Cavadxan QASIMOV : - NAXÇIVAN MUXTAR RESPUBLİKASI: SOSİAL-İQTİSADİ İNKİŞAF FONUNDA İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI OLMA İFTİXARI

Cavadxan QASIMOV : NAXÇIVAN MUXTAR RESPUBLİKASI: SOSİAL-İQTİSADİ İNKİŞAF FONUNDA İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI OLMA İFTİXARI

 Naxçıvan Muxtar Respublikası çoxsahəli inkişaf istiqamətlərini müəyyənləşdirməklə əldə etdiyi nailiyyətlər onun mədəniyyətlər mərkəzinə çevrilməsinə imkan verdi, şərait yaratdı. İqtisadi islahatların qətiyyətlə başladılması, inamla davam etdirilməsi, uğurlu nəticələrlə müşayiət olunması, bunun sosial dayanıqlığa stimul verməsi muxtar respublikanın keçdiyi uğurlu yolun ən mühüm ifadəsidir. Əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilən davamlı inkişaf strategiyası muxtar respublikanın sosial-iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə böyük töhfələr verməkdədir.

Bu gün məhz bu müdrik ideyalar üzrə Naxçıvan Muxtar Respublikası böyük tarixi inkişaf yolu keçməkdədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü ilə qarşı-qarşıya gələrək işğal təhdidlərinə məruz qalan doğma diyarımız milli liderin siyasi fəaliyyətinin Naxçıvan MR dövründə bu xoşagəlməz vəziyyətin aradan qaldırılmasına nail oldu.
Hər birimiz muxtar respublikanın həm güclü sosial-iqtisadi baza əsasında inkişafı, həm də hazırda müəyyən etdiyi hədəflər baxımından çox şadıq. Ölkə başçısı tərəfindən müxtəlif illərdə həyata keçirilən və bu sahə üzrə uğurların davamlılığının təmin edilməsinə istiqamətlənən tədbirlər artıq təkmil iqtisadiyyat yaratmışdır. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin:
- 30 may 2012-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat;
- 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat;
- 2 dekabr 2015-ci il tarixdə Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı Sərəncamla Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7,0 (yeddi) milyon manat;
- 12 yanvar 2017-ci il tarixdə imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamla isə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılmaqla milli iqtisadi quruculuq proseslərində muxtar respublikanın güclü olan mövqeyinin daha da möhkəmlənməsinə imkanlar açmışdır.
Bütün bunlar təbii ki, ölkədə və onun regionlarında istehsal potensialının daha da gücləndirilməsinə, zəruri infrastruktur quruculuğunun yaradılmasına, əhalinin məşğulluğunun səmərəli təminatına, eyni zamanda da makroiqtisadi göstəricilərin yüksək səviyyəli təşəkkülünə mühüm töhfədir.
Qeyd etmək lazımdır ki, muxtar respublikada iqtisadi fəaliyyətin və istehsalın səmərəli təşkilində mühüm təsirə və əhəmiyyətə malik olan sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi öz aktuallığı ilə seçilməkdədir. Onun dövlət tərəfindən hər cür qayğı ilə əhatələnməsi və göstərilən doğma münasibət bu sahədəki yeni yaradıcı ideya və təşəbbüslərin məhsuldarlığına imkanlar açmışdır. Elə bunun nəticəsində də sahibkarlıq şəbəkəsi muxtar respublikanın bütün rayon və kənd yerlərində özünü göstərmiş, ən ucqar dağ kəndlərində belə istehsal və sosial infrastruktur potensialı təmin edilmişdir. Aydın məsələdir ki, bu isə artan təlabatların qarşılanması, sosial məqsədlərin üstünlüyü və istehsalla təlabat arasındakı tarazlığın təmin edilməsi məsələlərində mühüm addımdır. Bütün bu kimi səmərəlilik göstəricilərinin açdığı imkanlar nəticəsində regionlarda kiçik həcmli təsərrüfatların yaradılması və onların fəaliyyətinin təşviqi tədbirləri uğurlu iqtisadi siyasətin ən bariz təzahürü kimi görünməkdədir. Qeyd etmək olar ki, hazırda muxtar respublikada bu tipli fərdi müəssisə və təsərrüfatların sayı 714-ə çatdırılmışdır. Təbii ki, bunlar muxtar respublikanın ölkənin milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da artırmış olur və onun məqsədyönlülüyünü təmin edir.
Naxçıvan Muxtar Respublikası göstərilən sosial-iqtisadi potensialla bir-birini əvəz edən illərin inkişaf dinamikasını təmin etməkdədir. Xüsusilə, son 22 ildə böyük Heydər Əliyev ideyaları əsasında keçdiyi böyük inkişaf yolu artıq muxtar respublikada əldə edilən uğurların əhatə dairəsini daha da genişləndirmişdir. Bu özünü sosial-iqtisadi inkişafla yanaşı, həm də mədəni və digər sahələrdə də göstərməkdədir.
Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası ölkə başçısının 2 iyun 2016-cı il tarixdə imzaladığı Sərəncamla 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. Bu muxtar respublikanın təbii, iqtisadi və coğrafi əhəmiyyətliliyi, xarici ticarət əlaqələrinin yüksək perspektivə söykənən inkişafı ilə yanaşı, bütövlükdə İslam coğrafiyası üçün böyük əhəmiyyətə malik olduğunu bir daha göstərir. Bu, eyni zaman da muxtar respublikanın, bütövlükdə Azərbaycan dövlətinin həyata keçirdiyi inkişaf tədbirlərinin, yaradıcı təşəbbüslərin təkcə region hüdudları ilə məhdudlaşmayıb, dünyəvi mahiyyətə malik olduğunu təsdiq etməkdədir. Eyni zamanda bu, dünya ölkələrinin iqtisadi böhran, siyasi və hərbi sarsıntılar içərisində olduğu bir zamanda ölkmizin doğru seçiminin və qətiyyətli addımlarının və onun uğurlu nəticələrinin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası müasir müstəqillik illərində Heydər Əliyev ideyalarına sadiq qalaraq iqtisadi, sosial, ictimai, siyasi və digər sahələrdəki proseslərin ən yüksək təminatı ilə həmin sahələrdə mədəniyyət təsisatlarını yaratmışdır. Artıq muxtar respublikada iqtisadiyyatın sahə strukturu İslam Mədəniyyətinin Paytaxtı sahəsindəki proseslərin düzgün istiqamətlənməsində dolğun potensial formalaşdırmışdır. Bütün fəaliyyət istehsal anlayışının davamlı xarakter daşımasına istiqamətlənməklə, qarşıya qoyulan məqsədlərin gerçəkləşməsi fonunda yüksək təminat qabiliyyətinə malik olmuşdur.
Qeyd edək ki, istehsalın stimullaşdırılması keyfiyyət və rəqabətə davamlılıq göstəriciləri ilə vəhdət təşkil edərək, Naxçıvan məhsullarının brendləşməsinə xidmət etmişdir. Bu mənada “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan ümumilikdə, 25-dən artıq çeşiddə meyvə quruları qablaşdırılmaqdadır ki, bu da İslam Mədəniyyətinin Paytaxtı tədbirləri çərçivəsində əlamətdar bir tədbir kimi qeyd edilə bilər. Həmin məhsullardan 9 çeşidinin üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosunun yer alması burada:
- yerli istehsalın və daxili təlabatın daim diqqətdə saxlanıldığını, eləcə də iqtisadiyyatın artan təminat qabiliyyətinin yüksəldilməsini göstərir;
- təşəkkül tapan istehsal potensialının həm də ölkə hüdudlarından kənarda tanıdılması və yer tutmasındakı üstünlükləri ifadə edir;
- idxalın məhdudlaşdırılmasına xidmət edərək, ixracyönlü məhsulların istehsalında yeni mərhələnin başladılmasına səbəb olacaq və s.
Bu proseslər eyni zamanda muxtar respublikada yeni və uğurlu təşəbbüslər fonunda turizm sektorunun davamlı inkişafına yol açacaq. Məhz məhsul çeşidlərinin qablaşdırılması zamanı “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosunun yer alması şəhərimizdə və daha geniş mənada muxtar respublikada olan bütün turistlər üçün geniş tanıtım imkanları təmin edəcəkdir. Digər tərəfdən, qablaşdırılan meyvə qurusu çeşidlərinə diqqət edərkən onların alma, şaftalı, gavalı, qovun və digər yüksəkkeyfiyyətli Naxçıvan meyvə-tərəvəzlərindən ibarət olduğunu görməkdəyik. Bu isə təbii ki, muxtar respublikada iqtisadiyyatın sahə strukturunun davamlı inkişafında, hətta ölkənin qeyri neft sektorunun perspektivliyinin təmin olunmasındakı hədəflərə doğru qətiyyətli addımların nəticəsidir. Həm də bu, kənd təsərrüfatı və sənayenin vəhdətindən ibarət mezoiqtisadi inkişafın təmin edilməsindəki nailiyyətlərin ifadə olunmasıdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası ölkəmizin makroiqtisadi nailiyyətlərinə ciddi töhfələr verməkdədir. Bu isə onun regional siyasətinin səmərəli təşkilində, beynəlxalq iqtisadi münasibətlərin etibarlı tərəfdaşı olmasında, uğurlu inteqrasiya proseslərində və bir çox strateji tədbirlərin həyata keçirilməsində çox əlamətdar olacaqdır.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !