Yarış iştirakçıları Raquf Orucovun məzarını ziyarət ediblər - (+FOTOLAR)

Yarış iştirakçıları Raquf Orucovun məzarını ziyarət ediblər (+FOTOLAR)

Sabah Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri keçiriləcəkdir. “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirdə yaşı 21-dək (U-21) oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər.
Aprelin 18-də yarışın təşkilatçıları və iştirakçıları Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanına gedərək Raquf Orucovun və digər şəhidlərin məzarını ziyarət ediblər. Ziyayətçilər arasında Azərbaycanın idman ictimaiyyətinin tanınmış nümayəndələri, şəhid zabitin siladaşları, Qarabağ müharibəsi veteranları, ziyalılar, qeyri-hökumət təşkilatlarının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təmsilçiləri də olublar.
“Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") turnirinin təşkilatçıları adından şəhidin məzarı üstünə əklil qoyulub, qərənfillər düzülüb.
Ziyarətçilərdən bir neçə nəfəri çıxış edərək, Raquf Orucovun və digər şəhidlərin göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağını, onların şücaətinin gənclərimiz üçün nümunə olduğunu bildiriblər.
Şəhid zabitin qardaşı Zabil Orucov ənənəvi “Raquf Orucov Kuboku” turnirinin təşkilatçılarına göstərdikləri diqqət və ehtirama görə təşəkkürünü bildirib.
Xatırladaq ki, ikinci “Raquf Orucov Kuboku” turnirində Bakı şəhərini və bölgələimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandaları iştirak edəcəklər.
Yarışlara səhər saat 10.00-da start veriləcəkdir. Turnirin rəsmi açılış mərasimi saat 17.00-da olacaq, sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcəkdir. Turnirin rəsmi informasiya dəstəkçisi CBS TV və “Asan-Radio”dur. Turnirin rəsmi açılışı və final görüşləri CBC-sport kanalında yayımlanacaq, yarışlar haqqında operativ məlumatlar “Asan-Radio”da səsləndiriləcəkdir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !