lakin Bakıya geri qayıdan zaman yolda qarşımıza pambıq sahələri çıxır.

 

Bu sahələrdən birində pambıq yığılmayıb və demək olar ki quruyub. Kəndlilərdən biri bizə danışır ki, bu məhsulun yığımına sərf edilən vəsait ondan gələn gəliri üstələyən zaman baş verir. Ona görə də məhsul yığılmır və "ağ qızılın" qalıqları qalıb quruyur. 

 

BBC AZƏRBAYCANCA