HƏR KƏSİN BİR KƏSİ - - Əbülfət MƏDƏTOĞLU

HƏR KƏSİN BİR KƏSİ - Əbülfət MƏDƏTOĞLU

Hər dəfə gözümün önünə bu uzun yolu, onun dolanbaclarını gətirəndə içimdən bir ilıq əhval-ruhiyyə gəlib keçir. Elə bil illərlə görməyib həsrətində olduğum doğmaların, əzizlərin görüşünə gedirəm... onun əhval-ruhiyyəsini, ovqatını yaşayıram. Əslində bu, bir bucağın altından baxanda gerçəklikdi. Və həqiqətən getdiyim ünvanda məni gözləyən səmimiyyəti, doğmalığı burda, yaşadığım məmləkətdə çox az-az hallarda hiss etmişəm. Amma orada həyatın, taleyin qarşıma çıxardığı adamların əhatəsində özümün kimliyimi də, dəyərimi də, yerimi də, hətta bir insan kimi kimsənin yerini tutmadığımı da o qədər aydın bir şəkildə dərk etmişəm ki, özüm-özümə təəccüb etmişəm və demişəm ki, doğrudanmı, bu mənəm, bu münasibət mənədi?!

 

Təbii ki, bu münasibətin doğruluğu və mənə yönəldilməsi artıq bir gerçəkliyə çevrilib. Ona görə də mən yolun uzunluğunu, narahatlığını, xüsusilə də keçid məntəqəmizdəki xoşagəlməz məqamları onların yaratdığı xoş olmayan ovqatı gözümün altına almıram. Çalışıram yadımdan çıxarım, bunlara əhəmiyyət verməyim. Axı mən doğmalara, dostlara doğru gedirəm... onların qapısını döyməyə, onlarla dünyanın ən gözəl şəhərlərindən, ən gözəl guşələrindən birinin havasını udmağa, mənzərəsini, gözəlliyini və özəlliyini ruhuma köçürməyə gedirəm. Əhməd bəyin... İbrahim hocanın... doktorum Mustafa bəyin...Rəcəb... Həyati... İsa... Hüseyn... və digərlərinin... Necə deyərlər, dost yolunda boran olar, qar olar. Amma dost yolu əgər doğrudan da bütün inamım və inancımla dost yoludursa, mən ağlıma gətirmirəm ki, orda boran, qar olsun. Dostların doğmalığı, onların ürəklərinin istisi borana, qara da, şaxtaya, sazağa da qalib gəlmək gücündədi...

 

Bəli, hər bir insan kimi mənim də həyatımda elə məqamlar var ki, onu ya Allaha pıçıldamalısan, ya da ürəyindəkilərə. Bax, bu mənada mən ürəyimdəkilərin də ürəyimlə bağlı narahatçılığını nəzərə almaq zorundayam.

 

Çünki ürək ağrısı onları da sıxır, onların da probleminə çevrilir. Nə qədər desəm də ki, ağrıyan ürək yaşayır, döyünən ürək yaşayır, amma bu, kimsəni ovutmur. Çünki deyilən sözün kökündə bir ağrı var. Ağrı da ki, həmişə elə ağrı olaraq qalır. Ümumiyyətlə, mən sağlam ağrı barəsində heç nə eşitməmişəm və heç bir təsəvvürüm də yoxdu. Bildiyim odur ki, ağrı südlə gəlib sümüklə çıxır. Deməli, mənim söylədiklərimin mayasında, canında bax elə ağrının özü durduğundan yolun da ağrısını arxa plana keçirməyə, onun da mənzil başına çatanda bitəcəyinə özümü həmişə kökləyirəm. Elə bu gün də kökləmişəm. Elə ona görə də yazmışam ki:

 


Yenə yüklənmişəm qayğılarımla

Yenə yol gedirəm səhərə tərəf...

Məni əldən salan ağrılarımla -

Gedirəm o uzaq şəhərə tərəf.

 


Gözümün önündə tanış çöhrələr

Doğma adamların odu əlimdə...

Mənim içimdəki ümid pöhrələr -

Gedirəm, dostların adı dilimdə.

 


Sevgi aparıram ürək dolusu

Keçirdim sərhəddən heç kəs duymadı...

Mənim bir adım da ağrı yolçusu -

Urək ağrımaqdan heç vaxt doymadı...

 

***

 

Deməli, ovqatın neçə olmasından asılı olmadan bir istək mənə həmişə hakim kəsilib.

 

Yəni anlamışam və qəbul etmişəm ki, ürəkdə olanın ürəyə verdiyi təsəllidən önəmli heç bir dava-dərman yoxdu.

 

Güvəndiyin, özünü, sözünü, həyatını həsr etdiyin, əgər ürəyinə iynə ucu boyda təsəlli verirsə, bu artıq ürəyin yaşamasına, öz yolunu davam etdirməsinə yandırılmış bir yaşıl işıqdı. Yox əgər ürəyin güvəndiyi ürəyə iynənin ucunu toxundurursa, bu da ürəyin kəndirini kəsmək, yolunda qırmızı işıq yandırmaq deməkdi. Bax, bu bir az fəlsəfi, bir az pafoslu deyimin arxasında dayanan gerçəyi gözlərinin içinə baxa-baxa demək istəyirəm ki, həqiqətən özünü güclü, toparlanmış hiss etmək üçün anlayanların, xüsusilə anlayanının yanında, diqqətində olmalısan.

 

Əgər bu dediyim varsa və sən də anlayanın yanındasansa, onda sənə birmənalı şəkildə demək olar ki, zaval yoxdu.

 

Əks halda, nə qədər güclü olursan ol, həmişə stresin, sarsıntının, əzab-əziyyətin, ən çox isə cizgilərdə ifadə olunan sərt baxışın nişangahına çevriləcəksən. Bu nişangah olmaqdan qurtulmağın isə yolu heç də asan deyil. Ona görə də mən hərdən öz-özümə düşünür və düşündüklərimi də kağıza köçürüb sonra da öz-özümə oxuyuram. Və görürəm ki, yazmışam:

 

Sən gələn yollara düşmürsə əgər

Mən adlı işığı söndür ki, sönüm...

Səsimdən səsinə çatmırsa xəbər -

Səbəb soruşmadan öldür ki, ölüm...

 


Sən bir dan üzünü dur aç üzümə

Xəyal saydığımı qur, aç üzümə...

Dağılsın, səpilsin qulac üzümə -

Məni bu halımda güldür ki, gülüm!

 

Gözüm səndən başqa görmür heç kimi

Göstər qərarını, keçir seçkini!..

Sonuncu nəfəsim olan eşqini -

Sən də etiraf et, bildir ki, bilim!

 

Bəli, deməli, bütün hallarda etiraf insanı yüngülləşdirir. Onun ağırlığı, onun acısı, onun fəsadları nə boyda olur olsun, dəxli yoxdur. Edilən etiraf Tanrıya çatan səslərin birinciləri sırasındadı. Və bu o deməkdir ki, sən etirafınla ayaqda qaldığını, yerdən qalxıb yerimək gücündə olduğunu göstərirsən. Elə bu gücü də sənə verən həmin etirafı qəbul edən Tanrıdı.

 

Bütün bu söylədiklərim bir də onun göstəricisidir ki, sən etiraf edənin içini görürsən. Əgər onun dilinin altında çöp yoxdursa, əgər o gözlərini gözlərindən gizlətmədən və etiraf etdikcə səyriyən dodaqları və puçurlayan alnıyla qarşından qaçmırsa, çəkilmirsə, deməli...

 

Bəli, deməli, etirafın böyüklük olduğu öz təsdiqini tapır. Çox təəssüf ki, həmin böyüklüyə imza atmaq, həmin etirafın bağışladığı yüngüllüyü əyninə geyinmək hər kəsin bacarığı, hər kəsin qabiliyyəti deyil. Və deməli, hər kəsin bacarmadığı etiraf onun özünə ömürlük yükə çevrilir. Ürəkdəki ağrı kimi, dilin ucundakı söz kimi gözün nurunu pərdələyən nəm kimi. İndi baxın görün hazırsınızmı bu etirafa?!

 

Ən azından Allahınızın qarşısında, sonra sevdiklərinizin qarşısında, sonra da ürəyinizin qarşısında. Axı, sizə Allahınızdan və ürəyinizdən yaxın kimsə yoxdu.

 

Mən bütün bu sualların cavablarını özüm üçün içimdə səsləndirsəm də bu cavablar şərtidi. Çünki hər kəsin etirafı da özünə bəllidi, cavabı da.

 

Necə deyərlər, kimsə kimsənin günahını daşımır. Deməli, günahını daşımadığı halda o günahın savabının da daşıyıcısı olmur.

 

Olsa-olsa onun müəyyən bir məqamlarının reallaşmasına vasitəçilik edir. Mən də içimdə söylədiyim və cavabını da içimdə saxladığım bütün hallarımın daşıyıcısı özüməm, yaşayanı özüməm, səbəbkarı da, günahkarı da, halallığı da, haramlığı da mənə aiddi.

 

Ona görə də düşüncələrimi, hətta bütün incəlikləri bir kənara qoyub ifadə etməyə çalışdığım çılpaqlıqları da normal qəbul etmək və ona öz ürəyimdən, öz dünyamdan baxıb qiymət vermək istəyimi özümdə saxlamaqla yenə misralara köklənirəm, yenə sənə deyirəm:

 


Sənsiz keçən anım odda

Elə et ki, yanım odda...

Külə dönsün canım odda -

Sənin də canın qurtarsın,

mənim də.

 

Gözün sulansın tustümdən

Telin ütülsün istimdən...

Əlin çəkilsin üstümdən-

Sənin də canın qurtarsın,

mənim də.

 


Üstünə sər, tik, anlasın

Dilim dərddən tikanlansın...

Qəddim də tay dik qalmasın

Sənin də canın qurtarsın,

mənim də.

 


Düşünəcəksiniz ki, o hardasa yaşamaqdan, sevməkdən, ümumiyyətlə, mövcudluqdan bezməkdi. Amma yazımın bir məqamında mən etirafı xüsusi vurğulamışdım. Ona görə də sizin dediyinizi, təxmin etdiyinizi elə etiraf kimi də qəbul edirəm. Çünki Allah insanı dəmirdən, daşdan yaratmayıb.

 

İnsan ruhdan və bir də o ruhun yuvası olan ürəkdən ibarətdi. Əgər ruh da inciyirsə, ürək də param-parça olursa, onda təbii ki, yaşamaq da mənasını itirir. Mən bu etirafın içərisində olduğum anın nə qədər məsuliyyəli olduğunu bilirəm. Və elə o məsuliyyətlə də çəkilmək, meydandan sadəcə bir şəkildə qeyb olmaq istəyimi gizlətmirəm. Özü də elə bir şəkildə ki, kimsəyə zədəsi, ağrısı, qəlpəsi toxunmasın. Və bir də o çəkilməni görməsin, duymasın, yaddaşında, xatirəsində saxlayıb yaşatmasın...


***


Bəli, bütün həyatımızın sevinc və kədər, ağrı və acı, işıq və qaranlıq, od və kül, daha nələr, nələr.... olmasına baxmayaraq, hər birimizin həyatının bir dayaq nöqtəsi, bir güvənc yeri, bir şah damarı, bir udum nəfəsi var.

 

Və biz də həmin o dayaq nöqtəsinin, o bir udum nəfəsin həm girovuyuq, həm də pərvanəsi. Ona görə də ömrümüz əriyir, yanır, ütülür. Çünki odun başına fırlanırıq.

 

Özü də "canım!" deyə-deyə. İndi görün mənim söylədiyim fikirlərdə, ifadə etdiyim məntiqdə hansı təzadı görürsünüz? Nədən narazı qalırsınız?

 

Hər halda mənim sual vermək hüququm qəbul olunandı və mən də sizin sualları dinləməyə hazır olmaqla bərabər, həm də sizdən də etiraf gözləyirəm. Axı...

 

Bütün yollar ümidə, işığa, məqsədə və bütövlükdə sevgiyə doğru gedir. Çünki bütün yolların sonunda hər kəsi bir kəs gözləyir. Siz də gedin, gözləyəninizi gözü yolda qoymayın. Gözü yolda qalmağın nə demək olduğunu mən də, elə bilənlər də bilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,