Bu nə eşq sevdası, necə möcüzə - - Sona Vəliyeva

Bu nə eşq sevdası, necə möcüzə - Sona Vəliyeva

Bu nə eşq sevdası, necə möcüzə

 

Bu nə eşq sevdası, necə möcüzə,
Fəslinmi yubanıb, ağlınmı çaşıb?
Şirin sözə möhtac qadın kimisən,
İçin çiçəkləyib çölünə çıxıb.

 

Üzün bəxtəvərlik saçır beləcə,
Duanmı, tövbənmi çatıb göylərə?
Ya dərviş payısan, ya haqq qisməti,
Ya da çiçək dolu şeytansan elə.

 

Payız xəzanından qorxmayıb belə,
Bu çiçək ömrünə hayandan gəldi?
(Ey bulud bacılar, şimşək qardaşlar,)
İçimə bir ulduz sevda göndərin.

 

Görüm ağac kimi çiçəklərəmmi?
Mən ağac dilində çiçəkləməsəm
Bunun günahını soruşaq kimdən?
İçimdə çağlayan dərddir, ilahi,
Hər gecə ruhumu məhşərə çəkən.

 

Ömrün nə məqamı, ilin nə vaxtı,
Bu alma qisməti necə gözləyək?
Saçından asılan gözəlsə ömür,
(Ağacın verdiyi qalsın o yana)
Alma göydən düşsə nəyimə gərək?

 

Hər şeyin yeri var vaxt axarında
Gəlmişəm ömrünə dumanın, çənin.
Bəlkə də nənəmin nağıllarında
Sən göydən düşməyə payımsan mənim.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)