Şəkidə hesabat yığıncağı keçirilib - +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

Şəkidə hesabat yığıncağı keçirilib +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

Şəkidə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

 

AZpress.AZ xəbər verir ki, 2018-ci ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Buraxılan məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür. Cari ilin birinci rübündə Şəkidə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə mqayisədə 4 dəfə artaraq 14 milyon 751 min manat olub. Bu müddət ərzində rayonda 257 yeni iş yeri açılıb.
Bu barədə 2018-ci ilin birinci rübünün yekunları ilə bağlı aprelin 20-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində birinci rübdə rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 121 hektar sahəyə aqrotexniki qulluq olunub. Cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulur. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonda 860 hektar sahədə tütün əkini planlaşdırılır. Əkin zamanı əsasən “Virciniya”, “Berley”, “İmunni-580”, “Zaqatala-67” tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 40 min kvadratmetr sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər sahələrə köçürüləcək.
Eyni zamanda, bu il rayonda 62 ton yaş barama istehsalı nəzərdə tutulur. Yaz mövsümündə rayon ərazisində 97 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş davam etdirilir.
Məruzədə, həmçinin cari ilin birinci rübündə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi hazırda sürətlə davam etdirilir. Bu ərazidə, həmçinin Ulu Öndərin adını daşıyan park, Bayraq Meydanı və şəhər icra hakimiyyəti üçün yeni binanın tikintisi də nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə şəhərin Zərifə Əliyeva küçəsində inşa olunan “ASAN həyat” kompleksinin tikintisi də sürətlə davam etdirilir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “ABAD”ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri artıq başa çatıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işləri davam etdirilib. Şəki-Kiş kəndi-Marxal istirahət zonasına gedən və ümumi uzunluğu 7,2 kilometr olan avtomobil yolunun torpaq yatağı hazırlanıb, yola birinci qat asfalt örtüyü döşənib, beton arxlar, piyada səkiləri və istinad divarları tikilib. Hazırda ərazidə tikinti işləri davam etdirilir.
Müşavirədə 2018-ci ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, üç ayda 1406 mənzil təbii qazla təmin edilib. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bir sıra işlər görülüb.
İclasda, həmçinin birinci rübdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !