Getsəm... - - Orxan Bahadırsoy

Getsəm... - Orxan Bahadırsoy

Getsəm...

 

Nə qədər yanındayam,
əlimdən möhkəm yapış.
Boynumdan, kürəyimdən,
belimdən möhkəm yapış.


Sev hər şeyə hirslənən
səbirsiz xislətimi.
Dırnağını çeynəyən
uşaq təbiətimi.


Bir döşəyə sığmayan
narahat yuxumu sev.
Hər nəfəs ciyərinə
çək, mənim qoxumu sev.


Sev tökülən saçımı,
dodağımın çatını.
Getsəm, ahın titrədər
göyün yeddi qatını.


Qoyma ki, çıxıb gedim,
getsəm, dəli olarsan.
Xarabaya çevrilər,
bayquşlara qalarsan.


Sarılarsan hər gecə
məndən qalan köynəyə.
Getsəm, sinən alışar,
ömrün-günün göynəyər.


Ətrafa dərd püskürər
hər sözün, hər şeirin.
Getsəm, ölərsən, amma
açıq qalar gözlərin...

 

 

 

                                                                                   ***

Adamam e, adamam...

 

Adamam e, adamam...
əlim var, ayağım var.
Baxma ki, yerimirəm,
sürünürəm, birdənəm.


Bu ilan taleyidir -
bir adama yazılıb.
Hər fəsil təzə dərdə
bürünürəm, birdənəm.


Adamam e, adamam...
sinəsi toz qoxulu.
Dilim ağzımda haça,
zəhərim yox sancmağa.


Bu elə taledir ki,
uçmaram, tullanmaram.
Beş addımlıq gücüm var,
o da sənə qaçmağa.


Adamam e, adamam...
mehriban, gülərüzəm.
Elə qayğıkeşəm ki,
dərd də dönür başıma.


Bu sürüngən taleyim
utandırdı hamını.
Vallah, yazığım gəlir
dostuma, qardaşıma.


Adamam e, adamam...
sən də məndən utanma.
İndi qonaq düşürəm
sənin qollarıngilə.


Bu ilan taleyini
birdəfəlik atıram.
Məni xoşüz qarşıla,
köçürəm son mənzilə.

 

                                                                                ***

Kişilər ağlayanda

 

Mən indi bildim nə var,
bu gözlərdən o yanda.
Necə məsum olurmuş
kişilər ağlayanda!?


Ürəyində bir yığın
xatirənin harayı...
Hər yeri ağlayırmış,
gözlərindən savayı!


Əlləri titrəyirmiş,
kirpikləri əsirmiş...
Vücudunu deyil də,
qəm ruhunu əzirmiş!


Şam kimi ərisə də
ürəyi yavaş-yavaş,
dilində hıçqırıq yox,
gözündə bir damla yaş.


Qəh-qəhələr varsa da
gülüşünün içində,
bir körpə ağlayırmış
hər kişinin içində!