Şəhla Abbasovanın Yeddi gözəl adlı batika sərgisi - (+FOTOLAR)

Şəhla Abbasovanın “Yeddi gözəl” adlı batika sərgisi (+FOTOLAR)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə istedadlı rəssam Şəhla Abbasovanın böyük Azərbaycan şairi Nizami Gəncəvinin 7 gözəl poemasına həsr olunmuş batika əsərlərindən ibarət sərginin rəsmi açılış və sərgi kataloqunun təqdimat mərasimi keçiriləcəkdir. Tədbir 5 mart 2018-ci il, saat 17:00-da universitetin Sərgi salonunda baş tutacaqdır.
Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 95 illik yubileyi münasibətilə keçirilən sərgidə rəssamın poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının ipək parça üzərində təsvirləri nümayiş olunacaqdır. Tədbirin açılışında qonaqlara universitetin tələbələrinin iştirakı ilə ədəbii-bədii hissə təqdim olunacaqdır.
Sərgi 9 mart tarixinədək davam edəcəkdir.
Şəhla Abbasova 1977 – ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr (2010 – 2014), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsində (2015- 2017) təhsil alıb. Müxtəlif yerli və beynəlxalq sərgilərdə fəal iştrak edərək ölkəmizi təmsil edib, diplom və sertifikatlarla təltif olunub. Şəhla Abbasova eyni zamanda 2016-cı ildə Monteneqroda keçirilən “Dünya İncəsənət Oyunları” III Oyun və Ənənəvi Konfransda (3rd Games and Annual Conference “World Art Games”) təşkil olunan sərgidə iştirak edib əsəri kataloqda nəşr olunub və sertifikata layiq görülüb.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !