Sönmüş ocaqlar adlı tədbir-sərgi keçiriləcək. -

“Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən 2018-ci il fevralın 22-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək.
Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. 613 nəfər dinc əhali öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalmışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Muzeydə təşkil olunmuş sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-ya yaxın əsəri nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Xocalı soyqırımının şahidi Məmmədov Orucun, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşının və digər qonaqların çıxışları gözlənilir, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya nümayiş olunacaq.
Tədbirdə Xocalı faciəsinin şahidləri, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət İşçiləri İxtisasartırma Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, Sərhəd Qoşunlarının əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !