Xüsusi təyinatlı casus Qriqoryan -

Xüsusi təyinatlı casus Qriqoryan

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar zamanı şəxsən 5 nəfəri qətlə yetirən, 8 qadını zorlayan E.Qriqoryan adi cani yox, bir neçə dövlətin və erməni diasporunun hazırladığı xüsusi təyinatlı casus idi.

 

 

Biz – bu gün ömrünün ixtiyar yaşına çatanların hamısı, Sumqayıt hadisələrinin, ümumiyyətlə, Azərbaycan tarixinin son yarım əsrində baş verən bütün soyqırımları, qanlı təxribatlar və gərgin təlatümlərin canlı şahidiyik. Hər birimizin o illərdə gördüyü və yadda saxladığı hadisələr, süjetlər, müxtəlif səhnələr zaman keçdikcə qiymətli tarixi faktlara, düşməni ittiham edən və özümüzə haqq qazandıran sənədlərə çevrilir. Gördüklərimizi, eşitdiklərimizi və bildiklərimizi yaddaşlardan vərəqə köçürüb ictimailəşdirdikcə mətbuatın müqəddəs missiyasını yerinə yetirmiş oluruq. Zamanın aynasında 30-40 il əvvəl mənasız görünən ən sıravi fakt belə aradan onilliklər keçdikdən sonra qiymətli sübuta, dəlilə çevrilə bilir.

 

 

Bu baxımdan məlum Sumqayıt hadisələrinin amansız və qəddar icraçısı Qriqoryanı “baş qəhrəman” kimi bir də nəzərdən keçirməklə yenidən gündəmə gətirmək zərurətə çevrilir. Onun amansız qatil, qəddar cani, hadisələrin bilavasitə iştirakçısı və rəhbəri olduğu şəksiz dəlillərlə sübut edilmiş, hökm verilmişdir. Lakin erməni mətbuatının illər boyu bu qatili təmizə çıxarmaq cəhdlərini nəzərə alsaq, hadisələrin 30 illiyi ərəfəsində bu mövzuya bir daha toxunmaq yerinə düşərdi.

 

 

Məlum iğtişaşlar zamanı ölkədəki psixoloji durumu xatırlasaq, öncə yada düşən respublikanın müti rəhbərlərindən tutmuş, sıravi vətəndaşınadək hamının şokda olması, özünü itirməsi idi. Necə oldu ki, bu hadisələr ildırım sürəti ilə baş verdi və qanunun aliliyi ilə onun qarşısını almaq mümkün olmadı? Bu sualların hamısına zaman ötdükcə cavab tapıldı.

 

 

Maraqlı deyilmi, Ermənistandan yüz minlərlə azərbaycanlı qovulanda susan, lal duran dünyanın aparıcı KİV-ləri Sumqayıt hadisələrində misilsiz operativlik nümayiş etdirdi, az qala canlı yayım sürəti ilə hadisələri qərəzli və birtərəfli işıqlandırdı. Aparıcı KİV-in aramsız yaylım atəşinə tutulan, ən ağır cinayətlərdə ittiham edilən günahsız bir xalq müharibə səviyyəsində aparılan informasiya hücumunun qarşısında aciz qalmışdı.

 

 

Qətlləri şəxsən törədən, iğtişaşlara rəhbərlik edən E.Qriqoryan kimi qatil isə respublikaya qarşı sürülən saysız ittihamların fonunda arxa plana keçdi, kölgə kimi əriyərək qeyb oldu. Onun şəxsən erməni əsilli 5 nəfəri qətlə yetirməsi, 8 qadını zorlaması, bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olması səhnə arxasında qaldı. Ona görə ki, əsas hədəf kimi tolerant bir xalq seçilmişdi və o da bütün istiqamətlərdən atəşə tutularaq qəddarlıqla qamçılanırdı.

 

 

Doğrudanmı, Qriqoryan Sumqayıt hadisələrində adi fiqurlardan, belə deyək, sıravi cinayətkarlardan biri idi və onun kimliyinin araşdırılması o qədər də önəmli deyil? Qarabağ hadisələrindən bir neçə il əvvəl Qorbaçovu üzük qaşı kimi əhatəyə alan erməni əsilli məsləhətçilərindən biri sayılan Aqambekyanın Parisdə “Humanite” qəzetindəki çıxışına qayıdaq. Qarabağın ermənilərə verilməsini dəstəkləyən bu məqalə artıq o demək idi ki, Daşnaksütyun dünyanın məşhur beyin mərkəzləri və dövlətləri ilə Azərbaycan torpaqlarının işğal edilməsinin yeni layihəsinin həyata keçirilməsinə razılıq əldə etmişdir. Əgər yüz il əvvəl planetimizdə yalnız müharibə başlayandan sonra strategiya işlənirdisə, XX əsrin sonunda vəziyyət tamamilə əksinə idi. Yəni, əvvəlcə yüzlərlə beyin mərkəzi münaqişə ocaqlarının və müharibələrin layihəsini cızır, strategiyasını işləyir, hədəflərini təyin edir, ictimai şüura təsir vasitələrini hazırlayır və ildırım sürəti ilə düşündüklərini reallaşdırırlar. Kütlə gözlənilməz fakt qarşısında qalır, hücuma məruz qalan ölkə nə baş verdiyini anlamaqda acizlik çəkir. Nəzərə alsaq ki, ermənilərin tarixən bütün aparıcı ölkələrin xüsusi xidmət orqanları ilə ciddi əməkdaşlıq təcrübəsi olub və bu iş birliyində xarici kəşfiyyat strukturlarının maraqlarını təmin etməklə yanaşı, “böyük Ermənistan” ideyasının reallaşması üçün həm pay, həm də dəstək ala biliblər. Bu barədə minlərlə fakt mövcuddur və onları sadalamağa ehtiyac da yoxdur.

 

 

 

Məhz bu amillər belə qənaətə gəlməyə əsas verir ki, Qriqoryan adi cani yox, erməni diasporu tərəfindən hadisələrdən bir neçə il əvvəl kəşfiyyatçı-terrorist, casusluğa cəlb edilən xüsusi agent kimi fəaliyyət göstərmişdir. O, hansı xüsusi keyfiyyətlərinə görə kəşfiyyata cəlb edilə bilərdi? Azərbaycan tərəfi onun xüsusi hazırlıq keçməsi barədə faktları ortaya qoyduqca, Ermənistan tərəfi daha israrla Qriqoryanı savadsız, az qala, əqli inkişafdan qalan yararsız bir cani olduğunu sübut etməyə çalışır. Hər iki tərəfin yanaşması qütblüdür və bir-birinə münasibətdə ziddiyyət təşkil edir. Biz onun erməni olduğunu deyirik, erməni mənbələri isə bunu hər vəchlə inkar edərək, qatilin atasının 1969-cu ildə öldüyünü və həbsə düşən 3 qardaşın nəzarətsiz böyüdüyünü qabardırlar. Erməni mətbuatı Qriqoryanın bu üzdən ermənilərə heç bir aidiyyəti olmadığını israr edir, əksinə, onun məhz ermənilərə nifrət etdiyini şişirdir, müxtəlif faktları öz xeyirlərinə təhrif və şərh edirlər. İğtişaşlar zamanı Qriqoryanın şəxsən qətlə yetirdiyi 5 nəfərin və zorladığı 8 qadının hamısının milliyyətcə erməni olması erməni tərəfinin əlində uğurlu kartdır. Amma nədənsə Qriqoryanın hədəfə aldığı qurbanların, hücum etdiyi evlərin hamısı “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməkdən imtina edən ermənilərin olduğu üzə çıxır. İstintaq sənədlərindən görünür ki, bu təşkilatlara mütəmadi pul köçürən ermənilər üçün hadisələr vaxtı heç bir təhlükə yaranmamışdı. Ermənilərin Qriqoryandan “imtina etməsi” və eyni zamanda, onun “erməni terrorçuları”na yardım etməkdən boyun qaçıran erməniləri hədəfə alması caninin xüsusi təyinatlı terrorçu-təxribatçı olmasını təsdiq edən sübutlardandır.

 

 

Bu məqamda Türkiyə hökumətində Daşnaksütyunun bu ölkəyə xəyanət etmək istəməyən, daşnaksütyunla əməkdaşlıqdan boyun qaçıran vəzifəli ermənilərin qətlə yetirilməsi yada düşür. Yəni, Qriqoryanın da “yaxşı erməni” ilə “pis erməni” arasındakı seçmə qətlləri, yüz il əvvəlki erməni daşnaklarının terror texnologiyasından məharətlə istifadə etməsi onu göstərir ki, bu adam həbsxanada, həm də azadlıqda erməni diasporunun terrorçu qanadı ilə sıx əlaqədə olub, ciddi hazırlıq keçib və mükəmməl terrorçu-təxribatçı kimi yetişib.

 

 

Erməni mənbələri qatilin anasının ifadələrinə istinad edərək onun ərinin qohumları ilə heç bir əlaqəsi olmadığını, hətta rus olduğu üçün ər tərəfinin qohumlarının xoşuna gəlmədiyini israr edirlər. İnana bilirsinizmi ki, həmişə ruslarla qohumluğa can atan, bununla öyünən ermənilərin birdən-birə üzü 180 dərəcə dönsün və bu qohumluğa nifrət etsinlər? Sən demə, hətta əri dünyasını dəyişəndə deyibmiş ki, qohumları bizə heç vaxt kömək etməyəcək. Uşaqlar da ata qohumlarına nifrət edibmiş. Görünür, erməni mətbuatı üçün bu gün də Qriqoryanın tarixi vətəni ilə heç bir əlaqəsinin olmamasının sübutu ölüm-dirim məsələsidir. Əslində, erməni mətbuatının bu səyləri bir daha təsdiq edir ki, Qriqoryanın Ermənistanla təsəvvür etdiyimizdən daha uzunmüddətli və sıx bağlılıqları mövcud olmuşdur. Şübhəsiz ki, Qriqoryan həqiqətən də xüsusi xidmət orqanlarının əməkdaşıdır.

 

Ümumdünya erməni diasporunun kəşfiyyatçı-terrorist qanadının, keçmiş SSRİ-nin TDK-si və Ermənistan xüsusi xidmət orqanlarının, Sumqayıt şəhərində birgə törətdiyi cinayətlərdən 30 il ötməsinə baxmayaraq bu gün də Qriqoryanı təmizə çıxarır, onu ümumiyyətlə, Sumqayıt hadisələrinin tarixindən silməyə çalışırlar. Hətta onun nə ermənilərə, nə də Ermənistana heç bir aidiyyəti olmadığını bəyan edirlər. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

 

 

Sumqayıt hadisələri Ermənistan xüsusi xidmət orqanlarının, erməni diasporunun bir neçə ilə dəqiqliklə hazırlayıb reallaşdırdığı ssenari idi. Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən də görünür ki, iğtişaşları idarə edən və istiqamətləndirən, nəzarətdə saxlayan “qara plaşlı” şəxslərin heç biri sumqayıtlı deyildi və onlar öz aralarında bəzən erməni dilində danışsalar da, ermənilərin əleyhinə təbliğatı Azərbaycan dilində aparırdılar. Camaata spirtli içkilər, güclü təsiredici psixotrop həblər, dəmir parçaları və s. paylayırdılar. Yəni, Qriqoryan qanlı ssenari üçün vacib olan bütün dəstəyi alırdı.
Ümumiyyətlə, Qriqoryanın xarakterini hansı tərəfdən araşdırsaq onun xüsusi hazırlıq keçən erməni casus-təxribatçı olmasını təsdiq edən çoxsaylı faktlarla üzləşirik. Zahiri görkəminə görə ermənidən daha çox digər millətlərə oxşayırdı, yaxınlarından başqa onu hamı ləzgi kimi tanıyırdı. Əslində, belə təqdimat da qatilin xüsusi təyinatlı agent olmasına dəlalət edirdi. Ona görə də hadisələr zamanı o heç kimdə şübhə doğurmadan kütlələri asanlıqla qanlı cinayətlərə sarı qızışdırdı və arxasınca apardı.

 

 

İstintaq prosesində Qriqoryanın hadisələrə rəhbərlik etməsi, dəstə üzvləri arasında xüsusi nüfuza malik olması, hamının onun qəzəbindən qorxması asanlıqla sübut edildi. O, məhkəmə iclaslarında çarpaz üzləşmələrdə üzünə duranları bir baxışı ilə susdura bilir, ifadələrini dəyişməyə asanlıqla məcbur edirdi. Digər təqsirləndirilən şəxslər ifadə verərkən gözlərini Qriqoryandan çəkmir, onun qəzəbli müdaxiləsi ilə üzləşməkdən çəkinirdilər. Qatilin üzü sərtləşən kimi ifadələrini tələsik dəyişirdilər. Bütün bunlar onun xüsusi psixoloji hazırlıq keçən agent olmasını təsdiq edən ciddi dəlillərdir.
Digərləri cinayətlərini səmimi etiraf etsə də, Qriqoryan bütün suallara cavab verərkən, az qala telepat, mahir şahmatçı kimi prokurorun əvvəlcədən fikrini oxuyur, ona veriləcək sualların nədən ibarət olacağını hiss edirdi. Ən çarpaz sualdan da asanlıqla yayına bilir və heç vaxt səhv buraxmırdı, ziyanına ifadə vermirdi. Onun heç vaxt heç bir suala anındaca cavab verməsini heç kim görmədi. Ciddi düşünür, beynində cavabı formalaşdırır, götür-qoy edir və yalnız sonra cavab verirdi. Bütün bunlar müttəhimlər kürsüsündə erməni mətbuatının yazdığı kimi kütbeyin, savadsız məktəblinin ifadələrindən daha çox peşəkar və uzunmüddətli hazırlıq keçən peşəkar casusun dirəşmələrini xatırladırdı. Niyə də dirənməsin ki? O, arxasında hansı qüvvələrin dayandığını və hansı səviyyələrdə müdafiə olunduğunu yaxşı bilirdi. İti ağıl, çevik intuitiv kəşfiyyatçı bacarıqları nümayiş etdirirdi. Hətta onu dindirənlər də yaxşı anlayırdılar ki, qarşılarındakı müttəhim adi qatil yox, uzun müddət xüsusi hazırlıq keçən xarici xidmət orqanlarının ən qiymətli agentlərindən biridir. Onun səviyyəsi, ağlı bütün cinayət məsuliyyətlərinə cəlb edilənlərin birlikdəki intellektual səviyyəsindən qat-qat üstün idi. Hələ əsgərlik illərində komandirlərini saymayan, əmrlərə itaət etməyən, hərbi hissədə özünü avtoritet və qeyri-qanuni nüfuz sahibi kimi aparan bu qatil bütün dindirilmələrdə, üzləşmələrdə bircə an belə ruhdan düşmür, sınmır, yeri gələndə isə hamını ələ salmağa çalışırdı. Qriqoryan şəksiz ki, bir neçə dövlətin xüsusi xidmət orqanlarında çalışan erməni əsilli yüksək rütbəli kəşfiyyatçılar tərəfindən idarə olunan lazımlı terrorçu-təxribatçı idi.

 

 

Bircə o faktı qeyd edək ki, keçmiş Sovet İttifaqının təhlükəsizlik xidmətində qulluq edən erməni əsilli generalların sayı 20-yə çatırdı. Bu rəqəmi yadınızda saxlayın və Qriqoryanın Azərbaycandan çıxarılması marşrutunu izləyin.

 

 

Əks-kəşfiyyatda “yükün çıxarılması” deyilən bir termin var. Bu xarici ölkədə hər hansı vacib adamın oğurlanması, ya da xüsusi tapşırığı yerinə yetirən kəşfiyyatçının əməliyyat başa çatan ölkədən təcili çıxarılması deməkdir. Əməliyyat uğursuz icra edildikdə bir qayda olaraq ölkənin ifşa edilməməsi üçün kəşfiyyatçı sadəcə, ləğv edilir. Qriqoryan isə heç kimin ağlına gəlməyən tərzdə qüsursuz əməliyyat həyata keçirmişdi. Buna görə də onu mövcud qanunvericiliyin əleyhinə olaraq, təcili olaraq Azərbaycandan Moskvaya aparırlar. Orada oxunan hökm isə qatili ölüm cəzasından xilas edir. 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Qriqoryan Ermənistana ötürülür.

 

 

Erməni mətbuatının Qriqoryanı ermənilərə nifrət edən biri kimi təqdim etmələrini nəzərə alsaq, belə düşünə bilərik ki, burada ona qarşı ya yeni ittiham irəli sürüləcək, ya da ki nə vaxtsa gecə yarısı yerində doğrayıb xəncərləyəcəklər. Amma Ermənistan qatilindən qisas almaq, onunla elə öz dilində danışmaq əvəzinə, gözlənilmədən onu azadlıqla mükafatlandırır!!! Bu, bir daha onu təsdiq edir ki, Qriqoryan həm Yerevan, həm də Moskva üçün vacib fiqur idi. Beləliklə, onun kəşfiyyatçı kimi xilas edilməsi, azadlığa buraxılması asanlıqla baş tutur. Qriqoryan isə tarixi vətənindəki xəfiyyə rəhbərlərinin əlindən azadlıq mükafatını aldıqdan sonra kabab çəkib kef içində yaşamaq üçün yenidən Rusiyanı seçir. Adi qatili ağır cinayətlərin məngənəsindən xilas etmək mümkün deyil, lakin E.Qriqoryan erməni terroru tarixində ən uğurlu qətllərin əvəzsiz müəllifi kimi cinayət törətdiyi şəhərdən çıxarıldı, azadlığa buraxıldı, haradasa Rusiyada eyş-işrətlə dolu sakit bir həyatla mükafatlandırıldı.

 

Bahadur İMANQULİYEV,
“Azərbaycan” qəzeti 01 mart 2018-ci il

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !