Şəkinin tarixi məkanları ilə tanışlıq fransalı qonaqlarda xoş təəssürat yaradıb - ( AZpress.AZ - İsmayıl Əhmədov)

Şəkinin tarixi məkanları ilə tanışlıq fransalı qonaqlarda xoş təəssürat yaradıb ( AZpress.AZ - İsmayıl Əhmədov)

AZpress.AZ xəbər verir ki, “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Marselin rəhbərliyi ilə Fransa nümayəndə heyətinin üzvləri mayın 4-5-də Şəkidə olublar.
Tərkibinə Fransanın ictimai, siyasi və mədəniyyət xadimlərinin, şirkət rəhbərlərinin, həmçinin Şəki ilə qardaşlaşmış Kolmar şəhərinin meri Jilber Meyerin daxil olduğu 30 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində bu qədim diyarın tarixi-memarlıq abidələri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Fransalı qonaqlar əvvəlcə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayını ziyarət ediblər. Bildirilib ki, XVIII əsrə aid dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan bu saray xalqımıza xas yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin canlı nümunəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - 1761-1762-ci illərdə inşa edilib.
Fransalı qonaqlar sarayın önündə xatirə şəkli çəkdiriblər.
Sonra nümayəndə heyətinin üzvləri inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilmiş bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Şəhər rəhbərliyi ilə çay süfrəsi ətrafında keçirilən görüşdə icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqlara Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Şəkidə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğinə böyük diqqət yetirilir. Qədim ipəkçilik ənənələrinə malik bu şəhər həm də dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova qardaşlaşmış şəhərlər olan Şəki ilə Kolmar arasında dostluq əlaqələrinin bütün sahələrdə uğurla davam etdiyini vurğulayıb, həyata keçirilən birgə layihələr, qarşılıqlı səfərlər, görüşlər barədə məlumat verib.
Kolmar şəhərinin meri Jilber Meyer səmimi qonaqpərvərliyə görə nümayəndə heyəti üzvləri adından minnətdarlığını bildirib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşün sonunda fransalı qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəkiyə səfərləri çərçivəsində Fransa nümayəndə heyətinin üzvləri mayın 5-də Kiş kəndindəki qədim alban məbədini də ziyarət edib, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki “Sənətkarlar evi”ndə Şəki sənətkarları ilə görüşüblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,