MARTLA ÇIXMAYAN DƏRD - - Əbülfət MƏDƏTOĞLU

MARTLA ÇIXMAYAN DƏRD - Əbülfət MƏDƏTOĞLU

Səhv etmirəmsə böyük Səməd Vurğunun fikridi. Xalq şairi söyləyir ki, "deyilən söz yadigardı". Bax, bu mənada mən tam əminəm ki, köklü, məna yüklü və bir də zamanında deyilən söz mütləq yaşayır və yaşayacaqdı. Ona görə də sözün nazını çəkmək, sözün yükünün altına çiyin vermək ağrısından qorxmaq lazım deyil. Bu qorxunu içimizdə doğulmamış öldürə bilsək qatil olmayacağıq. Əksinə, sözü yaşadacağıq, sözə ömür verəcəyik. Necə ki, atalar sözünə, müdriklər kəlamına ömür veririk, nəfəs veririk...

 

Dədələr söyləyib ki, "mart çıxdı, dərd çıxdı". Bunu o dədələr deyib ki, əkin-biçinlə, torpaqla nəfəs alıblar, evlərini, ailələrini, ətraflarını torpaqla yaşadıb, torpaqla bəhrələndiriblər. Və fəslin dəyişməsi anlamında yazın ilk soraqçısı olan, baharın gəlişini xəbər verən Novruza söykənib deyiblər ki, hə, deməli, əgər qışın kürəyini yerə vurduqsa, onda dərddən də qurtulduq. Təbii ki, bu, bir az məcazi mənada deyilmiş sözdü. Lakin onun qatlarında dərddən qurtulmaq var - xüsusilə kasıb zümrənin, kasıb təbəqənin. Axı, yaz gələndə özüylə çöl-çəmənə təkcə yaşıllıq yox, həm də kasıbların daha çox istifadə etdiyi müxtəlif bitkilər də gətirir. Yəni cincilim, quşəppəyi, gicitkən, əməköməci, dağkeşnişi, lala, əvəlik və digər göyərtilər də kasıbın süfrəsinə ayaq açır. Necə deyərlər, beləcə, qışın əritdiyi tədarük olunmuş ruzinin yerini yavaş-yavaş təbiətin kasıbın süfrəsinə göndərdiyi bu cür göyrətilər tutur. Və bununla da ərzaq fikrini başından atan kasıb bu fikirlə birlikdə dərdini də bir az uzaqlara yola salır. Deməli, bu məqam üçün söylənilmiş həmin o "mart çıxdı, dərd çıxdı" deyimi hardasa yerinə düşür. Və...
Hə, indi də mart ayıdı. Belə baxanda adam qışdan çıxdığını o qədər də hiss etmir. Çünki boz ayın gündə yeddi dəfə dəyişən sifəti hərdənbir sazaq, ayaz dalğasını keçirir üstümüzdən. Və sanki bununla qışın arxada qaldığını və yaxud da nə vaxtsa bizi öz ağuşuna aldığını pıçıldamaq istəyir. Amma düzünü deyim ki, bu pıçıltı o qədər də eşidilmir. Üstəlik, bu pıçıltının eşidilməsindən qara camaat, o cümlədən mən müəyyən mənada razı qalıram. Axı, qışın belə tələm-tələsik keçməsi bizim bir çox qayğılarımızı elə tələm-tələsik də yola verdi. İstilik, od-ocaq, şaxtalı, qarlı yollarda qalmaq, sürüşən avtomobillərdə yol getmək və s. problemlərdən bir göz qırpımında qurtula bildik. Bax, bu da martla birlikdə dərdin çıxmasının daha bir göstəricisidir. Deməli, atalar, babalar sözü elə-belə havaya deməyiblərmiş. Onlar dediklərinin çin olacağına həmişə inandıqları kimi, bu deyimdə də güvəniblərmiş. Necə ki, mən martla çıxmayan sevgi dərdinə güvənirəm! Elə bu güvənclə də yazıram ki:

 

Bir şirin xəyalın işığı altda
Çəkilib durmuşam otaq küncündə...
Bir sənsən üzümə gülüb həyatda -
Adımı göyərdən dodaq küncündə...


Özümə təsəli bilib bunları
Ürəyin əlindən tutub dururam...
Səni ağrılardan qorumaq üçün -
Canımdan çevrəndə qala qururam...


Bu da bir xoşbəxtlik, bu da bir yazı
Çevrəndə qalayam, yaxınam sənə...
Məcnundan bəxtliyəm bu yerdə azı -
Gözlərim tutunca baxıram sənə!..

 

***


İndi düşünəcəksiniz ki, biz kasıbçılığımızı birtəhər başa vurduğumuz, günü axşam etdiyimiz bir məqamda bu "mart" söhbəti hardan çıxdı? Axı, yerin də qulağı var. Bir də gördün ki, qış qayıtdı üzü geri. Təbii ki, belə hadisələr də olub... Çiçəkləri şaxta vurur, meyvənin qiyməti qalxır göyün yeddi qatına. Necə deyərlər, kasıbın bağı-bağatı barsız-bəhərsiz qalıb... Ona görə də bu məsələnin üstünə çox getmədən demək istəyirəm ki, Tanrının bəndələrə rəhm etməsi, onların ağrı-acısını azaltması ən gözəl mükafatdı. O mükafatın qarşılığı da elə Tanrının özünə sevgini, sayğını artırmaqdan keçir... Mən bir Allah bəndəsi kimi öz şükranlığımı heç vaxt gizlətməmişəm və hər dəfə də halımı soruşanlara cavabım belə olub ki, şükür bu günümüzə, Allah betərindən saxlasın!

 

Düşünə bilərsiniz ki, bu duada zamana bir itaət var. Yəni baş verənlərin hamısı mənim üçün eyni biçimdə, eyni mənada görünür və qəbul olunur. Necə deyərlər, bir manqrut yanaşması!.. Amma heç də belə deyil! Sadəcə olaraq mən sorğuya verdiyim cavabla kimsənin qəlbinə toxunmadan öz bildiyimi, öz yükümü çəkirəm. O yükün ölçüsü də, çəkisi də, lap elə mahiyyəti də Allaha, bir də özümə bəllidi. Təbii ki, bir də sənə. Bax, bu üçlüyün arasında olanları, baş verənləri ictimailəşdirmək, şaxələndirmək guya nəyi dəyişəcək ki? Onsuz da dəyirman öz işindədi, çax-çax da öz işində. Deməli, könül pıçıltılarının bütün çalarlarını öz rəngarəngliyiylə içində daşıyıb, içində də böyütmək və sonra da onun barını, bəhərini ömrünün nişanələri, tingləri kimi öz əhatəndə əkmək mənim həyat kredomdu. Və mən də bu kredonu dəyişmək niyyətində deyiləm!..

 

Bəli, bu günün özündə hər mənanı görmək, danmaq bir balaca diqqət istəyir. O diqqəti öz içində yaratmısansa, böyütmüsənsə, o səni mütləq gərəkli yerdə, gərəkli zamanda öz təsiri altına salacaq. Və yaxud da istiqamətləndirəcək. Baxacaqsan, görəcəksən ... və düşündüklərini gördüklərinə ya paralelliyini, ya ziddiyyətini ortaya çıxarıb sonuncu fikrə yetişə biləcəksən. Bu sonuncu fikir sonuncu dayanacaq deyil. Sadəcə, içində olduğun günün sonudu. Ona görə də bütün sonluqların uyğun olmasını diləyən bir insan kimi mən hər günün sonunda yaşadıqlarımın çəkisi altında büdrəmədiyimə sevinirəm, sürünmədiyimə görə Allahıma və Sənə öz dualarımı ünvanlayıram. Və bunun içərisində də doğulan misraların ovqatı da elə öz ovqatımın ifadəsi olur. Yəni yazdıqlarım yaşadıqlarımın misralanmış nümunəsinə çevrilir. Mən yazıram ki:


Məni ovut, ay gülüm,
Ovut, bir baxışınla...
Ruhumu isladacaq -
Təbəssüm yağışınla...


Ovut ki mən unudum
Varlığımı bir anlıq...
O bir anda devrilsin -
Həsrət adlı tiranlıq!


Ovut, əlim sevinsin
Əllərinin içində...
Baxışlarım dincəlsin -
Tellərinin içində!


Ovut, yanaqlarımdan
Duz axını periksin...
Gözlərimin dibində -
Ümid izi görünsün!..

 

***


Doğrudan da bu dünyanın qara daşının göyərməsi indi daha möcüzə sayılmır. Ona görə ki, daşların da başına oyunlar gəlir, oyunlar açılır. Təbii ki, bu zarafat deyil, bu, bir gerçəkdi. Axı elmi-texniki tərəqqi zamanını yaşayırıq. Kimya evimizin içinə gəlib girib. Bəzən informasiyalarda, hətta ekran və efirlərdə sintetik düyülərdən tutmuş yumurtalara qədər hər şeydən danışılır. Hələ o gün süni hazırlanan ətdən də söhbət etdilər. Əgər bütün bunlar edilirsə, bu dünyanın qara daşı niyə göyərməsin ki?!

 

Böyük şairlərin ruhu məni bağışlasın. Adam hərdən bu dünyanın niyə dağılmadığına mat qalır. Çünki Məmməd Araz demişkən, başının altına partlayıcı qoyulan dünya bütün bu partlayışlara sinə gərməklə dözüm nümayiş etdirsə də, ancaq öz ilkinliyini qoruyub saxlaya bilmir. Hər gün kökdən uzaqlaşma, hər gün ilkinlikdən ayrı düşmə halları açıq-aşkar özünü göstərir. Və biz də kəşflərə, ixtiralar, eksperimentlərə sadəcə boyun əyirik. Çünki özümüz də həmin eksperimentlərin ünvanıyıq. Elə bir ünvan ki, hətta üzərimizdə viruslar da sınaqdan keçirir. Bəzən hansısa bir peyvənd vasitəsilə yoluxdurulan virus sonra da başqa bir peyvənd vasitəsilə guya müalicə olunur. Əslində isə hər iki halda biz kimlərinsə kəşfinin "obyekti" oluruq sağlamlığımızı düşünmək imkanlarımızı itirə-itirə...

 

Bəli, insan Allahın yaratdığı ən kamil məxluq sayılır. Amma həyat göstərir ki, bu ən kamil məxluq həm də Yer üzünün ən qəddar, ən amansız cəlladıdı. Çünki o, özü yaratdığını özü də məhv edir. Özü öz kəşfləriylə özünə qənim kəsilir. Deməli, inkişafın sürəti dağıtmaq, viran qoymaq, cəhənnəmə çevirmək məqamlarını yaxınlaşdırır. Bax, bütün bunların içərisində təbii ki, işıqlı nöqtələrin olduğu danılmazdı. Sadəcə, bu işıqlı nöqtələri, işıqlı məqamları görmək onun işığından yararlanmaq hər kəsin borcu olarsa, daha doğrusu, hər kəs onu öz borcu kimi qəbul edərsə, onda bu dağılan dünyanın ömrü bir az uzanar. Və mən də, siz də, bütövlükdə bəşəriyyət də ağrı-acının yükü altında həmin o işığın istiqamətinə yön çevirərik. Gedərik işığa tərəf bacardığımız qədər, gücümüz yetənə kimi.

 

Əks halda, işıqdan qaçmaq, işığı görməmək qaranlığın qatlarını da artıracaq, təsir gücünü də. Onda mənim söylədiyim poetik fikirlər də heç nəyə yaramayacaq. Çünki...

 

Mən çırpıb tökürəm fikir yükümü
Kağız üzərinə, qələm üstünə...
Hər gün də gedirəm gözüyumulu -
Fərqinə varmadan ələm üstünə...


Qapını üzümə bağlayıb mənim
Ürəyim kökündən laxlayıb mənim...
Əlimi havada saxlayıb mənim -
Daş qoyur o mənim şələm üstünə...


İçimdə qarıyıb vüsala xiffət
Azalır, sozalır tükənir ülfət...
Nə də adam kimi ölmür Əbülfət -
Yığışıb dost kimi gələm üstünə...

 

Bütün yazı boyu mən içimdə əvvəldə söylədiyim mart məsələsini ütülü saxladım. Qoymadım ki, kefinə soğan doğransın, halı pozulsun. Ona görə ki, həmin o deyimlə müəyyən dərdlərin çıxdığına şübhə etmədiyimi birbaşa etirafda bulundum. Yəni söylədim ki, martın indiki ovqatı biz zümrənin hələki ürəyincədi. İnşallah, bu cür davam edərsə, yaz çiçəklərinin ətrini də duya biləcəyik. Özü də zamanından bir az tez... Ancaq bu yazının sonunda elə bir nöqtəyə toxunmaq istəyirəm ki, o nöqtəyə görə, məndən inciməyəcəksiniz. Axı, mart bütün dərdləri çıxarsa da, sevgi dərdini candan çıxarmır. Əksinə, onu bir az da alovlandırır. Necə deyərlər, qan qaynayır axı! Elə bu qaynayan qanın atəşli bir pıçıltısı da turşməzə bir şeirə çevrilir.

 

Dilimə bir dua dəlib
Qoy deyim dilim dincəlsin...
Bayram günlərim çoxlasın -
İş-gücdən ilim dincəlsin...


Qamçı vurub qəm atına
Qoyma hopsun qəm adına...
Bəm üz tutub bəm qatına -
Zildən en, zilim dincəlsin...


Necə tutum üz oymağa?!
Üz gərəkdi üz, soymağa!
Ayağına üz qoymağa -
Kimim var, kimim dincəlsin?!


Hə, bu da belə. Mart işin-gücün təbii ki, oymaqlarda, bölgələrdə çoxalmasından xəbər verən yazın ilk ayıdı. Bu ilk ayda iş-gücünüz ruzi-bərəkət naminə bol olsun! 

 

adalet.az