AXC-nin 100 illik yubileyi İslamabad şəhərində təntənəli qeyd olunub - (+FOTOLAR)

AXC-nin 100 illik yubileyi İslamabad şəhərində təntənəli qeyd olunub (+FOTOLAR)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunmuşdur.


Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən İslamabad şəhərinin beş ulduzlu Serena mehmanxanasında təşkil olunan rəsmi qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş Nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdən oncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisinin açılışı keçirilmiş, Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim və qonaqlar Pakistanlı rəssam tərəfindən yağlı boya ilə çəkilmiş Azərbaycanın tarixi və müasir memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərinə baxış keçirmişlər.
Sərginin ardınca keçirilmiş rəsmi qəbulda, Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçılarını salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan xalqının tarixində çox mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyinin Azərbaycan Prezidentinin sərancamına əsasən təntənəli qeyd olunduğunu, müsəlman dünyasının ilk demokratik respublikası olaraq 28 may 1918-ci ildə yaradılan və dünyanın demokratik dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxaraq, gələcək müstəqil Azərbaycanın təməlini formalaşdırdığını diqqətə çatdırmışdır. Səfir, 1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycanın ötən 25 ildən artıq müddətdə və hazırda Azərbaycan Prezidentinin apardığı müdrik siyasət nəticəsində sürətlə inkişaf etdiyini, Azərbaycanın müasir, sülhsevər və sabit ölkə olduğunu ifadə etmişdir.
Səfir müstəqilliyini yenidən əldə etdikdən etibarən, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü qeydsiz-şərtsiz dəstəklədiyini, Pakistan Milli Assambleyası və Senatının Xarici İşlər Komitələrinin Xocalı Soyqırımını tanıyan qətnamələr qəbul edərək Azərbaycan xalqı və dövləti ilə daim həmrəylik nümayiş etdirdiyini bildirmişdir. Səfir sadəcə son 1 il ərzində hər iki ölkədən qarşılıqlı olaraq 30-dan artıq səfərin həyata keçirildiyini, Azərbaycana səfər edən Pakistan vətəndaşlarının son bir ildə sayının 5-6 dəfə artdığını nəzərə çatdırmış, mövcud potensialı əks etdirməyən iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırılması üçün səylərin daha da artırıldığını, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə birgə işçi qruplarının 1-ci iclaslarının keçirildiyini, elm, mədəniyyət, təhsil, müdafiə sənayesi və hərbi-texniki sahələrdə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini, eləcə də Heydər Əliyev Fondu tərəfindən Pakistanda sosial və humanitar layihələrin icrasının davam etdirildiyini vurğulamışdır.
Tədbirin ali qonağı qismində çıxış edən Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, səmimi və möhkəm xarakterə malik olan, birgə mədəni və tarixi yaxınlığa söykənən Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan etmişdir. Nazir, Azərbaycan-Pakistan əlaqələrinin parlaq gələcəyə malik olduğunu vurğulayaraq, qarşılıqlı faydalı iqtisadi işgüzarlığın, həmçinin mədəniyyət, təhsil, enerji və müdafiə sahələrində əməkdaşlığın əhəmiyyətini ifadə etmişdir.
Azərbaycandan dəvət olunmuş sənətçilər, Azərbaycan Respublikasının əməkdar artistləri Sahib Paşazadənin, İlham Nəzərovun, Nigar Şahmuradovanın, Qaya Dövlət Ansamblının solisti Şölə Səfərəliyevanın, Azərbaycan Dövlət Televiziyasının solisti Nigar Şabanovanın bütün tədbir boyunca ifa etdikləri Azərbaycan xalq mahnıları və nəğmələri, habelə dünya musiqisinin tanınmış musiqi əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanmışdır.
Mərasimdə Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdrilmiş, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar tədbir iştirakçılarına paylanmışdır. Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,