Masallıda şəhid Aqil Məlikovun xatirəsi anılıb - (YENİLƏNDİ) +FOTOLAR (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda şəhid Aqil Məlikovun xatirəsi anılıb (YENİLƏNDİ) +FOTOLAR (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

24 aprel 2018-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində şair-publisist, "Qızıl Qələm" media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Masallı rayonunda çıxan həftəlik "Yeni həyat" qəzetinin Baş redaktor müavini Rəsul Rzayevin Böyük Xocavar kəndində boya-başa çatmış, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Aqil Qismət oğlu Məlikova həsr etdiyi "Oğul arxalı Vətən" poemasının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyanın ictimaiyyətə təqdimatı olmuşdur. Ədəbi-bədii kompozisiya Masallı Reginal Mədəniyyət və Turizm Mərkəzi, Masallı Dövlət Regional Kolleci və Böyük Xocavar kənd tam orta məktəbinin kollektivləri tərəfindən hazırlanmışdır.
Tədbirin rəsmi hissəsində Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov çıxış edərək şəhid haqqında xatirələr söyləmiş, kitab haqqında fikirlərini bildirmiş, ədəbi-bədii kompozisiyanın hazırlayanlara minnətdarlıq bildirmişlər.
Sonda şəhid atası Qismət Məlikov şəhidlərin ruhuna göstərilən ehtirama görə rayon rəhbərliyinə, şəxsən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova təşəkkür etmişdir.

 

                                                                                  ***

 

Qələm yoldaşımızın vətənpərvər kürsüsü


 

“Oğul arxalı Vətən”in səhnə həyatı

 

Son illər Masallıda inkişafın qoşa qanadı olaraq mənəvi dəyərlərin təbliğinə də önəmli yer verilir. Uğurla həyata keçirilən Dövlət Proqramına uyğun olaraq abadlıq, quruculuq, mühüm layihələrin həyata keçirilməsi kimi geniş sfera yaradılmaqla mədəni həyatımızdakı inkişafa keçilməsi artıq ənənəyə dönüb. Ziyalıların, yaradıcı insanların yubileylərinin təntənəli qeyd olunması, yazarların yeni əsərlərinin təqdimatı kimi tədbirlər ictimaiyyətin diqqətini cəlb edir, maraqla qarşılanır.

 

Belə tədbirlərdən biri də bu günlərdə şəhər Mədəniyyət Mərkəzində “Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist, “Qızıl qələm” media mükafatçısı Rəsul Rzayevin “Oğul arxalı Vətən” kitabı əsasında hazırlanmış eyni adlı tamaşanın ictimaiyyətə təqdimatı olmuşdur. Masallı Regional Turizm Mərkəzi, Masallı Regional Dövlət Kolleci və rayon mədəniyyət mərkəzinin hazırladığı tədbirlərin əhatə dairəsi geniş olmuş, çoxsaylı tamaşaçının marağına dönmüşdür.

 

Vətənpərvərlik, qəhrəmanlıq mövzusu publisist-şair kimi Rəsul Rzayevin yaradıcılığının leytmotivini təşkil edir. Əlli il əvvəl müəllifin ilk mətbu yazılarında Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla vuruşmuş həmvətənlərimiz haqqında yazılarını necə maraqla oxuyurduqsa indi bu mövzudakı qəzet, jurnal məqalələrini kitablarını həmin maraqla izləyirik. Müəllifin ilk belə yazısı İtaliya partizan hərəkatının iştirakçısı Mehdi Hüseynzadənin silahdaşlarından biri olmuş Masallının Qodman kənd sakini Əkbər Babayevə həsr etdiyi “Vətəndən uzaqlarda” povesti və Lenin ordenli müharibə veteranı Atabala Hacıyevə həsr etdiyi oçerklər olmuşdur.

 

Sonralar belə silsilə yazılar Milli Qəhrəmanlarımız, Qarabağ döyüşlərinin iştirakçıları, şəhidləri haqqında oldu. Müəllifin vətənpərvər qələmindən çıxan, istedadının bəhrəsi olan yazıları onun imzasını tanıtdı. Belə yazılar sahibinin vətən sevgisindən işıq, nur aldı. Vətən təəssübkeşliyindən maya tutdu. Ona görə də diqqət çəkdi, maraqla qarşılandı. Milli Qəhrəmanlarımıza həsr etdiyi “Torpağı boyuna biçdi”, “Dağılmış yuxu”, “Qarabağ qəlbimə çəkdi qara dağ” poemaları, şəhidlərə həsr olunan onlarca publisist yazıları əldən-ələ gəzdi, geniş oxucu auditoriyasının marağı ilə üst-üstə düşdü.

 

Qarabağ döyüşləri müəllifin qələm işlətdiyi əsas mövzulardandır. Belə yazılarda onlarca döyüşçünün qəhrəmanlıq obrazını görürük. Aprel döyüşləri xalqımızın tarixi qələbəsi kimi hamımızın ilham mənbəyimiz oldu. Bu ovqat Rəsul Rzayevin də dəst-xəttində, vətənpərvər yazılarında aydınlığı ilə əksini tapdı. Masallıdan bu döyüşlərdə iştirak edən igidlərə, xüsusilə şəhid Firdovsi Bağırzadə, Nurlan Əsgərli haqqında yazdığı bədii və publisist yazıları qürur və iftixarımızı, vətənpərvərlik hislərimizi tərənnüm etdi. Bu yazılarda iki igid oğulun timsalında öz vətənpərvər hisslərimizi, qürurumuzu, haqlı iftixarımızı tapdıq.

 

Bu məziyyətlərinə görə 2016-cı ildə yazıları “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin “Qarabağ Aprel döyüşləri mediaya nəyi öyrətdi” mövzusunda keçirdiyi müsabiqədə mükafata layiq görülmüşdür.

 

Rəsul müəllim qəhrəmanının soy kökünə bələd olur, bədii obraza çevirdiyi insanların ailəsi ilə əlaqələr qurur, ən kiçik detalı belə gözdən qaçırmır.

 

Bu, Aprel döyüşlərinin iştirakçsı olmuş Aqil Məlikovun qəhrəmanlığından bəhs edən “Oğul arxalı Vətən” kitabında daha aydın görünür. Aqilin ulu babası Məmmədəli Böyük Vətən müharibəsi dövründə cəbhədə qəhrəmanlıq göstərib. Cəbhədən sinəsi orden-medallı qayıdıb. Bu vətənpərvərlik ənənəsini atası Qismət davam etdirib. Vətənin sərhədləri keşiyində dayanıb. Soy kökünün qəhrəmanlıq ənənələri Aqilin timsalında daha qabarıq üzə çıxıb.

 

O, Aprel döyüşlərində qaynar nöqtələrdə olub. Təxribat törədən düşmənin geri oturdulmasında, mühüm mövqelərin alınmasında iştirak edib...

 

Həmin vaxtlar Aqil əsgəri xidmətini başa vurmuşdu və orduda qalıb gizir kimi xidmət edirdi. Bu işə könüllü olaraq ona görə razılıq vermişdi ki, torpağımız düşmən tapdağı altında idi. Əsərdəki mühüm detallardan biri obrazın daxilini açır, onun vətənpərvərlik hissinin ölçüyəgəlməz olduğunu sübut edir. Vaxt olur həyat onu sınağa çəkir. Anasının vəfatını eşidib ona məzuniyyət verirlər. Lakin o, doğma anasının yeddisinə qala bilmir. Burda ana ilə vətən müqayisə edilir. Tərəzinin Vətən gözü ağır gəlir. Aqil atasından, qohumlarından üzürxahlıq edir ki, Vətən çağırır, qala bilməz.

 

Bu özü də ailə tərbiyəsindən gəlmədir. Müdrik ata öyüdünün, halal, saf ana südünün təsirindəndir.

 

Göstərdiyi igid və qəhrəmanlığına görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüşdür.

 

Masallı Mədəniyyət Mərkəzinin səhnəsində tamaşanın təqdimatı başlanır. Tədbiri Masallı Regional Dövlət Kollecinin direktoru Vidadi Nəzərov açır.

 

Aprel döyüşlərinin xalqımızın qürur və iftixar tarixi kimi dəyərləndirib tamaşaçıya uğurlar arzulayır.

 

“Tərəqqi” medallı Qardaş Fətullayev, müəllif Rəsul Rzayev, Böyük Xocavar tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov, şəhid atası Qismət Məlikov əsər barədə məlumat verirlər.

 

Tamaşa “Aqil” mahnısı ilə başlanır. Arxa fonda döyüş sənhələri görünür. Döyüşçü marşı kimi səslənən mahnının od-alov saçan döyüş epizodları ilə komponenti insanı coşdurur.

 

Sözləri Rəsul Rzayevin, musiqisi Aysel Məmmədovanın olan mahnı ürəkləri riqqətə gətirir:

 

 

Qəhrəmanlıq hünərindən,

Tutdu ellər soraq, Aqil.

El-obanın taleyində,

Oldun nurlu çıraq, Aqil.

 

 

Bu torpağa Vətən dedin,

Qibləgahım sənsən, dedin.

Hünərinə əhsən dedi,

Vətən, ana, torpaq, Aqil.

 

 

Pozdun düşmənin sırasın,

Yağıdan aldın qisasın,

Verdin namərdin cəzasın,

Əldə odlu silah, Aqil.

 

 

Dedin: Vətən xanimanım,

Ona qurban şirin canım,

Başın üstə dalğalanır,

O üçrəngli bayraq, Aqil.

 

 

Səhnələr bir-birini əvəz edir. İgid əsgərlərin obrazları canlanır. Onların hər biri Azərbaycan bayrağını uca tutur, Aqilin qəhrəmanlığını əks etdirən şeirlər səslənir:

 

 

 

...Qəzəbimi silah etdim,

Torpağımı azad etdim,

Alıb neçə yüksəkliyi,

Hünərimi bayraq etdim

 

Qarabağda!

 

Canım qurban bu Vətənə,

Qan uddurduq biz düşmənə,

Bu vuruşda candan keçdim,

Bayrağımdır kəfən mənə

Bu torpaqda!

 

 

Bu döyüşlərdə kiçik komandir Aqil hamıya həyandır. Obrazlaşmış döyüşçülərin birinin dili ilə sinəsini sıravi döyüşçüyə sipər etmiş komandir barədə əsgərin öz dilindən eşidirik:

 

 

O, bizi qorudu odlar içində,

O, bizi qorudu odu kül etdi...

Ağır döyüşlərdə, dar günümüzdə,

Komandir dost kimi çatdı haraya.

Deyir ki, Aqilə bir can borcluyam.

Borcum həyatımdır, ömrümdür mənim,

İgid komandirə cahan borcluyam.

 

Tamaşada Masallı Dövlət Regional Kollecinin tələbə aktyorlarından Elnarə Rzayeva, Duyğu və Minarə Əliyevalar, Dilrübə Dadaşova, Səbinə Xəlilova, Elvin Azəroğlu, Savalan İmanov, İradə Hüseynova yaratdıqları canlı obrazlarla fərqlənmişlər.

 

Əsərin hazırlanmasında Böyük Xocavar məktəbinin müəllimlərindən Sevda Məmmədova, Aysel Nərimanova, Qənimət Məlikova, Zahid Həmidovun əməyi qeyd edilkmişdir. Məktəbin şagirdlərindən Mənsurə, Günel, Saray, Mehriban, Aynişan, Fidan, Şəlalə, Qivi, Ruqiyya, Çingiz, Səfa, Aysel, Rafət, Yunis, və şəhidin qohumu Əlinin ifasında şeir parçaları səısləndirilmişdir.

 

Tamaşa dəfələrlə alqışlanır. İnsanlar ona görə coşub-daşırlar ki, qələbə bizimlədir. Bu qələbəni gətirən Aqillərdir, Firdovsilərdir, Nurlanlardır...

 

Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev hər detalın, obrazın canlı təqdim olunması üçün zərgər dəqiqliyi ilə işləmişdir.

 

Tamaşanın baş məsləhətçisi Vidadi Nəzərovdur (o, həm də kitabın redaktorudur).

 

Tamaşada Masallı Regional Dövlət Kollecinin tələbələri ifası dəfələrlə alqışlanır.

 

Bitkin süjet, əhatəli kompozisiya, emosional təsirli əsər dəfələrlə alqışlandı, Masallı mədəniyyəti üçün hadisə kimi qarşılandı.

 

 

 

Əlihüseyn ŞÜKÜROV,

AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !