Orijinal düşüncəsilə yeni sözlər, fikirlər deyən insan - - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Orijinal düşüncəsilə yeni sözlər, fikirlər deyən insan - Ağalar İDRİSOĞLU (+FOTOLAR)

Qarşımda “Statusman” adlı belə bir maraqlı kitab var. İlk öncə onu vurğulayım ki, statusman sözü ədəbiyyat aləmində yeni sözdür. Bu sözü də əlbəttə, özünün orijinal düşüncə tərzi olan, bu kitabın müəllifi Hümbət Quliyev düşünüb tapıb. Çünki o, bir vaxtlar iki qat dolma, “Sumqayıt” dolmasını yaradanda və bu dolma beynəlxalq müsabiqələrdə gümüş və qızıl medallar alaraq, layiqli yerlər tutanda, Azərbaycan mətbəxinə yeni təəam kimi düşəndə də ilk əvvəl bu icadı çox adam qəbul eləmirdi. Amma bu gün “Sumqayıt” dolması azərbaycanlıların ən sevdiyi yeməklərdən biridir. Bu icadı və tapıntısı ilə Hümbət Quliyev həmin vaxtı ermənilərə sübut etdi ki, dolma azərbaycanlıların milli yeməyidir. Artıq UNESCO da bunu təsdiqlədi ki, dolma məhz azərtbaycanlılarındır. Hümbət Quliyev göz həkimi işlədiyi vaxtlarda da, göz xəstəliklərinin müalicəsi ilə bağlı çoxlu yeniliklər etdiyinə, yaxşı mütəxəssis olduğuna görə keçmiş Sovetlər Birliyində həkim kimi yüksək vəzifələr tutdu. Ona dünya səviyyəli məşhur həkimlər gözlə bağlı çətin cərrahiyyələri etibar etdilər. Azərbaycana biznesin sirrlərini gətirməklə də Hümbət Quliyev çoxlu yeniliklərə imza atdı. Deməli, Hümbət Quliyev yenilikçi, yeni sözlər deməyi, yeni sahələr kəşf etməyi bacaran azərbaycanlı oğlu, dəyərli ziyalı, yüksək ixtisaslı həkim, peşəkar biznesmen və maralı filosofdur.
Mən uzun illərdir ki, Hümbət həkimlə yaxın təmasdayam və hər dəfə onunla olan söhbətlərimdən məmnunluq duyuram. Hümbət həkim orijinal düşüncə tərzinə malik, çox dəyərli ziyalıdır. Hər bir görüşümüzdə də həyat, zaman, dövlət, dövlətçiliklə, dünya məsələləri haqqında, fəlsəfə ilə bağlı o, elə maraqlı fikirlər deyir ki, ətrafında olanlar onun ağlına, düşüncəsinə heyran olurlar. Hər dəfə görüşümüzdə mən Hümbət həkimə deyirdim ki, bütün bu dediklərinizi qələmə almaq lazımdır. Düzdür bu fikirlərdən bəzilərini Hümbət Quliyev axır vaxtlar feysbuk ( feys -sifət,üz, buk-kitab deməkdir) səhifələrində insanlarla bölüşür və onun bu fikirlərinə də feysbuk dostları maraqlı münasibətlərini bildirirlər. Daha düzünü desəm onun bu fikirləri elə həmin feysbuk səhifələrində çox maraqlı dialoqlara, sual-cavablara və maraqlı müzakirələrə çevrilir.
Bu ilin fevral ayında isə Hümbət həkim mənə bildirdi ki, “Statusman” adlı kitabı çap olunub və bu kitabın Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya Evində təqdimat mərasimi olacaq. Açığı Hümbət həkimin kitabının çap olunması mənim üçün gözlənilməz oldu. Çünki kitabının çap olunacağı haqda mənə heç nə deməmişdi. O, bunu hamıya sürpriz kimi təqdim etmək istəyirdi. Amma həmin vaxt mən xəstəxanada olduğuma görə təqdimata gedə bilmədim. Həmin təqdimatda olanlar sonra mənə bildirdilər ki, “Statusman” kitabının təqdimatı çox yüksək səviyyədə keçib. Bakı və Sumqayıt şəhərlərinin çoxlu ziyalıları və yazarları həmin tədbirdə iştirak edib və kitabla bağlı özlərinin maraqlı fikirlərini deyiblər. Bu yaxın günlərdə həmin kitabı oxumaq mənə də nəsib oldu. Və bu kitabı oxuduqca gördüm ki, Hümbət Quliyev təkcə insan psixologiyasını dərindən bilən həkim və savadlı iş adamı deyil, o, həm də maraqlı yazıçı, publisist və dərin düşüncəli filosofdur. Ona görə də belə qərara gəldim ki, Hümbət Quliyevin bu kitabı Kütləvi İnformasiya Vasitələrində hökmən təbliğ olunmalıdır.
Bu gün məmləkətimizdə kitab oxumaq unudulduğuna və böyük problemə çevrildiyinə görə, səmimiyyətlə deyə bilərəm ki, “Statusman” kitabını oxuyanlar da vaxtlarının boş keçməyəcəyinə sevinəcək və bu kitabdan çox şeyi özləri üçün əxz edəcəklər. Hətta bu kitab onların stolüstü kitabı olacaq. Kitabdan bəzi nümunələri oxuculara təqdim etməmişdən əvvəl ilk öncə Hümbət Quliyev haqqında məlumat vermək istəyirəm.
Qısa arayış: Hümbət Həsən oğlu Quliyev 1972-ci ildə Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbi bitirib. 1972-1973-cü illərdə - Sumqayıt Kompressorlar zavodunda cilalayıcı vəzifəsində çalışıb. 1973-1977-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ( indiki Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsində təhsil alıb. Sonra 1977-1979-cu illərdə Rusiya Fedorasiyasının Saratov şəhərindəki Tibb Universitetinin hərbi-tibbi fakültəsində təhsilini davam etdirib. 1979-1985-ci illərdə Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim və sonra baş həkim işləyib.
1985-1987-ci illərdə Leninqrad (hazırkı Sankt-Peterburq) hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında çalışıb. Özünü yenilikçi həkim kimi sübut edib. Məhz bundan sonra ona Sovetlər ölkəsi üçün daha cavabdehli işi tapşırıblar. Belə ki, 1987-1992- ci illərdə Hümbət həkim Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində işləyib. Orada özünün yüksək ixtisaslı həkim kimi bir daha sübut edib.
1991-ci ildə Berlin Biznes Məktəbini bitirib. Hümbət Quliyev bu sahədə Almaniyada təhsil alan ilk azərbaycanlıdır.
1993-1997 -ci illərdə Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.
1997-1999 -cu illərdə Azərbaycan Respublikası Prezident Adminstrasiyası Nəzdində Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində departament rəhbəri vəzifəsində çalışıb.
1999-2004-cü illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Sumqayıt Sahibkarlar Assosiasiyasının sədri olub. Elə həmin vaxtlar “Sumayıt market” qəzetinin təsisçisi və baş redaktoru kimi də çalışıb.
2004-2008 -ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Abşeron Regional İnkişaf Şöbəsinin Müdiri işləyib.
2008-ci ildən Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri, “Cökəli” firmasının təsisçisi və direktorudur.
Hümbət Həsən oğlu Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə iştirak etməklə, Azərbaycanı layiqincə təmsil edib.
Deməli, 64 illik ömründə keşməkeşli, maraqlı həyat təcrübələri ilə dolu çox zəngin bir ömür yaşayan, dünyanın çoxlu ölkələrində olmuş və ən nəhayət yüksək biliyə, savada malik, dərin fəlsəfi düşüncəli Hümbət Quliyev kimi bir insan belə maraqlı kitab yaza bilərdi və yazdı da. Əlbəttə, o, yazıçı olmaq iddiası ilə yaşamır. Amma o, tibb, sahibkarlıq sahəsində yeni sözlər deməyi, özünün orijinal fikirlərilə çoxlu insanları öz ardınca aparıb, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri olduğu kimi, yazıçılıq, publisistika sahədə də yeni söz deməyi bacardı. İnanıram ki, Hümbət həkimin bu kitabı az bir vaxtda böyük oxucu marağı qazanacaq və müəllifinə layiqli şöhrət gətirəcək. Əgər başqa dillərə tərcümə olunsa həmin millətlərin də marağına səbəb olacaq.
Beləliklə, Hümbət Quliyevin “Statusman” kitabından seçmələri sizə təqdim edirik.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 


KƏPƏNƏK XOŞBƏXTLİYİ

 

Kəpənəklərin bir növü haqqında məlumat məni düşündürdü.
Latınca “ephemerotera” adlanan kəpənək cəmi bir gün yaşayır. Adının tərcüməsi də “birgünlük” deməkdir.
Təsəvvür edirsinizmi? Cəmi bir gün yaşayır bu kəpənək! Bu kəpənək haqqında daha bir neçə məlumat vermək istəyirəm: Gözəl olur, agızları olmur. Gün ərzində axtarıb sevgilisini tapır, birgə yaşayır, günün sonuna dişi kəpənək yumurtalarını bir yarpağın arxasına qoyur. Günün sonunda hər ikisi bu dünyanı tərk edirlər.
Əvvəl kəpənəyin əlamətlərinə münasibətimi bildirirəm: Gözəl olmaları təbiidir, çünki onlar elə ilk baxışdan biri birinə vurulmalıdır. Sonrakı baxışlara, sadəcə, vaxt yoxdur. Agızları da ona görə yoxdur ki, bir gün yaşamaqçün yeyib-içməyə ehtiyac qalmır. Hə, elə buna görə də agızın ehtiyacından dogan çoxlu problemlərdən onlar azaddırlar. Belə..!
Görünən odur ki, bu kəpənəklərin sevmək və sevilmək ehtiyaclarından başqa heç bir istəkləri olmur! Təsəvvür edirsinizmi? Yalnız sevgiyə həsr olunan bir gün. Daha dogrusu, sevgi ilə dolu bir ömür.
Təsəvvür edək, səhər erkək kəpənək öz baramasından (pupundan) çıxır və öz gözəlinin axtarışına yollanır. Dişi kəpənəklər topa-topa uçaraq rəqs edirlər. Bu topanın içərisindən erkək kəpənək, öz seçimini edib ona yaxınlaşır və artıq onlar birgə rəqs edirlər. Qanadları ilə də onlar sevgilərini bir-birinə izhar edirlər. Sevgi, mütləq, qanadlı olmalıdır. Sevəndə qanadlanan insanlar bunu yaxşı bilirlər. Başqa şeylərdə də insanların kəpənəklərlə çox oxşarlıqları var. İnsanlar da həyata gəlirlər, böyüyəndən sonra öz yarılarını tapıb onunla ailə həyatı qururlar, həyata övlad gətirib sonda bu dünyanı elə kəpənəklər kimi də tərk edirlər. Sadəcə, fərq ondadır ki, kəpənəklərin bir günə etdiklərini insanlar 80-100 ilə edirlər. Bəs fərq nədədir? Fərq ondadır ki, insanın agızı var. O, bu agızı gündə ən azı üç dəfə yedirib-içirtməlidir. Çox hallarda isə insan həyatı elə bu agıza qulluqda keçir.
Qayıdaq sevgidən başqa heç bir ehtiyacı olmayan kəpənəklərimizə. Bütün həyatlarının mənası məhəbbət olan cütlüyümüzə.
Yeganə neməti sevgi olan bir həyat təsəvvür edin. Yalnız birinə tam, axıra qədər, qalıqsız verilən sevgi! Şübhələrsiz, iradlarsız, yalanlı olmayan saf və ülvi sevgi! Təəssüf hissinin ola bilməyəcəyi bir izdivac! İlahi bu nə gözəldir?..
Bu, bir kəpənək qismətidir – sevgi dolu bir ömür!..
Əminəm ki, Ulu Tanrı insanların “yalançı” sevgilərindən usananda bu kəpənəklərin sevgilərinə tamaşa edir, sevinir və öz ilahi rahatlıgını tapır!
Ulu Yaradan insana daha da mərhəmətli olub ona minlərlə günlük həyat bəxş edib, onun da hər gün xoşbəxt olmasını istəyir. Amma çox təəssüf ki, bu imkandan insan həmişə yararlana bilmir! Eyni zamanda, ən dəhşətlisi budur ki, insan istənilən yaşda geri baxanda öz həyatını elə bir gün kimi görür. Yüz yaşında olsa, belə.
Əslində, insan elə yaşadıgı bu günü yaşayır. Dünən artıq yoxdur, sabah isə hələ gəlməyib. Biz həmişə elə bir gündə – bu gündə yaşayırıq.
İndi sadə bir sual ortaya çıxır: İnsan bir gün öz agzını baglayıb kəpənək ömrü yaşaya bilərmi? Cəmi bir gün! Səhərdən axşama kimi olan həyatını sevdiyinə həsr eləsin. Onu sonsuz dərəcədə sevib xoşbəxt eləsin. Xoşbəxt elədiyinin xoşbəxtliyindən özü də sonsuz xoşbəxt olsun! Bu xoşbəxtliyinin içərisində insan ani olaraq anlasın ki, saysız günlərini necə səmərəsiz, mənasız, “vaxt öldürməklə” keçirib.
İnsan elə ömürü boyu bir kəpənək sevgisi arzulayır, amma onu xəyallarında görür. Ən yaxşı halda isə o sevgini şeirlərdə, yazılarda vəsf edir.
Dostlar, ömrə bərabər bir gün üçün, bəlkə,siz də cəhd edəsiniz?


***

GÜZGÜ HAQQINDA

 

Güzgü həyatımızın ayrılmaz hissəsidir. Çünki, insanın özünü görmək istəyi və ehtiyacı var. Həm də insançün özünün başqalarına necə görünməsi də çox vacibdir.
İnsan özünü dərk edəndən güzgüyə baxmağa başlayır. O, güzgüdə gördüyünə vərdiş edir, özünü öz əksi ilə eyniləşdirir və özünü elə orada gördüyü kimi də qəbul edir.
Siz bilirsinizmi ki, güzgü bizləri aldadır?! Hə, hər dəfə biz ona baxanda aldadır! Necə? Çox sadəcə. O bizləri özümüzə həmişə “tərs” göstərir! Yəni sağ tərəfi sol və əksinə. Güzgü qarşısında dayanıb sağ əlinizi qaldırsanız, sizin güzgüdə olan əksiniz sol əlini qaldıracaq. Bu, təkcə əlinizə aid deyil, bütün bədəninizə, sifətinizə də aiddir. Güzgüdən aralanıb real bədəninizə baxa bilərsiniz, amma sifətinizə baxa bilməyəcəksiniz. Paradoks da ondadır ki, başqalarının gördüyü sifətimizi özümüz olduğu kimi görə bilmirik. Bayaq dediyim “tərs” səbəbindən bizim gerçək sifətimiz güzgüdə gördüyümüz sifətdən fərqlənir! İş ondadır ki, bizim üz quruluşumuz asimmetrikdir, yəni simmetrik deyil. Bu, o deməkdir ki, burunu orta xətt kimi qəbul etsək, sifətin sağ və sol tərəfləri başqadır.
Fikir vermisinizmi, hər dəfə şəkil çəkdirəndə ilk təəssüratımız o olur ki, “pis” düşmüşük, “heç özümüzə oxşamırıq” və sairə. Çünki şəkildə gördüyümüz sima, gündə güzgüdə gördüyümüz və “özümüz” kimi qəbul etdiyimiz simadan fərqlənir. Amma həmin şəkli dostlarınıza göstərsəniz, deyəcəklər ki, nə istəyirsən, özünsən də! Onlar haqlıdırlar, çünki onlar sizi hər gün elə görürlər.
Bunları niyə yazıram? Demək istəyirəm ki, güzgüdəki əksimiz bizim vərdiş edərək qəbul etdiyimiz yalançı bir əksimizdir. Biz, güzgü yalanının qurbanlarıyıq! Güzgü bunu soyuqqanlıqla, hər dəfə biz ona baxanda edir!
İndi bir vacib sual ortaya çıxır: Axı, güzgü bizi niyə aldadır?
Fikir vermisiniz, güzgünün şəffaf ümman dərinliyinin qüsursuz bir gözəlliyi var! Biz onun bu gözəlliyinə diqqət yetiririkmi? Bu gözəlliyin fərqinə varırıqmı? Yox! Biz onun qənirsiz qəşəngliyinə laqeyidik. Biz, onun parlaq gözəlliyi içərisində yalnız özümüzə vurğunuq ! Bu bənzərsiz gözəlliyin içərisində, ancaq öz gözəlliyimizin axtarışındayıq! O da gözəl xanım kimi bizə bu laqeydliyi bağışlamır. Gözəl xanımlar bizlərə hər şeyi bağışlayarlar, yalnız laqeydlikdən başqa!
O da bağışlamır və özünəməxsus tərzdə bizdən heyfini alır, bizi özümüzə “tərs” göstərir!
İndi gedib güzgünün qabağında dayanın və onun bizə olan böyük yalanına şahidlik edin!


***

SİÇANLAR HAQQINDA

 

Siqaret çəkənlər vərdişlərinin ziyanlı olduğunu yaxşı bilirlər. Hər il dünyada siqaretin fəsadlarından ölən 5 milyon insanın hər biri də bunu yaxşı bilib. Hər il təkcə Rusiyada bu səbəbdən ayagı kəsilən 20.000 insan da bundan agah olub. İndi bu yolda olanlar da bu vərdişin onları hara apardığından gözəl xəbərdardırlar! Belədirsə onda sadə bir sual ortaya çıxır: Bütün bunları bilənlər niyə bu ölümcül vərdişlərindən əl çəkə bilmirlər?
Biləsiniz ki, cavab sualdan da sadədir. Yazıram:
Siçanlar üzərində belə bir təcrubə aparıblar. Siçan beyninin “ləzzət” mərkəzinə nazik bir naqil yerləşdiriblər. Naqilin ucunu anten kimi başın üzərinə çıxarıblar. Qəfəsin bir küncünə də zəif elektrikə qoşulmuş digər naqil çıxarıblar. Sicanın başındakı naqil digər naqilə toxunanda çüzi elektrik impulse siçanın “ləzzət” mərkəzini qıcıqlandırıb və sican bir “kef” payını alıb. Siçan bunu öyrəndikdə saniyədə onlarla dəfə iki naqili birləşdirib “kayf” tuturmuş. O yeməkdən, içməkdən belə imtina edir. Aralaşdırıb buraxan kimi siçan yenə ora cumur, saatlarla bu “işlə” məşgul olur!
İnsan beynində də eynilə belə bir mərkəz var. Həmin mərkəzi qıcıqlandırıb ləzzət almaq üsullarından biri də siqaret çəkməkdir. Tüstünün qıcıqlandırıcı təsirini hamınız bilirsiniz. Siqaret çəkməyin də məğzi odur ki, insan dərindən nəfəs (qullab) vasitəsilə tüstünü ağ ciyər alveollarına çatdırır. Oksigen əvəzinə tüstü alan bu zərif toxumanın divarlarında yerləşən sinirlər qıcıqlanır və impuls beyinin ləzzət mərkəzinə çatır. Sonrasını artıq bilirsiniz. İnsan bununla “kayf” tutur. Qullab- qullab dalınca, bütün gün, bütün il! Əlbəttə, ilk vaxtlar ləzzət çox olur, sonra hisslər kütləşsə də, insan ömürü boyu, hər qullabda o ilk ləzzəti gözləyir! Bu ləzzət axtarışında olan insan siqaretin bütün ölümcül fəsadlarına göz yumur. Hər dəfə də düşünür ki, bu fəsadlar ondan yan keçəcək, çünki o “xüsusi” bir orqanizmə malikdir!
İndi böyük bir qəfəs təsəvvür edin. Qəfəsin bir küncündə “siqaret ləzzəti” naqili, digər tərəfdə “sağlam yaşamaq” naqili. Necə fikirləşirsiniz, bir gün siqaretdən məhrum insanı ora buraxsaq, hansı naqili seçər? Cavab aydındır!
İndi sizdən soruşuram, insanın siçandan fərqini görən oldumu?
Dünyanın ən ağıllı məxluqunun, əşrəfinin reaksiyasını təsəvvür etdinizmi?
İndi siz də həmişə siqaret çəkənlərə mənim gözümlə baxa biləcəksiniz!
Bunu onlara deyə də bilərsiniz. Arxayın olun ki, birinin də nə səsi, nə də civiltisi çıxmayacaq! Uzaq başı əsəbiləşib, növbəti siqaretlərini çəkəcəklər. Özü də daha dərin qullabla!

 

***

ALLAH VERDİ, ALLAH DA ALDI

 

Leninqradda (indiki Sankt-Peterburq), Akademiyanın göz xəstəlikləri kafedrasında səs yayıldı ki, iki il bundan əvvəl bir müsəlman ölkəsinə ezamiyyətə gedən və orada çalışan həmkarımız qayıdıb. Ordinatorluq tibbi personalla tez doldu. Mən də getdim. Sovet dövrü xaricə getmək yaxşı şans sayılırdı. Orada qazanılan pulla maşın almaq, ev-eşik düzəltmək olurdu. Həmin vaxtı SSRİ qapalı ölkə olduğundan xaric haqqında istənilən məlumat da maraq doğururdu.
Qonaq məmnun idi, suallara həvəslə cavab verirdi. Bir həkim həmkarımın sualına qonağımızın cavabı mənim beyinimi qaynar su kimi yandırdı. O vaxtdan çox illər keçməsinə baxmayaraq, həmin epizod yadıma düşəndə beynimin yanmış yeri hələ də göynəyir...
Həkim soruşdu: “Tutaq ki, mən də oraya getdim və əməliyyat vaxtı mənim səhvim ucbatından bir müsəlmanın gözü kor oldu. Mənim cəzam nə olar?”
Qonaq geniş və ucadan gülümsəyərək dedi: “Bu qəribə müsəlmanların bir deyimi var: Allah verdi, Allah da aldı. - dönüb sual verən həkimə xitabən dedi- arxayın ol, sənin heç bir cəzan olmayacaq!”
Hamı ucadan yarı istehza ilə gülüşdü. Əlbəttə, məndən başqa! Heç kim hiss etməsə də, mən mat-məəttəl, başımdan tüstü çıxa-çıxa baxırdım!
Beynim cavabı heç cür qəbul etmək istəmirdi, məntiqim üsyan edirdi. Necə yəni Allah verdi, Allah da aldı?
Bu nə tibb ocağıdır? Hansı zəmanədir? Həkim səhvi müvafiq qaydada araşdırılmalıdır, qəbul edilmiş qaydada həkim cəzalandırılmalıdır, həkimlərin iştirakı ilə müfəssəl analiz aparılmalıdır ki, səhv bir daha təkrar olunmasın. Hipokratdan bəri bütün dünyada belə edilir! Təsəvvürümdə çox geridə qalmış bir ölkə təsvir etdim, hərçənd ki, qonağımız orada olan göydələnlərdən, bahalı maşınlardan danışırdı...
Həkim otağını bəhanə ilə tez tərk etdim. Gedə-gedə öz suallarıma cavab tapa bilmirdim. Axı İslam son və mütərəqqi dindir. İslamda elm hər cür təşviq olunur. Bəs hardandır bu avamlıq, mütilik?
Bu xatirəmlə niyə bölüşdüm? Son zamanlar ətrafımda tez -tez eşitməyə başlamışam: “Allahın işidir, Allah bilən yaxşıdır, biz nə karəyik ki,” və sairə. Sizə elə gəlmirmi belə suallarla biz öz laqeydliyimizə, mübarizsizliyimizə, laqeyidliyimizə, tənbəlliyimizə bəraət qazandırırıq?
Bəs “səndən hərəkət, məndən bərəkət”i hansı divara şüar kimi yazıb vuraq?!
Nə səbəbə bu müsəlmanlar yaxşı təhsil, güvənli təbabət və ədalətli cəmiyyət arzusu ilə xristian ölkələrinin səfirlikləri qarşısında növbələrə düzülürlər? Bütün sadaladıqlarımı etməyə bizə nə mane olur?
Bircə sualım var. Biz, fərd olaraq, cəmiyyət olaraq, dövlət olaraq nələri edək ki, avam və müti insanlarla dolu bir ölkəyə çevrilməyək?! Gəlin birlikdə düşünək!

 

***

YAZI HAQDA HƏQİQƏT

 

İnsanlar “sağaxaylara” və solaxaylara bölünürlər. Solaxaylar dünya əhalisinin cəmi 5-10%-ni təşkil edir. Bu statistikanı niyə gətirdim? Bilirsinizmi ki, bir solaxayın min illər əvvəl etdiyi bir kəşfdən sağaxaylar bu bün də əziyyət çəkirlər? O birinci solaxay necə “solaxay” iş görübsə, biz sağaxaylar indi də çətinlikdəyik!
O, solaxayı da günahlandırmaq çətindir, o kəşfi özü üçün edib, sağaxaylar da düşünmədən o etdiyini təkrar ediblər! Biz də bunu təkrar etmək məcburiyyətindəyik!..
Keçirəm mətləbə. Söhbət qələm ilə kagız üzərində yazmağımızdan gedir. Hə, adi yazı yazmağımızdan. Daha dəqiqi, soldan sağa yazmagımızdan.
Farslar, ərəblər sağdan sola yazırlar və onların yazısı məhz sağaxaylar üçündür. Ərəb, fars yazı yazmağa başlayanda sağ əlini aparıb qoyur vərəqin elə sağ küncünə. Əlini sağdan sola hərəkət etdirdiyindən yazacağı yeri həmişə (!) görür. O, yazdığı hərifin bütün yazılış dövrünü gözlərinin nəzarətində saxlaya bilir.
Bu səbəbdən onlar düz və qəşəng yazırlar.
Biz adət etdiyimiz yazıda, sağ əlimizi çarpaz olaraq aparıb qoyuruq vərəqin əks, sol küncünə. Bu səbəbdən öz əlimiz yazacağımız yeri bağlayır və biz yazacağımız yeri görmürük. Yazdığımız həriflər əlimizin arxasından yazıldıqdan sonra "peyda" olur. Biz böyüklər buna vərdiş etdiyimizdən çox da hiss etmirik. Uşaqlarda bu, özünü kəskin büruzə verir! Yeni yazmaq öyrənən uşaqlar yazdıqlarını görmək üçün başlarını sola əyməyə məcburdurlar! Sinif müəllimlərinin, valideynlərin "işi-peşəsi" uşağa "başını əymə", "düz otur" deməkdir. Necə düz otursun, necə başını əyməsin, yazdığını görmək istəyir axı?! Onurğa əyriliyi də uşaqlarda adətən elə sola da olur, təəssüf ki!
Nə etməli? Nə edə bilərik ki?! Heç nə! Əziyyət çəkib öyrənmişik, onlar da əziyyət çəkib öyrənəcəklər!
Belə. Fikirləşdim ki, bunları bilsəniz, maraqlı olar. Həm də bildiklərimdən təəssüf hissi keçirən təkcə mən olmaram!

 

***


SİMBİOZ

 

Təbiətdə parazitizm və simbiozluq adlanan münasibətlər var. Yəqin televizorda görmüsünüz, timsah ağzını açıb, bir quş da onun dişlərinin arasında qalmış qida qalıqlarını yeyir. Timsah yeyə biləcəyi quşa toxunmur. Bu, hər iki tərəf üçün faydalı münasibət – simbiozdur. Quş ət yeyir, timsah da öz ağız boşluğunu qida qalıqlarının yarada biləcəyi fəsadlardan profilaktika edir.
Parazitizmdə isə yalnız bir tərəf faydalanır, ikinci tərəf ziyan görür. İnsan-heyvan münasibətində zəli istisna olmaqla bütün qansoran həşəratlar parazitdirlər. İnsan zəli ilə də simbioz münasibətlər qura bilir.
Həmçinin, ev heyvanları ilə də insan simbioz münasibətlər qurub. İnsan onları saxlayır, qulluq edir, bunun qarşılığında onlardan süd, yun, yumurta, bal götürür.
Cəmiyyətdə, insanlar arasında da həm simbioz, həm də parazit münasibətlər mövcuddur. Təbii ki, insanların birgəyaşayış sisteminə hərənin öz payı, əməyi, töhfəsi olmalıdır. Sağlam cəmiyyətdə bu, qayda kimi qəbul olunmalıdır.
Ailə, qadın-kişi münasibətləri simbioz prinsipi üzərində qurulmalıdır. Əslində, ailə kişi ilə qadının müqavilə əsasında (nigah və ya nigah müqaviləsi) birgə yaşayışıdır. Burada əvvəldən hər tərəf öz üzərinə müəyyən öhdəliklər götürür. Hərə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirirsə, gözəl ailə qurulur. Tərəflərdən biri, o birisi üzərində parazitlik etmək istəyirsə, bu, əks tərəfin haqlı narazılığına səbəb olur. Bir tərəfin uzunmüddətli parazitlik cəhdləri ailənin dağılmağına da səbəb ola bilir. İnsanlar arasındakı dostluq əlaqələri simbioz prinsipləri üzərində qurulursa, uzunmüddətli olur. Əks-halda, bu dostluğun ömrü qısa olur.
Cəmiyyətimizdə, dövlət orqanlarında, yaxşı insanlar üzərində də parazitlik edənlər az deyil...
Sonda bir necə praktik məsləhət:
Birincisi, baxın, siz özünüz ailə, qohum, qonşu, dost və sairə münasibətlərdə parazitlik etmirsiniz ki? Belədirsə, çalışın əks tərəf də sizdən necə isə bəhrələnsin. Sadəcə olaraq, bilməlisiniz ki, parazitlik davamlı olmur, bir gün “neştərinizi” kənarlaşdıra bilərlər.
İkincisi, sadaladığım insanlar arasında sizə qarşı parazitlik edənlər varmı? Bunu müəyyənləşdirən kimi, münasibətlərinizin simbioza, yəni qarşılıqlı faydalı olmasına çalışın. Alınmasa, o insanlardan üzüsulu aralaşın.
Üçüncüsü, çalışın uşaqlarınızı parazit kimi yetişdirməyin. Qoy bilsinlər ki, onların valideynlərinin, qohumlarının, dostlarının, cəmiyyət qarşısında öhdəlikləri var. Onları elə tərbiyə edin ki, başqalarına kömək etmək hissi onlarda dominant olsun. Ümumiyyətlə, insanlara, heyvanlara, bitkilərə, bütün ətraf mühitə mərhəmətli olsunlar.
Bu, ilk olaraq valideynlərin özlərinə vacibdir. Əks-halda onların parazitizminin əsas qurbanı elə valideynlər olur! Ətrafımız belə nümunələrlə təəssüf ki, doludur!
Bu məsləhətlər bizlər üçün də önəmlidir. Çalışaq öz üzərimizə vətəndaş, ər, yoldaş, ata, ana, dost, qardaş, qohum və sairə kimi düşən öhdəlikləri layiqincə yerinə yetirək! Layiqincə yerinə yetirək! Onda hər şey gözəl olar.

 

***

ABŞERON MÖCÜZƏSİ

 

İstedadlı rəssam, dostum İntiqam Ağayevə ithaf edirəm
İş otağım binanın gün tutmayan tərəfində yerləşir. Günəş sevən bir insan olduğumdan bu fakt məni həmişə pərişan edib.
Rəssam dostum İntiqamın emalatxanasında yağlı boya ilə çəkilmiş günəşli, dəniz mənzərəli tablo görəndə sevindim. Artıq iş otağımçün günəş tapmışdım!
Masamın önündəki divara həmin rəsmi asanda otağıma günəşli bir pəncərə açıldı.
Şəkli təsvir edirəm: Parlaq günəşli bir gün, Xəzərin sahilində kiçik hasarlı, bir mərtəbəli, çox da böyük olmayan Abşeron bağ evi. Həyətdə daşdan hörülmüş balaca hovuz və sarı qum üzərində yerə sərilmiş meynələr - üzüm tənəkləri. Bir sözlə, sovet dövrünün tipik bağ evi.
Uşaqlığım Corat və Novxanı bağlarında keçdiyindən, şəkil mənə çox doğma idi.
Şəklə baxanda, adətən günəşə sevinən dənizə baxırdım. Bir gün şəkildəki üzüm kollarından biri diqqətimi çəkdi. Elə bir yarpaqların birinin altında ağ üzüm dənəsi görünürdü. Otaqda tək idim. Durub şəklə yaxınlaşdım. Yanılmamışdım, ağ şanı üzümün dənəsi idi. Abşeron camaatı meynələri sulamazdı. Onların kökləri dərinliklərdə nə su tapsaydı, onu da içərdi. Salxımın dənələrini bir tərəfdən günəşin, digər tərəfdən üstündə olduğu qumun istisi bişirib yetişdirərdi. Su bütün dənələrə çatmadığından salxımda dənələr çox olmazdı. Amma olanlar şipşirin və əsrarəngiz dadda olurdu. Babalarımız belə dənələrə “gilə” deyərdilər.
Şəkildə gördüyüm üzüm giləsi çox canlı görünürdü. Ürəyimdə dostum İntiqamın ustalığına əhsən dedim. Qeyri-ixtiyari olaraq, barmaqlarımı giləyə uzatdım. İnanılmaz idi. Barmaqlarımın ucu ilə gilənin həqiqi olduğunu hiss etdim. Duruxdum. Əlimi çəkdim. Bu, mümkünsüz idi. Bu ki rəsm əsəridir?!
Bundan sonra yazacaqlarımı oxumaya bilərsiz. Onsuz da inanmayacaqsız. Sadəcə, oxumağı davam edənlərçün yazıram. İkinci cəhddə mən o giləni dərdim. Dərəndə, hətta gilənin müqavimətini də hiss etdim. Tam yetişmiş giləni instinktiv olaraq ağzıma qoydum. Giləni dişlərimlə sıxan kimi ağzıma tökülən şirə dad partlayışı effektini verdi, nəinki ağzım, bütün bədənim sözlə ifadə oluna bilməyən bir şirinliyə qərq oldu. İxtiyarsız gözlərim yumuldu. Ömrümdə ilk dəfə Cənnət meyvələrinin necə ola biləcəyini tam varlığımla duydum. Zaman mənimçün dayanmışdı. O da bu anı mənimlə bölüşmək istəyirdi! Nə qədər vaxt keçdiyini deyə bilməyəcəyəm, amma yavaş-yavaş özümə gəldim. Qayıdıb kresloda oturdum. Beyinim şəkərin təsirindən eyforiyada olsa da, saat kimi işləyirdi. Fikirlərim heç vaxt olmadığı qədər aydın idi. Başa düşürdüm ki, olanları heç kimə danışa bilməyəcəyəm. Bəlkə, İntiqama zəng vurum? Ona nə deyim? Deyim ki, əziz dostum, şəkildəki günəşi, meynələri, qumu elə real çəkmisən ki, əsərdəki meynə bar gətirib? Əlavə edim ki, amma yeganə sübut ola biləcək və cəmi bir dənə olan şanı giləsini də yemişəm. İnanmaz və mənim dediyimi zarafat sayar.
Gilənin dadı hələ ağzımda idi. Ağzımı bərk marcıldatdım. Yuxuda olsaydım, marçıltının səsindən, mütləq, ayılardım. Yox, bu yuxu deyildi!
Son qərarım bu oldu ki, olanları yazıb paylaşım.
İndi şəklə baxanda dənizdən çox üzüm tənəklərinə baxıram. Ümidliyəm!..


***


SSENARİST


Uçurdum. Hə, uçurdum. Bədənimi hiss etmirdim, sadəcə olaraq, o, yox idi. Ruhum bədəndən ayrıldığına elə bil sevinirdi. O uzun illər məcburən bağlı qaldığı bədəndən ayrılmışdı. Düşündüm ki, deməli, canın bədəndən ayrılmağı belə olurmuş. Mən indi təkcə ruh idim. Əvvəllər görmədiyim rənglərlə dolu, işıqlı bir yoldaydım.
Aşağıda insanlarla, dəvələrlə dolu bir köç gedirdi. Hamı ağ paltarda idi, kimi dəvə üstündə, kimi də piyada. İstiqamətimiz eyni idi. İnsanlar arasından mənə əl eləyənlər də olurdu. Onları bir şey birləşdirirdi: onlar dünyasını dəyişmiş qohumlarım, ya da dostlarım idi. Qəfil anladım ki, mən də ölmüşəm.
Öləndən sonra bu işıqlı yol haqqında oxumuşdum. Fikirləşdim, görəsən, mən niyə öldüm? Nədən? Pəhriz saxlayırdım, bədənimi pis vərdişlərdən uzaq tuturdum. Elə ağrıyan yerim də yox idi axı! Özüm də həkim!
Dostlar da deyəcək: “Bu ki özü bizə uzun illər yaşamağın yollarından danışırdı, özü də belə?!..”
Yaxınlarımın qəmli olacaqlarını düşündüm. Keçirtdiyim hisslər təəssüf hissindən uzaq idi. Çox rahat idim. Elə bir ömrüm boyu bu rahatlığı arzulamışdım.
Uçuş sürətim yavaş-yavaş azalırdı. Astaca harasa endim. Bura böyük və işıqlı bir otaq idi. Ortada, qalın döşəkçənin üzərində ağ saçlı, nurani bir qoca oturmuşdu. Qoca mənə gülümsədi, salam verdi. Mən də salam verdim. Anladım ki, bizdən səs çıxmır, biz, yalnız baxışlarımızla danışırıq. Niyəsə təəcüblənmədim.
O, qarşısındakı qalın kitabı açdı. Səhifələr düm ağ olsa da, o, elə bil nəsə oxuyurdu. Bir azdan başını qaldırıb baxışları ilə çatdırdı: Yaşamısan!
Dedim ki, hə, yaşamışam. Bütün keçmiş həyatım kino lenti kimi bir neçə saniyəyə gözlərimin önündən keçdi. Elə peşmançılığım da yox idi.
Qoca soruşdu:
- Yuxular görürdün?
- Hə, görürdüm.
Həmişə məni düşündürüb bu yuxular. Yuxularım xaotik deyildi, həmişə bir süjet xəttinə bağlı idi. Kim bu süjetləri düşünürdü? Necə?
Qoca fikirlərimi oxuyurmuş kimi dedi:
- Sən yaradıcı insan olmusan, bu gündən insan yuxuları üçün ssenarilər düşünəcəksən. Gündüz insanları müşahidə edib, yatanda istənilən simada onların yuxularına girə biləcəksən. Bu vaxtdan sən insanların yuxularında yaşayacaqsan. Bu, sənin yeni həyatın olacaq! Sualın var?
Dedim:
- Yox.
Qocanın yanında çox gözəl bir xanım peyda oldu. Yunan əsatirlərində gördüyüm xanımlara bənzəyirdi. Uzun və qəşəng hörükləri vardi. Həyatım boyu arzuladığım, amma heç vaxt sığallamaq imkanım olmadığı hörüklər!
Qoca son dəfə dilləndi:
- Səni olacağın yerə ötürəcəklər.
Qoca yox oldu. Onunla sağollaşa bilməməyimə təəssüfləndim.
Hörüklü xanım başı ilə onun arxasınca getməli olduğuma işarə etdi. İxtiyarsız hörüklərin arxası ilə getdim.
Elə bu an səslər eşitdim. Səslər doğma idi, qonşu otaqdan gəlirdi. Qızım nəvələrimə deyirdi ki, səs salmayın, babanızı oyadarsız.
Gözlərimi açdım. Yuxunu xarırladım. Düşündüm ki, mənim bu yuxumun ssenarisini yazan çox istedadlıdır, maşallah!


***

QƏHRƏMANLIQLARIMIZ HAQDA

 

Demək olar ki, hər bir insanin dost və tanışlarla söhbəti zamanı özü haqqında danışdığı “hazır” qəhrəmanlıq hekayəsi olur. Bir və ya bir neçə hekayə. Məğz də odur ki, keçmişdə, kritik situasiyada o, nə dedi və nələri etdi! Təbii ki, sonda o, günahkarı cəzalandırır və ədaləti bərqərar edir! Adətən belə hadisələr reallıqda ya olmamış olur, ya da olmuş kiçik epizod şışirdilir. Ən maraqlısı da odur ki, illərlə danışılan belə hekayələrin real olduğuna insan özü də sidq ürəklə inanır. O, əmindir ki, uydurduğu şəraitə düşsəydi, özünü məhz elə aparardı!
Hamının içərisində seçilmiş (qəhrəman) kimi görünmək istəyi insanlara xas olan xüsusiyyətdir.
Bunun ən gözəl bədii nümunəsi Baron Münhauzen haqqındadır. Hə, öz saçlarından tutub özünü bataqlıqdan çıxaran Münhauzen. Azərbaycan ədəbiyyatında və reallıqda "gop" kimi adlandırdığımız fenomen kifayət qədər çoxdur. Siz bunu televiziyalardan gündəlik izləyicisisiniz…
Seçkiqabağı, siyasətçilərdə bu, “epidemiya” halını alır!
Münhauzenlik bu və ya digər dərəcədə hamımızda var. Bu, yaxşıdır, ya pis? Bu çox yaxşıdır! Çünki o hadisəni danışan ona qulaq asanların diqqət və həsəddolu baxışlarından cuşa gəlir, onun beynində sevinc hormonları ifraz olunur və o, xoşallanır! Bu hormonlar bütün orqanizmə müsbət təsirini də göstərir.
Dostlar, bir-birimizin “qəhrəmanlıq” hekayələrinə qulaq asanda gəlin tənqid hissimizi kənara qoyaq! Axı bizə də növbə çatacaq. Axı bizim də ondan daha maraqlı “qəhrəmanlıqlarımız” var!


***

BULUDLAR HAQDA

 

Yəqin buludlara baxmısız. Qara və ağ rəngdə olurlar. Qaralar su ilə dolmuşlardır. Yağışlar boşalıb ağappaq olur. Bu, buludların həyatıdır: dolub - boşalmaq!
İnsanlar da buludlar kimidir, dolub boşalmalıdırlar. İnsanlar da dolanda qara olurlar- qəmli, kədərli! Boşalanda ağarırlar, çöhrələri açılır, üzləri gülür. Mən fiziki bədəni boşaltmaq haqqında danışmıram, hərçənd ki, bu da çox vacibdir. Mən insanın ruhuna aid, yaradıcılıq enerjisindən danışacam. Bu, birincinin ləzzətindən də çox ola bilir! Bu ƏSL insani ləzzətdir! İnsanlar bu mənada müxtəlif cür boşalırlar. Şairlər şeirlə, yazıçılar nəsrlə, rəssamlar rəsm əsərləri ilə və sairə Hə, belə “boşalmalar” ləzzətlə müşayiət olunur. Yaradıcılıq ləzzəti! Bu ləzzəti bir dəfə duyan insanlar, onu təkrar-təkrar duymaq istəyirlər. Bu səbəbdən davamlı yaradırlar! Hərənin öz “ləzzət” almaq üsulu var. Öz üsullarını tapanlar xoşbəxtdirlər!
Təəssüf ki, bir qrup insanlar (həm kişi, həm də qadın) öz “boşalmaq” üsullarını tapmayıblar. Bu “qara” insanlar ətrafımızda çoxdur. Bəziləri içərilərində olan izafi enerjini konfliktlərlə çıxartmaq istəyir. Bu, onların da, ətrafdakıların da həyatını çətinləşdirir, bəzən dözülməz edir. Belə insanlara məsləhətim belədir: Baxın, nə ilə məşğul olmaq xoşunuza gəlir? Bu, bənnalıqdan tutmuş dərziliyə qədər, bağbanlıqdan tutmuş saatsazlığa qədər ola bilir. Üsullar yüzlərlədir. Sadəcə, öz kilidinizə uyğun açarınızı tapmalısınız! Bu işdə yaxşı psixoloq da sizə kömək eləyə bilər.
Əsas odur ki, özünüzə qapanmayın, ətrafa açıq olun. Bilin ki, problemləri birgə həll etmək daha asandır.
***

 

EŞŞƏKLƏR HAQQINDA

 

Əminəm ki, başlığı oxuyub belə düşündünüz: “Yəqin Hümbət pis insanlar haqqında status yazıb.” Başa düşüləndir, çünki “eşşək” sözü cəmiyyətdə neqativ məna daşıyır. Bu da guya uzunqulağın mənfi xüsusiyyətlərindən irəli gəlir. Bu nə qədər doğrudur? Birlikdə araşdıraq.
Əvvəlcə, atlar fəsiləsinə aid eşşəyin müsbət xüsusiyyətləri haqqında:
1. Eşşəyin gözəl yaddaşı var. Buna görə onu həmişə dəvə karvanının qabağına qoyublar. Bir dəfə getdiyi ən uzun yolu belə, səhvsiz təkrar gedə bilir.
2. Aclığa və susuzluğa davamlıdır. Heç bir heyvanın yemədiyi tikanlı bitkiləri yeyə bilir. Bu səbəbdən xüsusi qayğı tələb etmir.
3. Çox cəsarətlidir. Qədim şumerlər onu döyüş arabalarına qoşub irəli buraxırdılar. Bu səbəbdən xüsusi hörmətə malik idi.
4. Yaxşı mühafizəçidirlər. Qoyun, keçi sürüsünü çaqqal, tülkü və bu kimi heyvanlardan yaxşı qoruyurlar. Bəzi ölkələrdə belə sürülərdə eşşək saxlamaqla onun mühafizəsini təmin edirlər.
5. Güclü və dözümlüdürlər. Fasiləsiz 8-10 saat işləyə bilirlər. Əgər at öz çəkisinin 30-50 faizini apara bilirsə, eşşəyin gücü 50-110 faizə çatır.
6. Eşşək azacıq diqqət müqabilində öz sahibinə bağlanır və mehriban olur. At, eşşək saxlayanlar bilirlər ki, eşşək atdan ağıllıdır.
İndi insanların onlara iradları haqqında:
1. Tərsdir, inadkardır.
2. Tozluq görən kimi yıxılıb "ağnayır".
3. İnsana lazım olanda suya girmir.
Əvvəlcə bir zooloji məlumat: Eşşək əhliləşdirilmiş heyvanlar arasında özünüqoruma instinktini saxlamış nadir heyvandır! Məsələn, at bu instinkti saxlamayıb. O, özünü sahibinə tam təslim edib. O, gücü çatmadığı yükü dartmağa çalışacaq. O, hətta özünü sahibinin istəyinə qurban verə bilir. O, sahibi saxlamasa, qaçaraq ölə bilər.
Eşşək hiss etsə ki, yük onun apara biləcəyindən çoxdur, tərpənməz. Yorğundursa da tərpənməz! Onu buna məcbur etmək mümkünsüzdür! Dünyada heç bir eşşək çox işləməkdən ölməyib. İnsanlar onun bu davranışını inadkarlıq kimi qiymətləndirirlər.
Atlar idman yarışlarında, sirkdə çıxış edirlər. Eşşəklə bu mümkün deyil! Eşşək özünə "hörmət" edir. Onun iradəsinin əleyhinə nə isə etmək çox çətindir. Bu səbəbdən eşşəklər atlardan iki dəfə çox yaşayır! Tozlu yerdə ağnamağı ilə bağlı: Toz dəridə olan nəmi götürür, qupquru dəridə olan mikroblar məhv olurlar! Buna eşşəyin "spa"(daha doğrusu "sıpa") proseduru kimi baxın.
Suya girməməyi ilə bağlı: Eşşək üzə bilmir və bunu da bilir. Üzə bilməyən insanı suya salmaq istəsəniz, onun da reaksiyası anoloji olar! Əlavə edim ki, eşşəyin gözləri heyvanlar arasında ən gözəlidir. Onun muncuq kimi ağ dişlərindən heç hollivud ulduzlarında belə yoxdur. Xəfif su içməyi isə heyranedicidir!
Yaxşı, belədirsə, ona mənfi münasibət nədəndir? Düşünürəm ki, insanlar eşşəyin gücünə, fiziki parametrlərinə həmişə həsəd aparıblar. İradlar da paxıllıqdandır.
Bir anlıq eşşəyin gözü ilə insana baxaq: fiziki cəhətdən cılız, tənbəl və təkəbbürlü!
Biz insanlar eşşəklərdən çox şeyləri götürə bilərik. Hələlik onlarda kəşf etdiyim birini- çox yaşamağın eşşək qaydalarını diqqətinizə çatdırıram: Öz gücünüzün sərhədlərini bilin və heç vəchlə onu keçməyin.Yorgunsunuzsa, işə girişməyin, əvvəlcə dincəlin! Özünüzü heç kimə qurban etməyin. Ən vacibi, bu qaydalara riayət etməkdə eşşək kimi inadkar olun!
***

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !