KİMDİR BU ÖZBAŞINALIĞI EDƏN? - - Rəhman Orxan (+FOTOLAR)

KİMDİR BU ÖZBAŞINALIĞI EDƏN? - Rəhman Orxan (+FOTOLAR)

 

KİMDİR BU ÖZBAŞINALIĞI EDƏN?

 

SUMQAYITDA YAŞILLIQ ARTIRILIR, ANCAQ....

kimlərsə hərdən girəvə tapıb, sumqayıtlıların sağlamlığına, şəhərin ekologiyasına ziyan vurmağa cəhd göstərir

Bu, danılmaz bir faktdır ki, Sumqayıtda son iki ildə həm abadlıq-quruculuq işlərinə, həm də yaşıllığa diqqət xeyli artırılıb. Bütün məhəllə və mikrorayonlarda, küçələr boyunca minlərlə ağac, bəzək kolları, güllər əkilir, onlara daim qayğı göstərilir. Yaşıllığı ilə hər zaman göz oxşayan şəhər indi öz "yaşıl çətirini" daha da genişləndirib. Sumqayıtın girəcəyindən tutmuş bütün yollar, küçələr boyu yeni əkilmiş çinar, şam-küknar ağacları, həmçinin yaşıl palmalar, digər ekzotik gözəllikli ağaclar şəhərin yaraşığını daha da artırmışdır. Sumqayıtlılar onların sağlamlığına bir diqqət nümunəsi olan "yaşıllıq qayğısına" görə onu bəxş edənlərə minnətdar olmaqla yanaşı, özləri də yaşıllığın artırılmasına, qorunmasına böyük səy göstərirlər. Axı, bu, təkcə onların özləri üçün yox, həm də bugünkü və gələcək nəsil üçün olduqca vacibdir. Lakin...

Təəssüf ki, bəziləri şəhər rəhbərliyinin apardığı genişmiqyaslı işlərə zidd olan hərəkətlərə yol verərək, haqlı narazılığa səbəb olurlar. Bugünlərdə şəhərdə görülən böyük quruculuq-abadlıq, yaşıllaşdırma işlərinin əksinə olan xoşagəlməz bir hadisənin, acınacaqlı bir faktın şahidi oldum. Belə ki, qaçqın-köçkün qardaş-bacılarımızın sığındığı keçmiş "Kimyaşı" sanatoriyasının arxa hissəsində ("Simurq" şadlıq sarayının yaxınlığında, qarşı tərəfində) hansısa bir "çox işgüzar" adam 40-50 illik neçə-neçə şam-küknar ağaclarını yerli-dibli kəsərək, "təmizlədiyi" sahədə özü üçün yeni bir "obyektin" özülünü qoyub. Artıq bünövrəsini atdığı "biznes mərkəzi"nin yerində və ətrafında kəsilmiş ağacların çoxusunun "izi-tozu" da qalmayıb. Ancaq şəkillərdən də göründüyü kimi, ətrafda daha üç qollu-budaqlı ağacın "boynu" lap təzəcə vurulub. Başqa bir tərəfdə isə daha əvvəl kəsilmiş ağacın kötüyünün başının "külləndiyi" görünür (guya ki, köhnədən kəsilib).

Acınacaqlıdır ki, bu bəd əməli törədib, şəhərin ekologiyasına ziyan vuran kimdirsə, ağacların kəsilməsini və orda hansısa tikinti işi aparılmasını taleləri onsuz da nakam olan bədbəxt qaçqın-köçkün həmvətənlərimizin adıyla bağlamaq, özünü bu cür "sığortalamaq" istəyir. Ancaq vaxtilə torpağı, bağ-bağatları əldən getmiş, doğma yurd həsrəti hələ də köksünü qarsıladan hansı didərgimizin əli qalxardı o iri-iri, 40-50 illik ağaclara? Və onların hansı birinin maddi imkanı var və cəsarəti çatar ki, kimsədən çəkinmədən, həyasızcasına neçə-neçə ağacı qırıb, yerində özü üçün bir daxma, ya bir dükan-zad tiksin? O şəxs kimdirsə, soruşmaq lazımdır ki, ay zalım, o 40-50 illik ağacları sən əkmişdin ki, onları yerli-dibli yox eləmisən?

Əslində həmin ağacların qırılması ilə ikiqat-üçqat cinayət törədilib: o adam köklü-budaqlı neçə-neçə ağacı icazəsiz-filansız kəsib-doğrayıb (bu -bir!), şəhərin ekologiyasına ciddi ziyan vurub (bu - iki!), sumqayıtlılara xəyanət edib (bu da üç!). Ən böyük cinayəti, xəyanəti isə öz bəd əməlini bu işdə heç bir günahı, əli olmayan didərginlərlə bağlamağa cəhd etməsidir. Ona görə də həmin adam tapılıb, ifşa edilməli, şəhərimizin təbiətinə vurduğu ziyana görə çox ciddi, yüksək məbləğdə cərimələnməli, didərginlərimizin adından sui-istifadə etdiyinə, onlara mənəvi ləkə vurduğuna görə əlavə təzminat ödəməli, məhkəmə məsuliyyətinə cəlb edilməlidir ki, ona da və digər bu cür özbaşınalıq etmək fikrində olanlara da "dərs" olsun!

Bu məqamda ulu öndər Heydər Əliyevin yaşıllıqla, ağacların qırılması ilə bağlı dediyi təsirli sözləri də unutmaq lazım deyil. O böyük şəxsiyyət ürək ağrısı ilə deyirdi ki, "hər ağac, hər budaq kəsiləndə elə bil mənim qollarımı kəsirlər". Bax, məhz bu fikri nəzərə alıb, günahkar kimdirsə, onu aşkar edib, layiq olduğu cəzanı vermək lazımdır! Hökmən, heç bir güzəşt etmədən! Sumqayıt şəhər rəhbərliyinin apardığı geniş yaşıllaşdırma tədbirləri fonunda belə bir əməl törədən adam cəzasız qalmamalıdır - kimliyindən, vəzifəsindən asılı olmayaraq!

P.S. Bu xoşagəlməz faktla bağlı Sumqayıtın müvafiq struktur rəhbərlərinin fikrini öyrənmək istədikdə birmənalı olaraq bildirildi ki, bu özbaşınalıq şəhərdə heç bir instansiya üzrə razılıq alınmadan törədilib.