BSU-da İrsimizə atəş açmayın sənədli filmi nümayiş olunub - (+FOTOLAR)

BSU-da “İrsimizə atəş açmayın” sənədli filmi nümayiş olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı Slavyan Universitetində (BSU) 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq martın 30-da Əməkdar jurnalist, BSU-nun Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın” adlı sənədli filminin nümayişi olub.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “İrsimizə atəş açmayın” filmi nümayiş olunub.
Nümayişin ardından filmlə bağlı müzakirələr aparılıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva 100 il əvvəl 1918-ci ilin 31 martında soyqırıma məruz qalmış Azərbaycan xalqının acı xatirəsini dərin hüznlə yad edib. Nurlana Əliyeva bildirib ki, 1998-ci ildən etibarən 31 mart respublikamızda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Mart soyqırımının Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəvi hadisələrdən biri olduğunu deyən N.Əliyeva qeyd edib ki, soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Şəlalə Həsənovanın hazırladığı film barədə fikirlərini bölüşən Nurlana Əliyeva bildirib ki, filmin əsas gücü və təsiri burada öz əksini tapan təkzibolunmaz faktlardadır. N.Əliyeva filmdə dağıdılmış İrəvan məscidlərinin qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırıldığını, İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktını təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları ifşa olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, filmin müəllifi İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə, onların adını dəqiqləşdirmiş və ilk dəfə Yerevanın xəritəsində yerlərini aydın şəkildə göstərir.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışında erməni soyqırımı iddialarının yalan olması, erməni terror və silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlardan söz açıb. Yaddaşı güclü olan xalqın gələcəyi daha güclü olar şüarını səsləndirən Q.Paşayeva “İrsimizə atəş açmayın” filminin illər keçdikdən sonra tarixin yaddaşında əbədi olaraq qalacağını qeyd edib. Q.Paşayeva bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir!” fikrini xatırlayadan millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında virtual cəbhədə Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb. Nitqinin sonunda Qənirə Paşayeva deyib: “Erməni yalanlarının qarşısının alınmasının tək bir yolu var. Bu da birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır”.
Təhsil eksperti, professor Şahlar Əsgərov çıxışında Azərbaycan tarixi fənninin öyrənilməsinin gənclərin əsas vəzifəsi olduğunu dilə gətirib. O qeyd edib ki, tarix dərsliklərinin nəşri Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında müəlliflər kollektivi tərəfindən yazılmalıdır. Təhsil eksperti deyib ki, həmin kollektivə tarix üzrə ən yaxşı mütəxsəssislər, alim və tədqiqatçılar cəlb olunmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva üzünü gənclərə tutaraq onların informasiya cəbhəsində Azərbaycanın milli haqlarının qorunması, erməni yalanlarının ifşası istiqamətində daha fəal çalışmalarının vacibliyini bildirib. A.Sofiyeva özündən əvvəlki çıxışçıların sözlərinə qatılaraq gəncləri Azərbaycan tarixini dərindən öyrənməyə səsləyib.
“İrsimizə atəş açmayın” filmi ilə bağlı çıxış edən Şəlalə Həsənova qeyd edib ki, bu film azərbaycan, rus və alman dillərində sosial şəbəkələrdə yayımlanıb. Filmdə “Sülh Platformasının” prinsipləri əsas götürülüb. O vurğulayıb ki, bunlar Azərbaycan və Ermənistan arasında qarşıdurmanın aradan qaldırılması, düşmən obrazının məhv edilməsi, daxili sülh ehtiyatlarının axtarılmasıdır. Ş.Həsənova filmdə həm sülhə çağırış, həm İrəvansızlığın nostaljisi, həm təkzibolunmaz faktlar olduğunu diqqətə çatdırıb.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !