ŞƏN VƏ CAZİBƏLİ TAMAŞA -

ŞƏN VƏ CAZİBƏLİ TAMAŞA

Çox qədim tarixi olan sehrli çıraq sahibi Ələddin barədə dünyada, o cümlədən
Azərbaycanda da müxtəlif janrlı tamaşalar hazırlamışlar. Neçə-neçə bədii film
çəkilib. Geniş kütləyə göstərilən tamaşalarda süjetlər müxtəlif olub, hadisələr
müəyyən mənada fərqli xarakter daşıyıb və hər biri də uşaqlar, yeniyetmələr üçün
xüsusi tərbiyəvi əhəmiyyət daşıyıb. Sevimli nağıl qəhrəmanı haqqında müzikl
tamaşası isə Azərbaycanda ilk dəfə yaranıb. Həmin tamaşanın da motivlərinin
əsasını Şərq nağılının süjeti təşkil edir.
“Ələddin” tamaşasında sevgi və nifrət, dostluq və xəyanət, səmimiyyət və
riyakarlıq, cəsarət və qorxaqlıq kimi təzadlı duyğuların mübarizəsi poetik
zərifliklə, dramatik hadisələr burulğanında təsvir olunub. Maraqla qarşılanmış
tamaşanın redktoru Leyla Qədirzadə, quruluşçu rejissoru İnarə Babayeva, musiqi
redaktoru Emin Həsənov, rəssamı Fərid Nəcəfli, xormeysteri Şəhla Ələkbərova,
baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır. Yaraddıcı heyət zövqlə
işləmiş, tamaşaya maraqlı musiqi obrazı tapmış, bütöv kompoziziyalı dramatik
səhnə əsəri hasilə gətirə bilmişlər. Quruluşçu rejissorun dəqiq, ifadəli və səmərəli
işini xüsusi qeyd etmək lazımdır. İnarə Babayeva tamaşaya cazibəli kompozisiya
tapmış, hadisələrə dinamik canlılıq vermiş, aktyorlarla yaradıcılıqla işləmişdir.
Onun tamaşa üçün müəyyənləşdirdi janr və ritm mövzu ilə həmahəng səslənir.
Azərbaycan televiziyası “Mədəniyyət” kanalı müzikl tamaşasının
hazırlanmasına böyük dəstək verib. Arzu edirik ki, bir sıra maraqlı layihələrin
reallaşmasında dəstək verən, iştirak edən və tamaşaçıların rəğbətini qazanmış kanal
yeni-yeni xeyirxah işləri ilə öz pərəstişkarlarını daha da sevindirsin.
Tamaşanın maraqlı cəhətlərindən biri də odur ki, yaradıcı heyət nağıl süjeti,
Cin kimi xəyali, əfsanəvi obraz əsasında müasir dövrümüz üçün maraqlı olan
səhnə əsəri hasilə gətirə bilmişlər. Forma və məzmun, fikir və ideya baxımından
tamaşada güclü realizm çalarları var. Ən əsası isə odur ki, tamaşa pak sevgininin                            ülviyyətini, yenilməzliyi, gənclərin etibarını, mənəvi-əxlaqi dəyərlərini tərənnüm edir.

“Ələddin” tamaşasında rolları Zamiq Hüseynov (Ələddin), Sevda Yəhyayeva
və Emiliya Yaqubova (Yasəmən), Hüseyn Abdullayev (Cin), Ələkbər Əliyev
(Sultan), Hüseyn Əlili (Cəfər), Tofiq Hacıyev (Yaqo), Nicat Əli (Rəsul) ifa edirlər.
Gənc aktyor və müğənnilərdən ibarət olan iştirakçıların ifa tərzi müzikl janrının
estetik prinsiplərinə uyğundur. Ayrılıqda hər ifaçının zərif plastikası, səhnə
sərbəstliyi və musiqinin hadisələrlə bağlı dəyişkən ritmini həssaslıqla tutması
tamaşanın səmimi anasambl bütövlüyünü təmin edib. Aktyor kimi ilk çıxışı olan
ifaçıların da oyunlarında səmimi cazibədarlıq var.
Tamaşada müxtəlif dramatik xəttlər mövcuddur. Onların hamısı əsas ideya,
ana xətt ilə bağlıdır. Ələddin və Cin səhnələrində etnoqrafiq dəqiqlik nağılvari
epikliklə təcəssüm tapıb. Məhəbbət xəttinin daşıyıcıları Ələddin və Yasəmən
xətində həm dramatik, həm psixoloji, həm də poetik lirizm var və hər iki ifaçı bu
dəyişməni inandırıcı reallıqla tamaşaçılara çatdırırlar. “Ələddin”in kəskin dramatik
hadisələri əsasən yüz fitnə-fəsadla Yasəmənlə evlənmək istəyən riyakar baş vəzir
Cəfərlə bağlıdır. Hüseyn Əlili obrazın daxili eybəcərliyini, riyakarlığını inandırıcı
boyalarla göstərir. Onunla olan səhnələrdə Zamiq Hüseynov (Ələddin) da daha çox
dramatik-psixoloji ifadə vasitələrindən istifadə edib. Yasəmənin ifaçıları həziz və
kövrək lirizmə üstünlük veriblər. Onların duetləri tamaşanın gərgin psixologizminə
xüsusi canlılıq verir. Ələddin və Yasəmənin münasibətlərini təcəssüm etdirən
musiqi obrazı xarakterik səciyyəsi ilə diqqəti cəlb edir.
Müzikldə müuyyən dramatik faciə notları da var. Həmin xüsusiyyət Cəfərin
sehrli lampanı ələ keçirməsi, özünü sultan elan etməsi və müxtəlif rəzilliklə
Yasəmənə sahib olmaq istəməsi ilə bağlı hadisələrdə üzə çıxır. Rejissor və musiqi
redaktoru, eləcə də ifaçı aktyorlar dramatik faciə notlarını müzikl janrının janr və
poetika səciyyələri ilə təcəssüm etdiriblər.
“Ələddin” tmaşasında qəhrəman da yalnız bir bədii xüsusiyyətlə təsvir
edilməyib. Tamaşa boyu müxtəlif dramatık, psixoloji, hətta komik vəziyyətlərə                                  düşən Ələddinin xarakter dəyişməsi inandırıcıdır. Hadisələr finala doğru inkişaf
etdikcə Ələddin yeniyetməlikdən gənclik dövrünə adlayan fərd kimi formalaşır,
mənəvi-əxlaqi dəyərləri daha da güclənir.
Maraqla qarşılanan “Ələddin” müzikli fikir dərinliyi, didaktik mahiyyəti,
musiqinin hadisələrlə bağlı dramatik-psixoloji dəyişməsi və obraz kimi bütövlüyü
diqqəti cəlb edir. Xoş sonluqlu, ülvi duyğuların təntənəsi ilə bitən “Ələddin”
tamaşasının səhnə tərtibatında, musiqi ritminda ecazkar ifadəlilik könül oxşayir.
Arzu edərdik ki, uşaqların, yeniyetmə və gənclərin maraq göstərdikləri, onların
dünya görüşlərinin, musiqi zövqlərinin, incəsənət maraqlarının formalaşmasında
əhəmiyyətli rol oynayan “Əlddin” kimi müzikl tamaşaları tez-tez səhnə həyatı
qazansın.


İ.Əzizoğlu,
sənətşünas 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)