Azərbaycanlı qızın böyük uğurları - - Ağalar İdrisoğlu (+FOTO)

Azərbaycanlı qızın böyük uğurları - Ağalar İdrisoğlu (+FOTO)

Nərgiz Qəribli Qaya. Bu ad və soy ad azərbaycanlılara tanış olmasa da Türkiyə
oxucularına yaxşı tanışdır. Türklər onun şeirlərini, hekayələrini maraqla
oxuyurlar. Nərgiz Qəribli Qaya hələ cavan olmasına baxmayaraq, qardaş
Türkiyədə ədəbiyyat sevərlər onun uğurlu gələcəyinə böyük ümidlə baxırlar və
ona inanırlar. Onlar həm də inanırlar ki, əslən azərbaycanlı olan Nərgiz xanım
Türk ədəbiyyatına gələcəkdə böyük töhfələr verməklə, çoxlu uğurlar gətirəcək.
Nərgiz Qəribli Qaya, məşhur aktyor, rejissor, bir neçə maraqlı hekayələrin,
povestlərin, pyeslərin, çoxlu televiziya və kinossenarilərin müəllifi, quruluşçu
rejissoru, dəyərli ziyalı və 2018-ci ilin fevral ayının 16-da 66 yaşında dünyasını
dəyişən Şahmar Qəriblinin qızıdır. Məhz ona görə də ədəbiyyat və incəsənət
aləmi Nərgiz xanıma yadd deyil. O, uşaq yaşlarından atasının yazdığı
hekayələri, povestləri oxuyub. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət
Musiqili-Dram Teatrında ( indiki Dram Teatr) atasının yazdığı və tamaşaya
qoyulan pyeslərə maraqla baxıb. Azərbaycan televiziyalarında Şahmar
Qəriblinin özünün və başqalarının yazdığı, quruluş verdiyi televiziya
tamaşalarını Nərgiz xanım maraqla seyr eləyib. Deməli. Nərgiz Qəribli Qayanın
mayası uşaq yaşlarından ədəbiyyatla, incəsənətlə yoğrulub. O, hələ uşaq
yaşlarından şeirlər, həkayələr yazır. Məhz buna görə də Nərgiz xanımı çoxminli
oxucularımızla daha yaxından tanış etmək istəyirəm. Çünki zaman-zaman onun
bədii əsərlərini oxucularımız Azərbaycan mətbuatından bundan sonra daha tez-
tez oxuyacaqlar.
Qısa arayış: Nәrgiz Şahmar qızı Qәribli Qaya, 1991-ci ilin aprel ayında
Azәrbaycanın Sumqayıt şәhәrindә doğulub. 7 il Sumqayıt şәhәr 11 nömrәli tam
orta mәktәbdә oxuduqdan sonra, 2005-ci ildә təhsilini İstanbulun Ümraniyә
şәhәrindә orta mәktәbdə davam etdirib. 2006-cı ildә İstanbul Bәylәrbәyi Hacı
Sabancı Anadolu Litseyinə imtihan verərək, liseyin şagirdi olub. Beləliklə, orta
mәktәb tәhsilini böyük uğurla burada tamamlayıb.
2010-cu ildə Balıqәsir Universitetinin Fizika şöbəsinə daxil olub və sonra
2013-cü ildә Anadolu Universitetinin Adalәt ( Hüquq) fakültəsinə keçərək,
2017-ci ildә oranı da uğurla bitirib.
Hələ 2012-ci ildә Türkiyədə təhsil alarkən Nərgiz xanım “İstanbul Qartal”
qәzetindә müxbir kimi çalışmağa başlayıb. 2013-cü ildә “Zımbamagazin”
qәzetindә qәzet redaktoru kimi öz işini davam etdirib. O, 2015-ci ildәn
“Tekstil” jurnalında redaktor işlәyir.
Nәrgiz Qәribli Qayanın 2014-cü ildә, İkinci Adam Nәşriyyatında “Yersiz
Cümlәlәr” adında ilk şeirlər kitabı çapdan çıxıb. Bu kitab Türkiyədə maraqla
qarşılanıb. Bu gün də ən çox oxunan kitablardan biridir.
Nərgiz Qəribli Qaya indi dә redaktorluğunu vә tәrcümәçiliyini uğurla davam
etdirir və özü də maraqlı şeirlər, hekayələr yazır. Biz, Nərgiz xanımın atası
Şahmar Qəribliyə həsr etdiyi bir hekayəsini çoxminli oxucularımızın ixtiyarına veririk. İnanırıq ki, orijinal formada yazılan bu hekayə oxucuların da marağına səbəb olacaq.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

***

 

Nərgiz Qəribli Qaya
Axşam Altı Xәbәrlәri
Hekayə
(Atam Şahmar Qəriblinin əziz xatirəsinə ithaf edirəm)


“Bәyoğluna xahiş edirәm.”
Corabım süzülüb, әynimdәki patlara baxmayaraq fevral istisindә tәrlәyib, həyat
yoldaşımın sevmәdiyi çәhrayı qәrәnfillәr alıb, yanına da bir kanyak qoymuşam.
Qış mövsümünün əksinə olaraq, bir günәş fısıldayır buludların arasından.
... Uzun vaxtdır yazmıram, yazsam yəqin hekayәm belә başlayardı.
Bizimkilәr yola çıxdılar görәsәn? İnsanları dәvәt etdiyim zaman, israrla
gecikmәmәlәrini vurğulamaqdan lap zәhlәm gedir. Amma deyәsәn zәng etmәk
mәcburiyәtindә qalacam. Beynimә bir şey girәndә hәyatdan, hәtta nәfәs
almaqdan belə zövq almıram. Bәxtә bax, radioda Rodriqonun “Gitara
Konserti” çalınır. Gör ha, tam bir teatral sәhnәciyin içindәyәm elә bil. Onsuz da
normal insanlar kimi yaşamağı bacara bilsәydim әgәr, hәyat belә qarmaqarışıq
bir hal almayacaqdı. Çox fikirlәşmәyә nә gәrәk var? Necә idi o İngilis atalar
sözü, “Ignorance is bliss”. Bax ha, yenә tәmtәraqlı şeylәr çıxdı ortaya.
“Cәhalәt-xoşbәxtlikdir”… Axı illәrcә bizә mәktәblәrdә bunun tam әksi
öyrәdilmәdimi? İngilislər isə cəhaləti xoşbəxtlik hesab eləyirlər. Әşşi nә bilim,
әgәr dünyayla çox әllәşmәsәydim hәr halda indi daha xoşbәxt insan ola
bilәrdim. Bu әsnada taksinin dә sayğacı yazdıqca yazır ha. Ya da “hörmәtli”
taksi әmәkdaşımız ünvanı bilmәdiyimçün yolu uzadır deyәsәn? Onsuz da
qaynanamgilә nә vaxt getsәm azıram. Kaş ki, bu yolu bir әzbәrlәyә bilәydim.
Heyranam da yol yaddaşı olan insanlara. Bir dәfә getdikləri, gördüklәri yeri o
saat әllәriylә qoyduqları kimi tapırlar. Atam da belәlәrindәndir. Bir yerә bir dəfə
getsə, ikinci dəfə gedəndə düz həmin yerin üstünə çıxır. Elə bil pişik kimi
ulduzlara baxmaqnan tapır kişi həmin yeri. Heç başa düşmürәm dә onun bu
hissiyatını. Onsuz da bu mövzular mәni çox maraqlandırmır. Simic insan…
İnsan rәssamlığından heç olmasa, bir az da olsa bir şeylәr sәpәr qızının geninә.
O isə... Off… Yenә kefimi pozmağa heç niyyәtim yoxdu...
Nә isә, interneti açım görüm mesaj zad varmı. Kamal yenә də kükrәyəcək ki,
niyә mesajlarıma baxmırsan? Allah Allah, bu kimdi? Nuray… “Xahiş edirəm
mesajımı görәndә mәnә yaz, anangillәrә zәng çatmır!” Kimdi bu Nuray?
Dayan, bacıma zәng vurum, o saat xatırlayar bu qızın kim olduğunu. Xatirәlәr                          barәsindә onun әlinә su tökәn olmaz. Buyrun. Bu da Kamal müәllim. Artıq səbri
tükənib zәng edir:
-Bәli әzizim…
-Hardasan Nihan?
-Taksidәyәm әzizim, gәlirәm.
-Әzizim tam olaraq haradasan?
-Bilmirәm ki, bir dәqiqә… Qardaş, tam olaraq haradayıq?
-Şişli tәrәfindәyik bacı, yarım saata olmasa da 45 dәqiqәyә Bәyoğlunda olarıq.
Deyin ki, tıxac var. Amma tez aparmağa çalışacam sәni, -deyə taksi sürücüsü
bildirdi.
-Eşitdin әzizim?
-Eşitdim әzizim. Yaxşı gözlәyirik sәni. Öpdüm.
Bәzәn fikirləşirəm ki, bu kişi anasının qarnında doqquz ay necә dayanıb-dözüb?
Onsuz da doqquz ay dözməyib ki. Məgər hәmişә demirmi, “dәymә mәnә yeddi
aylığam mәn”. Of, nə uzun yol imiş bu yol... Sürücü deyәsәn məni yolları
dolandıra- dolandıra aparır. Bu qәdәr yola indidәn altmış altı lirә yazıb. Hələ
qarşıda gör nə qədər yol var... Görünәn odur ki, aldığım avansı burada sürücüyə
verməli olacam. Xәrc çox olmasın, sıxlıq olmasın deyә ad gününü
qaynanamgildә edәk dedim. Belә getsə astarı üzündәn baha başa gələcək... Nә
isә... Bacıma da zәng edә bilmәdim. Of, әlimdә yük olmasından lap zәhlәm
gedir. Daha çox tәrlәdir, boğur mәni. “Bәs bu qәdәr kökәlәndә bilmirdin belә
olacağını”,- deyə beynimdən keçirdim. Nә dәxli var. Onsuz da mәn arıq olanda
da belә çox tәrlәyirdim. Lap ağlım başımdan çıxıb e... Bayaqdan özüm- özümlә
müzakirә aparıram. Hә, yaxşı insan sözünün üstünә zәng edәr!
-Hә bacı, hardasınız, Allah bilir siz çoxdan getdiniz elә deyil?
-Nihan… o öldü!
-Ay bacı, nә deyirsәn kim öldü?
“Hәr vaxtınız xeyir hörmәtli dinlәyicilәr, axşam altı xәbәrlәriylә qarşınızdayam.
İndi son dәqiqә xәbәrlәrimizә keçirәm. Bu gün, 66 yaşında mәşhur rәssamımız
Baki Çoxbilәn, sabaha qarşı xәstәxanada dünyasını dәyişib. Ölüm sәbәbinin
infakt olduğu bilinir. Әtraflı mәlumatı hәkimlәr irəlılәyәn saatlarda
bildirәcәklәr. Ailәsinә vә sevәnlәrinә Allahdan rәhmәt vә başsağlığı dilәyirik.
Әsәrlәriylә sәnәtsevәrlәrin…”
... Qulağımda Cemal Süreyanın şeirlərindən parçalar uğuldayır:
“Sizin heç atanız öldümü?
Mәnim bir dәfә öldü kor oldum
Yudular, aldılar apardılar...
Atamdan ummazdım bunu kor oldum!”
-Xanım, gәlib çatdıq, -deyə taksi sürücüsü uzun, yorucu sükutu pozaraq,
dilləndi. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !