Ömür duası - - Orxan Bahadırsoy

Ömür duası - Orxan Bahadırsoy

Ömür duası

 

Bir ölüdən danışıb,
dedilər sözarası:
-O rəhmətlik filankəs -
ömrü səninçün qalsın!
Nə vaxt eşitsəm bunu,
donuram, duruxuram.
Bu həyasız duadan
uşaq kimi qorxuram.
Mən öləndə heç kəsə
belə qarğış etməyin.
Məndə üzü dönükdür,
üzü sərtdir taleyin.
Mənə ömür yazanın
xətti ilan-qurbağa...
Bir eynək də vermədi
bu ömrü oxumağa.
Torpağı bəhər verməz,
şaxtalıdır iqlimi.
Yaşatmaz adam kimi,
öldürməz adam kimi.
Aydın günlərdən qaçıb,
gecələrə qısılıb.
Bu ömrün girişində
"qorxuludur" yazılıb.
Kimə versən çırpacaq
ora-bura ömrümü.
Tanrı, heç kəsə vermə
qara-qura ömrümü.
Kim etsə bu duanı,
nolar, tanrı, eşitmə!
Bu səhvi məndə etdin,
məndən özgədə etmə.
Heç kəsin ömrü belə
təhlükəli olmasın.
Məndən söz düşsə, deyin
-Ömrü sənə qalmasın!

 

 

 

                                                                                 ***

 

Eşitdinmi, sevgili?

 

Bir cüt ayaq tapıblar Xəzərin sahilində.
Boyu lap bəstə ayaq,
biraz da xəstə ayaq.
Dua da oxuyurmuş dənizlərin dilində.
Eşidənlər bilməyib, nə deyirmiş, görəsən,
bu son nəfəsdə ayaq?
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki çılpaq ayaqdı sahildə olan-qalan.
Bir cüt əl də tapılıb sahildən uzaq olan
bir evin təpəsində.
Asılıb paltar kimi, o paltar zivəsindən.
Barmaqları əzilib,
dirsəyindən kəsilib.
Dırnağı qopub qalıb,
üstü toz hopub qalıb.
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki toz tutmuş əldi zivədə olan-qalan.
Bir cüt göz də tapıblar iki yol ayrıcında.
Yolun dörd tərəfinə
bərəlmişcə baxırmış sol səkinin ucunda.
Ağı qan damar-damar, qarası tor bağlayıb.
Uzun kirpiklərini qırpa-qırpa ağlayıb.
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki qan daman gözdü, səkidə olan-qalan.
Eşitdinmi, sevgili?
Xəbər çatdı sənə də?
Bir cüt ayaq axtarır izlərini hələ də.
Bir cüt əl yoxluğunu paltar ipindən asıb.
Bir cüt göz soraqlayır yolunu yazıq-yazıq.
O göz mənim gözümdü,
baxır ümidlərimin sənə baxdığı yerdən.
O əl mənim əlimdi,
asılıb köynəyinin yoxa çıxdığı yerdən.
O ayaq da mənimdi
gəzir sənli günlərin sənsiz axdığı yerdə

 

                                                                                  ***

 

Yol gözləyən

 

Gözləmə, yol gözləyən,
yollar adamsız gəlir.
Üstünə kabus olub,
qollar adamsız gəlir.


Hərdən işıqlar sönür,
enir sonuncu pərdə.
Hərdən də Allah kimi,
nə göydəsən, nə yerdə.


Bu zəhər ümid ki var,
hər zülümdən çətindir.
Ümidi ölmüş yetim,
nə bəxtəvər yetimdir!


Gözləmə, yol gözləyən,
yollar iz də saxlamır.
Yollar gətirdiyini
alır, bizdə saxlamır.


Hər gedənin yerinə
başqa biri gəldisə,
ayrılığın ünvanı
sonuncu mənzildisə,
ölənlərə düşən pay
bir anlıq sükutdusa,
bütün gedənlər səni
rahatca unutdusa,
gözləmə, yol gözləyən,
göz yolunda yağışdı.
Yollara düşüb qalan
gözlərini yığışdır!