Hökumət daxilində düşmən dəyirmanına su tökənlər kimlərdir? - Faiq İsmayılov

Azərbaycanın son illər çoxsahəli inkişafı, müasir orta məktəblərin, uşaq baxçalarının və sənaye müəsisələrinin tikilib istifadəyə verilməsi Hökumətin xalqımıza qayğısının əyani göstəricisidir. Ölkənin inkişafı üçün bütün mümkün şəraitin yaradılmasını, müdafiə sənayesinin gücləndirilməsi hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.


Lakin ölkənin bu yüksəlişi, Azərbaycan Dövlətçiliyini həzm edə bilməyən bəzi siyasi qüvvələri (həm ölkə daxilində və həm də ölkə xaricində) qane etmir. Onlar bu və ya digər formada Azərbaycan Dövlətçiliyini gözdən salmağa, ölkənin siyasi və ictimai xadimlərini, tanınmış ziyalıları ləkələmək üçün özlərinin fəaliyyət sistemlərini yaradaraq hər an hücum etməyə fürsət gözləyirlər. Bunu biz Azərbaycan Prezidenti seçkiləri öncəsi və sonrası əyani şahidi olduq.


Odur ki ərazisinin 20%-i işğal altında olan bir ölkənin düçar olduğu bəlalar barədə həqiqətləri təbliğ etmək üçün güclü elmi metodiki baza və yüksək səviyyəli əyani təşviqat materialları hazırlanmalıdır. Dövlət strukturuna aid olan bütün təşkilatların saytlarına ciddi nəzarət edilməlidir. Ona görə ki, həm ölkə daxilində və həm də ölkə xaricində etibarlı mənbə kimi daha çox bu saytlara istinad edilir.


Lakin son illər dövlət strukturlarının saytlarında heç bir əsası olmayan, həqiqəti əks etdirməyən məlumatların yer alması bizdə ciddi narahatlıq yaradır. Azərbaycanın rəsmi saytlarından dezinformasiyanın yayılması, bizim iddia etdiyimiz Azərbaycan həqiqətlərini Beynəlxalq rəydə şübhə altına alır.


Beləki, istənilən bir rayonun saytına giririk, deyək ki Laçın rayonu http://www.lachin-ih.gov.az/page/43.html“işğal olunmuş ərazilər” düyməsini basırıq. Burada Ermənistanın hərbi təcavüzü ilə bağlı uzun bir siyahı görürük. Bu siyahının “Dğıntılar və ziyanlar (1988-1993-cü illər)” bölməsində həqiqətə uyğun olmayan epizodlarla rastlaşırıq. Məsələn:


DAGINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)


Məbədlər 44


Məscidlər 9


Tarixi abidələr, saraylar və muzeylər 473


Muzey eksponatları 40 000


Körpülər 160


Burada ilk diqqətimizi çəkən məbədlər və məscidlər ifadəsidir. Nədən məbədlər və məscidlər tarix və mədəniyyət abidələri qrafasında yer almadığı sual doğurur. Məbəd dedikdə hansı tip memarlıq abidələrinin nəzərdə tutulduğu məlum deyildir, bundan əlavə məbədlərin sayının nədən (?) 44 olduğu və ya hansı mənbədən istifadə edildiyi qeyd olunmur.


Məscidlərin sayı 9 rəqəmi ilə ifadə olunur. Halbuku bütün elmi ədəbiyyatlarda təkcə Şuşa şəhərində 17 məhəllə məscidinin olduğu göstərilir. O cümlədən Ağdamda 3, Qubadlıda 2, Füzulidə 9, Cəbraylda 31(onlardan 16-sı uyğunlaşdırılmış məscid olub), Laçında 2, Zəngilanda 8 və Kəlbəcərdə 2 məscid olub. Ümumilikdə bunların cəmi edir 74. Bir o qədər də pirlərimiz, inanc yerlərimiz və digər ziyəratgahlarımız var ki onlar bu siyahıda yer almayıblar. O, zaman saytların aid olduğu icra strukturlarından soruşmaq lazımdır: Niyə?


Dini İşlər üzrə Dövlət Komitəsinin sənədlərində İşğal Olkunmuş ərazilərdə qalan məscidlərin sayı 67 göstərilir. Əgər belədirsə bəs onda Rayon İcra Hakimiyyətləri öz saytlarında işğal altındakı məscidlərimizin sayını niyə 7-8 dəfə azaldırlar? Bəlkə bu ərazilərə xristian əraziləri damğası vurmaq, erməni iddialarına haqq qazandırmaq üçün, islam dini abidələri və ziyərətgahlarımız bilərəkdən təhrif edilərək az göstərilir?


Tarixi abidələr, saraylar və muzeylər adlı qrafa yaradılıb. Yaradıln bu qrafada abidələrin sayı muzeylərdə daxil olmaqla 473 göstərilib. Bu da kökündən yanlışdır. Əgər abidələr kateqoriyalar üzrə göstərilsəydi o zaman; tarixi abidələr, memarlıq abidələri, incəsənət abidələri və arxeoloji abidələr bölmələri yaranardı və Muzeylər ayrıca göstərilərdi, məbəd, məscid, saray ifadələrinin işlədilməsinə lüzum qalmazdı.


Bu qrafada da abidələrin sayı təhrif edilərək olduğundan az göstərilmişdir. Beləki, 879-u rəsmi Dövlət qeydiyyatında olan və 1651-i dövlət qeydiyyatında olmayan cəmi 2550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır (Hələ erməni mütəxəsislərin iddialarına görə Qarabağ və ətraf ərazilərdəki abidələrin sayı 4500-5000-dir. Bu istiqamətdə araşdırmalarımız davam edir). Dövlət qeydiyyatında olan abidələrdən: 623-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətli abidələrdir. Məlumdur ki müstəqillik dövru işğal altındakı ərazilərimizdə abidələrin qeydiyyatı aparılmayıb. Bəs onda bu abidələrin saylarının rəsmi saytlarda azaldılaraq 473 göstərilməsi kimin mənafeyinə xidmət edir? Axı Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildə çap etdiyi katoloqda işğal altındakı ərazilərdə qalan abidələrin sayı göstərilən rəqəmdən azı iki dəfə çox yəni 900-ə yaxındır.


İşğal altında qalan ərazilərimizdəki muzeylərin sayı 23, şəkil qalareyalarının sayı 4-dür. Bu muzey və qalareyalarda 100 mindən çox eksponat qorunurdu. Halbuki İH-nın saytlarında muzey eksponatlarının sayı 40 min göstərilir. Təkcə onu demək kifayətdir ki Kəlbəcər və Xankəndi Tarix və Diyarşunaslıq Muzeylərinin hər birində 30 min eksponat olub. Digər rayonların xatirə muzeylərində 300-500, tarix və diyarşunaslıq muzeylərinin hər birində 5000, şəkil qalareyalarında isə 50-150 eksponat olduğu halda, onların saylarının azaldılaraq 40 000 göstərilməsi nə məqsəd daşıyır?


Saytlarda Körpülərin də ayrı bir kateqoriya kimi verilməsi də maraq doğurur. Bunun hansı zərurətdən irəli gəldiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, təkcə Laçın rayonunu ərazisində müasir və tarixi körpülərin sayı 92-dir. Ümumilikdə İşğal altındakı ərazilərimizdə tarixi əhəmiyyətli körpülərin sayı 300-ə və müasir körpülərin sayları isə 500-ə yaxındır. İşğal altında qalan ərazilərdə qalan körpülərin sayının 160 rəqəmi ilə ifadə olunması, dezinformasiyadan başqa bir şey deyildir.
Rayon İcra Hakimiyyətlərinin saytlarında Azərbaycan həqiqətlərinin təhrif edilməsi beynəlxalq səviyyədə apardığımız təbliğat işlərinin üzərinə kölgə salır. İdeoloji sahədə xarici düşmənlərimizin Azərbaycan üzərinə hücuma keçməyə stimul yaradır. Bütün bunlar saytların işlənməsi zamanı buraxılan “texniki səhv” anlamına gəlməməlidir. Əgər bu Respublikaların bütün rayonlarını əhatə edirsə, deməli bu Hökumət daxilində düşmən dəyirmanına su tökən, mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən hansısa bir qrupun işidir.
Bu məlumat, Dövlətimizin Rəhbərinin diqqətinə çatdırılmalı, bu fəaliyyət Azərbaycan Dövlətçiliyini gözdən salmaq, Azərbaycan həqiqətlərini təhrif etmək üçün məqsədli şəkildə dezinformasiya yayılması kimi qiymətləndirilməli və bu fəaliyyəti həyata keçirən şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməli və qanunun tələbləri çərçivəsində cəzalandırılmalıdırlar.


Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)