ŞƏKİ DÖVLƏT YOL POLİSİNİN KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞÜ - +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov )

ŞƏKİ DÖVLƏT YOL POLİSİNİN KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞÜ +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov )

AZpress.AZ xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, 19 aprel 2018-ci il tarixdə Şəki rayonu Qoxmuq kənd sakinləri ilə görüş keçirmişdir. Tədbir zamanı, kənd sakinlərinə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, yaz mövsümündə aktual olan aşağıdakı 4 mövzu ətrafında geniş izah verilmişdir:


1. Piyadaların intizamının artırılması.


Bu mövzu ətrafında çıxış edərkən Tural Niftalıyev bildirmişdir ki, Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçməsini nəzərə alaraq, bu kəndin sakinləri piyadanın vəzifələrinə, küçə hərəkəti qaydalarına əməl edilməsinə daha ciddi yanaşmalıdırlar. Tural Niftalıyev onuda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində, respublikamıza xarici ölkələrdən idxal olunan nəqliyyat vasitələrinin sayı nəyin ki ilbəil, hətta günbəgün çoxalmaqdadır. Avtomobillərin sayının artması respublikamızın avtomobil yollarında hərəkətin intensivliyinin yüksəlməsinə səbəb olmuşdur. Hərəkətin intensivliyi nə qədər yüksək olarsa yol-nəqliyyat hadisələrinin baş verməsi də bir o qədər labütdür. Lakin, buna baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də yerlərdəki müvafiq qurumlar yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində əməli, təşkilati və profilaktiki tədbirlər hazırlayıb həyata keçirirlər. Lakin, təhlil göstərirki respublika ərazisində ötən il qeydə alınmış 1833 yol-nəqliyyat hadisəsinin 51,2%-ni və ya 938-ni piyadaların vurulması faktları təşkil etmişdir. Baş vermiş qəzalarda ölənlərin 48%-i və ya 359 nəfəri, xəsarət alanların 37%-i və ya 643 nəfəri məhz piyadalar olmuşdur. O cümlədən müəyyən edilmişdir ki, bəzi hadisələrdə sürücülərlə yanaşı piyadalarında təqsiri vardır. Bundan belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və onlara əməl etmirlər. Bu səbəbdəndə piyadaların intizamının artırılması, küçə hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə tərəfimizdən maarifləndirmə tədbirləri aparılır.


2. Mal-qaranın avtomobil yollarının kənarına nəzarətsiz buraxılması.


Kənd sakinlərinə izah edilmişdir ki, ev heyvanlarını asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxmamalıdırlar. Belə ki, mal-qaranın asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxılması, heyvanların qəflətən avtomobil yolunda hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına çıxmaqla yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur və buna görə də mal-qara sahibləri inzibati məsuliyyət daşıyırlar.
Kənd sakinləri mal-qaranı otlaq sahələrinə apararkən, heyvanları yeraltı keçidlərdən keçirməli və ya mal-qaranın ötürülməsinə dair digər tələblərə əməl etməlidirlər.
Şəki Dövlət Yol Polisi bildirir ki, belə halların qarşısının alınması məqsədi ilə yol-patrul və post-patrul xidməti əməkdaşları birgə reydlər keçirəcək, bu növ xətaya yol vermiş şəxslər kənd icra nümayəndəliyi və bələdiyyələrinin köməkliyi ilə müəyyən edilərək barələrində qanunvericilyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görüləcəkdir. Mal-qaranın asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxılması və ya mal-qaranın ötürülməsi qaydalarına əməl edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.5.2-ci maddələrinə əsasən mal-qara sahiblərinə 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulur.
Tural Niftalıyev onuda qeyd etmişdir ki, əsas narahatedici məsələlərdən biri də ondan ibarətdir ki, magistral yollarda hərəkət edən nəqliyyat vasitələrinin qarşısına qəflətən sahibsiz mal-qaranın çıxması zamanı hadisədən yayındırmaq, heyvanı vurmamaq məqsədi ilə sürücü sükanı sağa və ya sola döndərməklə yolun kənarında dayanmış günahsız piyadanın vurulması ilə nəticələnən daha ağır yol-nəqliyyat hadisələri baş verir. Buna görə də, magistral yolların yaxınlığında yerləşən kəndlərin sakinləri həm öz heyvanlarının tələf olmaması, həm avtomobillərə maddi zərər dəyməməsi, həm də ölüm və ya xəsarətlə nəticələnən daha ağır yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün mal-qaranı asfalt örtüklü yolların kənarına nəzarətsiz buraxmamalı və ya mal-qaranın ötürülməsi qaydalarına ciddi əməl etməlidirlər.


3. Kənd təsərrüfatı işlərinin başlanması ilə əlaqədar hərəkətin təhlükəsizliyinin təmin edilməsi.


Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspekoru Tural Niftalıyev, yaxın günlərdə kənd təsərrüfatı işlərinin qızğın çağlarının başlanacağı, zəhmətkeşlərin əkin sahələrinə, yüklərin isə əkin sahələrindən daşınması zamanı təhlükəsizliyin təmin olunmasının vacibliyi barədə kənd sakinlərinə, xüsusi ilə də sürücülərə ətraflı məlumat vermişdir.
Yük avtomobillərində adamların və yüklərin daşınması qaydaları sürücülərin nəzərinə bir daha çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası yol hərəkəti haqqında qanunun 56-cı maddəsi (adamların daşınması qaydaları) və 57-ci maddəsi (yüklərin daşınması qaydaları) bənd-bənd izah edilmiş və bildirilmişdir ki, sürücülər bu qaydalara əməl edərsə, məsul şəxslər bu qaydaları sürücülərə vaxtaşırı təbliğ edərlərsə ümid edirik ki, kənd təsərrüfatı işlərini sağ-salamat başa vurmuş olacağıq.


4. Nəqliyyat vasitələrinin milli nümunəli dövlət qeydiyyat nişanları ilə təchiz olunmasının vacibliyi.


Bu mövzu ətrafında çıxış edərkən Tural Niftalıyev bildirmişdir ki, Azərbaycan dövləti öz tarixi müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisində yol hərəkəti sahəsində ictimai münasibətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bununla əlaqədar, dövlət qeydiyyatında olan və qeydiyyata alınan nəqliyyat vasitələrinə adıçəkilən qanunla müəyyənləşdirilmiş milli nümunəli dövlət qeydiyyat nişanları verilir. Bununla yanaşı aparılan müşahidələr göstərir ki, hələ də xidməti ərazidə dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmayan (keçmiş SSRİ nümunəli) nəqliyyat vasitələrinə rast gəlinir. Buna görə də, Şəki Dövlət Yol Polisi dövlət qeydiyyat nişanları mövcud standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istismarının qarşısının alınması istiqamətində mübarizə tədbirlərini gücləndirmişdir. Belə qeydiyyat nişanları ilə idarə olunan nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılmaqla, sürücüləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə inzibati məsuliyyət tədbirləri görüldükdən sonra, onların nəqliyyat vasitələrinin mövcud standartlara uyğun olaraq dövlət qeydiyyat nişanları ilə təchiz olunması məqsədilə, həmin nəqliyyat vasitələrinin sahiblərinin qeydiyyat-imtahan məntəqələrinə göndərilməsi təmin olunur.
Çıxışının sonunda Tural Niftalıyev, sürücülərə müraciət etdi ki, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ili tamam olur. Ona görə də, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin milli nümunəli dövlət qeydiyyat nişanları ilə təchiz olunması üçün özlərində məsuliyyət hissini artırsınlar.
Yekunda, bu mövzularda kənd sakinlərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Tədbirdə kütləvi informasiya vasitələrinın nümayəndələri (Space və ARB Şəki televiziyası) də iştirak etmişdir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev televiziya kanallarına tədbirin keçirilməsinin məqsədi və mahiyyəti barədə müsahibə vermişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !