30 il əvvəl Sumqayıtda... - - Qadir SULTANOV (+FOTOLAR)

30 il əvvəl Sumqayıtda... - Qadir SULTANOV (+FOTOLAR)

"Sumqayıtın tarixi" Muzeyinin müşavirə zalında 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı gənclər üçün geniş tədbir keçirilib

 

Şəhərin 10 N-li Peşə Litseyinin və Texniki Kollecin tələbələrinin iştirak etdiyi tədbirdə ilk olaraq Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Muzeyin kütləvi ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova 30 il əvvəl Sumqayıtda erməni təxribatçıları tərəfindən təşkil edilmiş kütləvi ixtişaşların və qəsdən törədilmiş qətllərin dünya ictimaiyyətində Azərbayacana, Sumqayıta qarşı nifrət yaratmaq məqsədilə əvvəlcədən planlaşdırılaraq, hadisələrin ssenarisinin Yerevanda, Moskvada hazırlandığını diqqətə çatdırmışdır.
10 N-li Peşə Litseyinin direktor müavini Tovuz Abdullayeva və Muzeyin elmi katibi Sənurə Lazımova 1988-ci il fevral hadisələri üçün ermənilərin niyə məhz Sumqayıtı seçmələrinə aydınlıq gətirərək, bunun təsadüfi edilmədiyini konkret faktlarla göstərmişlər.
1987-1990-cı illərdə "Vışka" qəzetinin həm Dağlıq Qarabağ, həm də Sumqayıt üzrə xüsusi müxbiri olaraq baş vermiş hadisələrin bilavasitə şahidi kimi çıxış edən Azərbaycanın Əməkdar jurnalisti Rəhman Orxan Sumqayıt hadisələrinə hazırlığın ermənilər tərəfindən çoxdan və diqqətlə planlaşdırıldığını, bu barədə hələ 1987-ci ilin dekabrında Dağlıq Qarabağın erməni rəhbəri Boris Kevorkovla görüşündə onun vilayətdə yaranmış vəziyyətdən narahat olduğunu, bu barədə SSRİ və Azərbaycan rəhbərliyinə vilayətdə Suriyadan göndərilmiş daşnak tör-töküntülərinin - erməni emissarlarının gizli ideoloji-təxribat işləri apardıqları barədə dəfələrlə məlumat verməsinə baxmayaraq, Moskva və Bakı tərəfindən heç bir tədbir görülmədiyinə təəssüflə danışdığını, hətta onun - B.Kevorkovun özünün "erməni xalqının düşməni" kimi öldürülmək təhlkəsi altında olduğu barədə məlumat vrermişdi.
Rəhman Orxan qeyd etmişdir ki, həmin illərdə Azərbaycan DTK-sı xalqımızın, respublikanın təhlükəsizliyini təmin etmək, erməni təxribatlarının qarşısını vaxtında və qətiyyətlə almaq əvəzinə öz işini DTK deyil, Daxili İşlər Nazirliyi səviyyəsində quraraq, sanki onun dublikatı kimi fəaliyyət göstərir, əsas funksiyasını müəyyən cinyətkar qruplaşmaları ələ keçirməklə bitmiş hesab edirdi, erməni emissarları və casusları isə Dağlıq Qarabağda at oynadır, hegemonluq edirdilər. Bunu hələ o zamanlar Azərbaycan DTK-sı da yaxşı bilirdi, respublikanın o vaxtkı qətiyyətsiz, bacarıqsız "rəhbəri", Kremlin "instruksiyasından" bir addım belə kənara çıxmağa cəsarəti çatmayan müti partiya funksioneri Kamran Bağırov da. Və bütün bunların nəticəsi isə bütün xalqımız üçün çox ağır oldu - Dağlıq Qarabağ da əldən getdi, əlavə olaraq 7 rayonumuz da. 25 mindən çox mərd, igid oğul-qızlarımız isə torpaq, Vətən uğrunda şəhid oldular, qurban getdilər. On minlərlə ailə gözü yaşlı, başsız qaldı. Ötən 30 illik böyük bir dövrdə isə bütün beynəlxalq səviyyəli danışıqlar heç bir səmərə vermir. Və çox təəssüf ki, əksər xristian dinli Avropa ölkələri gizli və həm də açıq şəkildə Azərbaycanı, haqqı-ədaləti yox, daşnak yuvası Ermənistanı, təcavüzkarı müdafiə edir və dəstəkləyir. Bugünün acı reallığı budur.
R.Orxan həmişə olduğu kimi "Sumqayıtın əks-sədası" ("Exo Sumqaita") filminin yaradıcıları - görkəmli Azərbaycan rejissoru Davud İmanovun və respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun, Sumqayıt Dövlət Universitetinin professorları Həsən Sadıxovun və Ramazan Məmmədovun Sumqayıt hadisələrinin diqqətlə öyrənilib-araşdırılması sahəsindəki xidmətlərindən söhbət açmmış, ölkə rəhbəri İlham Əliyevin beynəlxalq miqyaslı tədbirlərdə Qarabağ probleminin kökündə, ortaya atılmasında daşnak-faşist respublikasının Azərbaycana qarşı işğalçılıq siyasətinin durduğunu diqqətə çatdırdığını qeyd etmiş, gec-tez haqqın-ədalətin bərpa olunacağına xalqımızda böyük inam olduğunu, işğal edilmiş ərazilərimizin qaytarılacağına ümid edildiyini bildirmişdir.
O, tələbə-gənclərimizi hər yerdə, hər zaman erməni hiylələrinə qarşı ayıq-sayıq olmağa çağırdı.

 

Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Fotolar Elşən Tağıyevindir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !