Şəxsi torpaqlara düşmüş tarix-mədəniyyət abidələrinin taleyi… -

Şəxsi torpaqlara düşmüş tarix-mədəniyyət abidələrinin taleyi…

Vətəndaşlara məxsus torpaq sahələrində, həyətlərdə yerləşən abidələrin dövlət mülkiyyətinə qaytarılması üçün prosedur qaydaları necədir?



Fariz Xəlilli: “Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir”


“Vətəndaş özündə məsuliyyət hiss etməli və həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir”

  

Tarix və mədəniyyət abidələri maddi-mədəni irsin vacib bir sahəsidir. Bu gün Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan maddi mədəniyyət abidələrinin qorunması, bərpası və mühafizəsi müvafiq qurum tərəfindən həyata keçirilir. Təəssüf ki, respublika ərazisində mövcud olan tarix-mədəniyyət, memarlıq abidələrinin heç də hamsısı dövlət qeydiyyatına alınmayıb.

 

Bu abidələr əsasən fərdi şəxslərə məxsus olan ərazilərdə, torpaq sahələrində, evlərin altında olduğu üçün, qeydiyyatdan kənarda qalıb. Biz özümüz də dəfələrlə həm rayonlarda, həm Bakıətrafı kəndlərdə şəxsi mülklərin, torpaq sahələrinin içində tarix-mədəniyyət abidələrini görmüşük. Bu faktı ekspertlər də təsdiqləyirlər. Onu da vurğulayaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda da, Azərbaycan Respublikası Konstitusiyasında da qeyd edilir ki, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur və tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

 

Qeyd etdiyimiz kimi, bəzi şəxslərə məxsus olan torpaq sahələrində olan abidələr var. Məlumdur ki, heç də bütün insanlar o abidələrin qorunmasında, bərpasında maraqlı deyil. Hətta bəzən o abidələrə müdaxilə edilməsi faktları ilə rastlaşırıq. Əlbəttə, şəxsi mülklərin, torpaq sahələrinin içində olan tarix-mədəniyyət, memarlıq abidələrinin hamısının dövlət tərəfindən qeydiyyata alınması vacibdir.

 

O abidələrin dövlət mülkiyyətinə qaytarılması üçün prosedur qaydaları mövcuddurmu? Ümumiyyətlə, vətəndaşlara aid olan sahələrdə yerləşən abidələrin qorunması və bərpası həyata keçirilə bilirmi?

 

“MİRAS” - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarixçi-etnoqraf, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, gündəmə gətirdiyimiz problem hazırda bütün mütəxəssisləri düşündürür. F.Xəlillinin sözlərinə görə, tarixi mədəniyyət abidələrinin qorunması, bərpası və s. bağlı bütün məqamlar “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb: “Bu qanunvericilikdə arxeoloji, tarix, mədəniyyət, memarlıq abidələrinin hansı şəkildə qorunmalı olduğu və istifadə qaydaları tam olaraq əksini tapıb. Vətəndaşlara məxsus həyətyanı sahəsində, torpaqlarda olan arxeoloji və memarlıq abidələri çoxdur. Vətəndaşlar bu abidələrə hədsiz həssas münasibət göstərməlidirlər. Ümumiyyətlə, bu məsələdə birinci vətəndaş məsuliyyəti olmalıdır. Ola bilsin ki, bir vətəndaşın həyətyanı sahəsində, bağında elmə məlum olmayan hansısa bir abidə üzə çıxarılıb, yaxud əvvəldən vətəndaşa belə bir abidənin olması məlumdur, lakin dövlət qeydiyyatına alınmayıb. Belə hallar da olur. Vətəndaş özündə məsuliyyət hiss etməli və həyətindən, bağından çıxan, yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir. Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Adından da göründüyü kimi, sözügedən məsələ ilə bu qurum məşğul olur. Vətəndaşın həyətində olan abidə dövlət qeydiyyatındadırsa, Dövlət Xidmətinin əməkdaşları vətəndaşla söhbət edir ki, həmin abidənin qorunmasına yardım göstərsinlər, yaxud ərazidə hər hansı bir qazıntı işləri apardıqda abidəyə zərər vurmasınlar. Bağında, həyətində abidə olan hər bir vətəndaş ərazidə hər hansı bir iş görmək istədikdə mütləq bu barədə Dövlət Xidmətinə məlumat verməlidir. Həyətyanı sahələrdə, torpaq sahələrində olan abidələri dövlət özününküləşdirənməz, vətəndaşdan ala bilməz. Dünyanın hər yerində belədir, həmin abidə vətəndaşın həyətində qalır, ancaq vətəndaşa orada hər hansı bir iş görmək üçün icazə verilmir. Vətəndaş ərazidə ağac əkmək istəsə, əkə bilər, ancaq ərazidə ev, yaxud əl damı tikə bilməz. Əgər bunu etmək istəyirsə, bu barədə dövlətə məlumat verməlidir ki, müvafiq dövlət qurumu əraziyə gəlib baxsın və onu qiymətləndirsin. Bu məsələdə hər şey yenə də vətəndaş məsuliyyəti üzərindədir. Dövlət o tikililərin hamısını ala bilməz. Dövlət o ərazilərdəki abidələri qeydiyyata almalıdır, onların mühafizə zolağını müəyyənləşdirməlidir. Vətəndaşa demək olmaz ki, sən bu ərazidən köç, əgər köçməsinə ehtiyac yaranarsa, o vətəndaşa dövlət tərəfindən kompensasiya ödənilməlidir”.

Müsahibimizin qeyd etdiyinə görə, bir sıra bölgələrimiz var ki, orada vətəndaşın həyətyanı sahəsində, bağında müxtəlif arxeoloji, memarlıq abidələri var. Onun sözlərinə görə, bu abidələrin qeydiyyata alınması zəruridir: “Mən şəxsən bir neçə elə yer tanıyıram. Məsələn, Şamaxıda vətəndaşlardan birinin həyətindən su ovdanı çıxıb. Bir sakin ev tikmək üçün özül qazmaq istəyərkən orada su ovdanının olduğunu görüb. 1994-cü ildən bu yana hələ də o vətəndaş həyətində heç bir iş görə bilmir. Onlar gözləyirlər ki, müvafiq qurumlar nə zaman Şamaxıya gələcək və burada tarixi abidələri öyrənəcək, qeydiyyata alacaq. Elə abidələr var ki, onları dövlət mülkiyyətinə keçirmək üçün vətəndaşı ərazidən köçürüb ona kompensasiya ödənilməlidir. Biz son zamanlar qəribə bir məqamla rastlaşmışıq. İnsanlar həyətlərində yerləşən abidələrdə qazıntı işləri aparmağa meyl göstərirlər. Daha doğrusu, onlar burada qazıntı işləri aparırlar. Vətəndaşlar həyətində, bağında olan tarixi-arxeoloji abidələri, nekropolu qazıb tarixi 2000, 2500-3000 il yaşı olan tarixi əşyaları, maddi mədəniyyət nümunələrini tapır və onları çıxarıb “qara bazaar”da satırlar. Onlar “qara bazar”a çox asanlıqla yol tapırlar. Təəssüf ki, belə xoşagəlməz tendensiya var. Bu yaxınlarda biz belə halla qarşılaşdıq, onu ictimailəşdirmədik, lakin onunla bağlı müvafiq orqanlara məlumat verdik. Vətəndaş “bu mənim həyətimdir, sahəmdir, evimdir” deyib belə şeylərə yol verə, ürəyi istəyəni edə bilməz. Bununla bağlı qanun var, qanunvericiliyin tələbləri var və bütün işlər də qanun çərçivəsində həyata keçirilməlidir. Bu təkcə fərdi şəxslərə, sadə vətəndaşlara aid deyil, bütün qurumlara da aiddir. Bəzi dövlət qurumları da var ki, tarix-mədəniyyət abidələrinə çox məsuliyyətsiz yanaşırlar, tarixi abidələrin yerləşdiyi, mövcud olduğu ərazilərdə iş görərkən abidələrə ziyan vururlar. Məsələn, su-kanalizasiya, işıq xətti, qaz xətti çəkilərkən, park salarkən məsuliyyətsizlik edib həmin sahəni buldozerlə kürüyürlər, bunun da nəticəsində orada olan abidələr yararsız hala düşür. Bu məsələdə ancaq vətəndaşın deyil, aidiyyəti və aidiyyəti olmayan dövlət qurumlarının da məsuliyyətlə davranması vacibdir. Çox təəssüf ki, bu kimi məsələlərdə elmi yanaşma və maarifçilik yoxdur. Vətəndaşların əksəriyyəti maddi mədəniyyət abidələrinə, mədəni irsə münasibət məsələsində hələ maariflənməyiblər. Hər kəs bilməlidir ki, onun həyətində, ərazisində olan tarixi mədəniyyət abidəsi, maddi irs nümunəsi ona yox, Azərbaycan xalqına, dövlətinə məxsusdur, onun sərvətidir. Heç kəsin maddi irsi talamağa, məhv etməyə ixtiyarı yoxdur. Dünya bu günlə bitmir ki, sabah da var. Hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün bu işlərin başında vətəndaş məsuliyyəti dayanır”.

İradə SARIYEVA 

baki-xeber.com

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !