Gəldim - - Orxan Bahadırsoy

Gəldim - Orxan Bahadırsoy

Gəldim

 

Hərcayı ömürdən vaxt tapa bildim,
üstümdən buludlar addadıb, gəldim.
Necə ki, aldadıb getmişdim səni,
indi də özümü aldadıb, gəldim.


Gəldim əllərini bir az tutam mən,
gəldim qollarında bir az yatam mən,
gəldim, əlini aç, soruş tanrıdan,
hansı günahına mükafatam mən?


Tapdı adamlardan daş adam səni...
qarışqa yükümdün daşıdım səni.
Kəpənək ömrümdə zaman dayandı,
sən də bir ömürdün, yaşadım səni.


Quşlar dimdikləyib barmaqlarımı,
pişik cırmaqlayıb ayaqlarımı.
Qorxma, öpməmişəm hələ heç kəsi,
tüstülər çatladıb dodaqlarımı.


Elə əvvəlkitək qərib gəlmişəm.
Beş-altı tozlu gül dərib, gəlmişəm.
Yol boyu darıxan adamlar görüb,
gülü də onlara verib, gəlmişəm.


Gəlmişəm, əlimdə sığallar dolu,
dilimdə şipşirin nağıllar dolu.
Bir ömür sürünüb gəlib dalımca,
fitnələr, kələklər, cığallar dolu.


Eh... axı neyləyim? Belə adamam!
Təkliyim natamam, sevgim natamam...
Hər şey olub keçib, qalıqlarıq biz,
indi ha bağışla, ha bağışlama....

 

                                                                                    ***

 

Son tamaşa

 

Xəyalını çək başımdan, həyatım,
hicrandandı bu darağın dişləri.
Təzə eşqə qalmayıb ki, taqətim,
tərgitmişəm daha bütün eşqləri.


Bir mahnı var: səsin kimi həzindi.
Dinləyirəm, dərddi, qəmdi, hüzndü.
Soruşdular: - nədəndi bu üzüntü?
Dedim: - onu boş ver, könül işləri...


Mən ki sevib, bir büt kimi öpürəm...
Allah şərik istəmir ki! Bilirəm!
Hərəyə bir sevda düşür ömürdən,
mənə çıxır ayrılığın püşkləri...


Bu ömürdə yer qalmayıb sənə, yar!
Bu taledən özümü də atırlar!
Eşitsən bir başqa ömrə bilet var,
xəbər elə, gəzim bütün köşkləri.


Çıx fikrimdən, dincliyimə dəymə də!
Bu sevdanın qapısını döymə də!
Gözləyirəm bu qaranlıq səhnədə,
başlayır son tamaşamın məşqləri!

 

                                                                             ***


Yalançı Akasiya

 

Bir ağac var hardasa,
uzun boyu, yarpağı...
Kökləri ən dərindən
qucaqlayar torpağı.


Nə yalan danışdısa
oda, torpağa, suya,
adını da qoydular
Yalançı Akasiya.


Yaşayır adam kimi
ruhdan, ürəkdən ağac.
Salxım-salxım saçları
sarı çiçəkdən ağac.


Sən - ey mənə bənzəyən,
aldatdınmı aləmi?
Çiçəklərin altına
tikan düzdün eləmi?


Eh, sarı çiçəklərin
saralmaq dərdi yoxdu.
Bir yalandı demişik,
öldü var, döndü yoxdu.


Sənə gəldik, İlahi,
bir ağacdı, bir də mən.
Bu ömrü yarıtmadıq,
uzundu əl ətəkdən.


Sən əlləri bağışla
ürəklərin xətrinə.
Tikanları bağışla,
çiçəklərin xətrinə.