Vətənə vurğunluqla yaşanan ömrün səhifələri... - +FOTOLAR (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Vətənə vurğunluqla yaşanan ömrün səhifələri... +FOTOLAR (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

İmran Rəşid oğlu Əbilovun ömürlüyü hər bir insan üçün yaşam nümunəsi, şəxsiyyətin həyatında qazandığı nüfuzun zirvə nöqtəsi, arzu etdiyi mərtəbə, ucalıq ola bilər. O, Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü, Qarabağ Müharibəsi və Əmək veteranı, Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisidir. “Xalqlar dostluğu”, iki “Şərəf Nişanı” ordeni və bir sıra medallarla təltif olunmuşdur.
...Onun barəsində yazanlar, söz deyənlər, işgüzarlıq və məsuliyyətini, alicənablıq və sadəliyini insan xarakterinin dörd qütbü kimi səciyyələndirir, onu tanıtmaq üçün bəşərə xas olan ən ülvi xüsusiyyətləri də bu siyahıya əlavə edirlər. İmran müəllim mənim uşaqlıq xatirələrimin qəhrəmanıdır. Masallıda onun haqqında hər evdə söhbət olardı. İşgüza, bacarıqlı, yorulmaz kənd təsərrüfatı mütəxəssisiydi.İndi də belə danışılır onun haqqında...
İnsanın ömür yolu onun tərcümeyi-halından başlanır.
Kitabda yazır: "Yadıma 1943-1944-cü illər düşür. Müharibənin dəhşətli ağır günləri idi. Atam Rəşid İsa oglu Əbilov bu dövrdə Masallı rayonunun Bədəlan kəndində kənd sovetinin sədri işləyirdi. Onun "bronu" olduguna görə orduya çağırılmamışdı. Ancaq arxa cəbhədə, deyərdim ki, müharibədən də çox çətin günlər keçirdi. O, vaxt mənim 7-8 yaşım olardı. Aclıq hər tərəfdən tügyan edirdi. Bizim vəziyyətimiz nisbətən fərqli idi. Ac insanlar dilənir, nələri vardısa, hamısını çörəyə dəyişir, satırdılar. O vaxt vəziyyət hər cəhətdən çətin idi. Bizim qonşuda adamlar bir ölmüş camış balasını basdırdıqdan beş gün sonra aclıqdan onu torpaqdan çıxardıb bişirib yediklərinin şahidi olmuşam".
23 oktyabr 1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1953-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirib, Boradigahda müəllim kimi fəaliyyətə başlayıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə bitirib, Həsənli kəndindəki “Şən həyat” kolxozunda baş zootexnik işləyib. 1960-1962-ci illərdə Masallı RPK-da təlimatçı, Masallı RKK-nın birinci katibi, 1962-ci ilin mart ayından Azərbaycan LKGİ MK-nin təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.
1969-1991-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirinin müavini, Dövlət Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən Azərquşsənaye Dövlət şirkətində vitse-prezident işləmişdir.
1997-ci ildən Nazirlər Kabinetində Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.
Biz kimik, dünyaya nə üçün gəlmişik? – öz-özünə verdiyi bu suala cavab tapmaq müəllifin məqsədi, əsərin əvvəlindən sonuna – 279-cu səhifəsinə kimi oxucunun marağını cəlb edən bir sorğudur. Müəllif yaşadığı ömrün xatirələrini, soy kökündən övladlarına kimi ətrafında olanlarla dərindən nüfuz etdiyi cəmiyyətdə qarşılaşdığı, iş birliyi yaratdığı, insanlarla münasibətlərini qələmə almaqla bu böyük sorğuya cavab tapmaq istəyir.
Ömrün müdrik çağlarını yaşayan, dünyanın sevincini, fərəhini, ağrı-acısını görmüş, el-obada, ailədə, sənətdə, çalışdığı vəzifələrdə özünü təsdiq etmiş insanın keçdiyi həyat yoluna baxanda gördükləri çoxdur.
Bu barədə yazır:
-Deyirlər ki, gərək insan cavanlığında elə işlər görsün ki, qocalanda gənclik illərinə nəzər salanda acı xatirələr yox, şirin duyğularla yaşasın...
Bəli, şirin duyğular, xoş məqamlar təşkil edir Hacı İmran Əbilovun həyat leytmotivini. Gənclik illərində ağır müharibə dövrünə, həmin vaxtın gətirdiyi mərhumiyyətlərə baxmayaraq oxuyub savad alıb. Aldığı biliyi istehsalata tətbiq edə bilib. Özünə və başqalarına tələbkar olub. Başlıcası isə insanları istedadına inandırıb, onları arxasınca apara bilib. Vəzifələrdə çalışanda yüksək təşkilatçılığı diqqəti cəlb edib. Təsadüfi deyil, 22 il 4 ay Azərbaycan Kənd Təsərrüfatı Nazirinin müavini olub... Həmin dövrlərdə respublikada heyvandarlıqda geriliyin aradan qaldırılması, bu sahədə damazlıq işinin təşkili, onun sənaye üsuluna keçirilməsi və elmi əsaslarla idarə olunmasında əməyi var.
Kitabda Vətənə, xalqına, valideynlərinə, övladlarına, dostlarına böyük məhəbbət dolu səhifələr diqqəti çəkir. Həmçinin doğma kəndində, rayonda, respublikada işlədiyi müddətdə dostluq etdiyi insanlarla bağlılığı onun gözəl xüsusiyyətləri kimi üzə çıxır.
İmran müəllimin ulu öndər Heydər Əliyevlə görüşlərinə həsr etdiyi səhifələr böyük məhəbbətlə oxunur, unudulmaz xatirələrdir və müəllif indi də onların işığında özünü xoşbəxt sayır.
Atası Rəşidin keçdiyi gərgin həyat yoluna, övladlarının fəaliyyətinə həsr olunan xatirələri də həyəcansız oxumaq olmur. Həmçinin qardaşı, Prezident təqaüdçüsü Şirvan Əbilovun ulu öndər Heydər Əliyevlə görüşləri, dövlət qarşısında xidmətləri haqqında yazısı da maraqla oxunur.
Təəssüratlar:" 1975-ci ilin ortaları idi. Mərkəzi Komitənin bürosunda Abşeron rayonundakı Ramana südçülük kompleksinin cins mal-qara ilə təmin olunması məsələsi müzakirə olunurdu. RPK-nin birinci katibi Tamara xanım Hümbətova şikayətləndi ki, kompleksi keyfiyyətsiz tikiblər, həm də mal-qara gətirə bilmirik. MK-nin birinci katibi Heydər Əliyev büronu özü aparırdı.
Müzakirə zamanı Nazirlər Sovetinin sədr müavini Ş.Rasi-zadəyə, MK-nın şöbə müdiri L.Rəcəbovaya, KT naziri M.Xəlilova və mənə tapşırıldı ki, təcili kompleks yenidən qurulsun və cins mallarla təmin edilsin.
Bürodan sonra tapşırığa əsasən mən, sovxozlar nazirinin müavini H.Abdullayev, KTN-nin idarə rəisi N.Bağırov Belorusiyaya cins mal gətirmək üçün ezam olunduq. Minskdə olduq və oradan da Brest şəhərinə yollandıq.
Böyük Vətən müharibəsinin ilk günü Brest qalasına olan hücumun acı nəticələrini gördük. Həqiqətən də xalq və ordu böyük qəhrəmanlıq göstərmişdir. Adam bu mərdliyə və göstərilən şücaətə valeh olurdu.
Qalanın və binaların bütün divarları minlərlə güllədən deşilmişdi. Nəzərdə tutulan plana görə biz 600 baş Polşadan gətirilmiş cins malları qəbul edib, Bakıya yola saldıq. Nazir müavini rəhmətlik Hacıməmməd Abdullayev özü də vaqonla Bakıya qayıtdı.
Mən və rəhmətlik Nurəddin Bağırov isə təyyarə ilə Minskə getdik. Orada Belorusiyanın nazir müavini Minçenko bizi Belaya Puşşada qonaq elədi və sonra biz Bakıya qayıtdıq. Heydər Əliyevin tapşırığını icra etdiyimiz üçün çox sevinirdik və qürur duyurduq. Bu da yadda qalan yaxşı xatirələrdəndir."
"İlk dəfə xaricə səfərim Hindistana olub. Mən keçmiş Sov.İKP MK-da Aleksandr İvanoviç Linkovun və SSRİ KT nazirinin müavini Lev Nikolayeviç Kuznetsovun təklifi ilə Hind-Sovet simoziumunda (camışçılıq üzrə) iştirak etmək üçün noyabr 1978-ci ildə Hindistana getdim. Nümayəndə heyətinə görkəmli alim, dünya camışçılıq elminin banilərindən biri prof. Ağaxan Ələsgər oğlu Ağabəyli, Azərbaycanın keçmiş MK-nın şöbə müdirinin müavini Surxay İmran oğlu Tağızadə, Gürcüstandan İvan İliç Sivsivadze daxil idilər.
Moskvada olarkən məlum oldu ki, prof. A.Ağabəyli infarkt keçirtmişdir.Bu səbəbdən onu Hindistana buraxmadılar. Hindistana təyyarə ilə uçduq və orada bizi qarşıladılar. Hindistan Kənd Təsərrüfatı nazirinin birinci müavini doktor Soni qəbul zamanı ilk sözündə Ağabəylini soruşdu. Sonra axşam səfir Vorontsov bildirdi ki, simpoziumu Hindistanın Kənd Təsərrüfatı Nazirliyi Ağabəylisiz keçirmək istəmir. Həmin simpozium Sovet-Hindistan adına olsa da, oraya 50 ölkədən nümayəndələr, alimlər dəvət edilmişdi. SSRİ Hökumətinə bu barədə məlumat verildi. Səhərisi gün Ağabəylini təcili Hindistana yola saldılar. Professorun gəlişi bizi, və alimləri çox sevindirdi."
Dostlar və tanışlar insan şəxsiyyətini təsdiq edən amillərdən ən əsaslarıdır. İmranın kitabda adını çəkdiyi dostları respublikanın ictimai və siyasi həyatında böyük rolu olan vəzifə sahibləri, ziyalıları, yazıçılar, şairlər, alimlər, incəsənət adamlarıdır. Onlar barədə qısa məlumat verilməklə yüzlərlə dövlət, elm, incəsənət xadimi oxucuya təqdim edilir... Təkcə çağdaş şair və yazıçıların adı kifayət edir ki, müəllifin gərgin işi, vaxtının azlığı müqabilində yaradıcı şəxsiyyətlərlə bağlı insan olduğunu təsdiqləsin. Lənkəranda tələbə olarkən xalq şairi S.Vurğuna məktub yazması, Rəsul Rza, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Nəbi Xəzri, Xəlil Rza, Əliağa Bakirlə görüşlərini müəllif çox böyük sayqılarla xatırlayır.
“Dağlıq Qarabağ hadisələri”, “Tükürpədici hadisələr” sərlövhələri ilə verilən yazılarda nazir müavini kimi Qarabağın ayrı-ayrı bölgələrində heyvandarlığın vəziyyəti barədə məlumat almaq üçün gedərkən üzləşdiyi çətinliklər az qala insan həyatı bahasına başa gələn olayları həyəcanla təsvir edir.
Vəzifəsi ilə əlaqədar Azərbaycanı qarış-qarış gəzən İmran Əbilovun səfər coğrafiyası eyni zamanda dünyanın bir sıra məmləkətlərini əhatə edir.
Hindistan, Misir, İsveç, Bolqarıstan, Ukrayna, İran, Belorus, Rusiyanın – Moskva, Penza, Krasnodar, Belqorod, Orenburq və s. şəhərlərində işgüzar görüşlər, müşavirələr, təcrübə mübadilələri geniş və dolğun təsvir olunur.
Əsərləri Hindistanda, Misirdə, Bolqarıstanda, Rusiyada, İtaliyada çap edilmişdir.
İmran Əbilovun özünəməxsus poetik düşüncələri vardır.Bu baxımdan onun "Qocalıq" şeiri dərin məna kəsb edir.


Tərk edir bu canı cavanlıq quşu,
Yerinə astadan gəlir qocalıq.
Qarşıda görəndə eniş-yoxuşu,
Yolları ikiyə bölür qocalıq.


...
Cavanlıq havası çıxmır başımdan,
Ayrıla bilmirəm o ilk bahardan.
Cavan görünsəm də mən öz yaşımdan,
Hərdən sataşmağı bilir qocalıq.


...
Cavanlıq, insaf et, getmə tez belə,
Məni xoş arzular gözləyir hələ.
Qanrılıb baxdıqca mən hər gözələ,
Astaca qımışır, gülür qocalıq.


...
Ömür təqvimindən qopur varaqlar,
Məni qış axtarıb, boran soraqlar.
Artıq zülmət gəlir, sönür çıraqlar,
Gözümün zığını silir qocalıq.


...
Gəncliyin qədrini cavanlıqda bil,
Atılan ox geri qayıtmaz bir də.
Günəş də qocalır, əbədi deyil,
Axırda özü də ölür qocalıq.


İmran Əbilov kitabında yürüş etdiyi bütün səhifələri insan haqqında, ömrün hikməti, mənəvi dəyərləri barədə ən gözəl sözlərdən çələng kimi hörüb.
“Ləyaqət” sərlövhəli yazıdan “boylanan”, orada obrazlaşdırılan insanların müəllifə daha çox bənzəri var. O, dünyanın böyük şəxsiyyətlərini zəngin insani, zamanın bütün keşməkeşlərinə baxmayaraq, dəmir zindanda, kürədə, odun içində polad kimi döyülüb çıxan, bərkiyən, ləyaqət sahibi olan, öz ləyaqətini qoruyub saxlaya bilən insanlar adlandırır. Qəlbindən gələn lirik misralarla bu ləyaqətli insanın – dünyanın ən mərd, uca, ən xoşbəxt adamının portretini yaradır.
Ləyaqət deyilən bir qismət vardır,
Kimə pay düşərsə daim ucalar.
Ləyaqət sahibi nə bəxtiyardır!
Tanrı mükafatı başa tac olar.
Bəli, Tanrıdan böyük mükafatı xalqa xidməti, cəmiyyətdə hörməti, xoşbəxt ailəsi, uğurlu nəsil şəcərəsidir İmran Əbilovun.
Qeyd etdiyimiz kimi İmran Əbilovun müəllifi olduğu "Vətənə vurğun: ömürdən səhifələr" mənalı həyatından bəhs edən 280 səhifəlik kitabı “Bakı”, “Araz” nəşriyyatında, ADU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Aşayevin redaktorluğu ilə çap edilmişdir .
Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisi, Əmək və Qarabağ müharibəsi veteranı İmran Əbilov ömrünün ahıl çağını yaşasa da, yenə fəaliyyətdədir. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür.
Əlihüseyn ŞÜKÜROV,
AzPESS.az.
MASALLI.
Rusiya Jurnalistlər İttifaqının və Azərnbaycan Jurnalistlər Birliyinin üzvü. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !