Bütün tənha adamlar - - Orxan Bahadırsoy (+VIDEO)

Bütün tənha adamlar - Orxan Bahadırsoy (+VIDEO)

Bütün tənha adamlar

 

Tanrıdan yoluxmuşuq
bu çarəsiz təkliyə.
Bir adam gözləyəsən,
o da gəlmək bilməyə...


Bu xain gecələrin
qırıq yelkəni ki var,
orda bir-bir boğulur
bütün tənha adamlar.


İçki sinə yandırır,
tütün boğaz göynədir.
Bir adamın içində
bu boyda səs-küy nədir?


Lap adama yük olur
saqqal ülgüc qıranda.
Siqaret islananda,
pivə də qıcqıranda.


Bir sığala göz dikən
saçların darxmağı
soruşar, hardan tapdın
bu dəli tənhalığı?


Pişiklərə atırsan
yemədiyin ətləri.
Sənə hirslənib hürür
məhəllənin itləri.


Dərmanlar kəsə bilmir
içindəki ağrını.
Bütün tənha adamlar
bağışlasın tanrını.

 

                                         

                                         ***

 

Bilmirəm

 

Bu vaxtda, bu vədədə
sən hardasan, bilmirəm.
Necəsən, nə təhərsən,
nə haldasan, bilmirəm.


Çöldə sənin havan var,
çöldə sən yoxsan axı.
Bax, burda da mən varam,
gəl də, sən yoxsan axı.


Hamı üzümə vurur
nə gündə olduğumu.
Gələn-gedən soruşur,
nə günə qaldığımı.


Bilmək istəsən əgər,
deyim ki, ay bəxtəvər,
sən gedən gündə qaldım,
sən gələn günə qaldım.


Bəs indi mən hardayam,
heç onu da bilmirəm.
Bircə bilirəm, səni
heç unuda bilmirəm.

 

                       

***

 

Biri varmış, biri yox

 

Daha məni tək qoyub
yatma, yuxusu şirin.
Sənə nağıl danışım,
yuxun ərşə çəkilsin.


Bütün nağıllar kimi,
biri varmış, biri yox...
Bir səfil adam varmış,
gözü kor, əlləri yox.


İçdiyi içkiləri
sinəsinə qusardı.
Bütün arzularını
divarlara yazardı.


Taleyindən sevinci,
sevgisi uzaq adam...
Qoluna burun silən
qocalmış uşaq adam...


Bu adam güzgülərə
baxmağa qorxan adam.
Çeşməsindən bulanmış
su kimi axan adam.


Soyuqlara donmadı,
çuxurlara dolmadı.
Arx gəzdi qovuşmağa,
nə etdisə, olmadı.


Yatağı daş səkilər...
nə taxtdı, nə divandı!
Dərdlərini çinləsən
günəşə nərdivandı.


Bir ömür yaşadı ki,
nağıldı da bu ömür.
Elə silkələdilər,
dağıldı da bu ömür.


Burda bitsin nağıl da:
biri varmış, biri yox...
Səndən başqa kimsənin
bu ömürdə yeri yox.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )