Rəhman ORXAN: - Müəllim, bəy, qağa, cənab, yoldaş?...(+YENİLƏNDİ)

Rəhman ORXAN: Müəllim, bəy, qağa, cənab, yoldaş?...(+YENİLƏNDİ)

Azərbaycanın çox sevilən, istedadlı aktyoru, Xalq artisti Ramiz Məlik hamını uzun illərdir ki narahat edən bir məsələyə toxunaraq, mənə sual verir: "ORXAN bəy, bu "müəllim" sözünü ümumi müraciətdən necə çıxaraq??? Müəllimə müəlim deyək də, hamıya yox!!!"
Bu məsələ Azərbaycanda çoxlarını, ilk növbədə müəllimlərimizi də narahat edir. Yadımdadır ki, bununla bağlı hələ 50 il əvvəl o vaxtkı "Kommunist" qəzetində geniş müzakirələr aparıldı. Hətta dövrümüzün böyük, dahi dirijoru mayestro Niyazi də həmin müzakirələrdə iştirak etmişdi. Müxtəlif təkliflər olmuşdu, lakin yekun bir qərara gəlinmədi.
Ramiz müəllim (yox - Ramiz Bəy!) bu məsələni yenidən qaldırmaqda haqlıdır. Həqiqətən, biz bu məsələdə lap həddini aşmışıq - hər yetənə "müəllim" deyib, bu müqəddəs sözü, elə müəllimlərimizi də hörmətdən salırıq. Ruslar bu məsələni özləri üçün çox gözəl həll ediblər - onlar "İvan uçitel" ya da "uçitel İvan" yox, İvan Vasilyeviç (Pavloviç, Serqeyeviç və s.) deyirlər. Məsələ də çox sadəcə həll olunur. Müəllimə də elə o cür, lakin daha böyük hörmət-izzətlə müraciət olunur.
Mən öz müraciətlərimdə imkan daxilində hər kəsə fərdi yanaşmağa çalışıram. Gənclərə sadəcə adlarıyla, ya da "bəy" deyə müraciət edirəm, məktəbli uşaqları öz adı ilə çağırıram, çox yaşlılara "dayı", "əmi" deyirəm, məndən 10-15 yaş böyüklərin adının yanına isə "qağa" sözünü də əlavə edirəm. Məsələn, kəndimizin ağsaqqalları Rəhim dayıya, Balakişi dayıya, Hidayət dayıya elə bu yazdığım kimi, Sumqayıtın tanınmış metallurqu İzzət Yusifova İzzət qağa, məndən yaşca böyük olan kimyaçı dostum Hüseyn bəyə Hüseyn qağa deyə müraciət edirəm. Ancaq, tutaq ki, bir məmura, Bələdiyyə sədrinə "qağa" deyə müraciət etsək, bunu özünə əksiklik, hörmətsizlik sayacaq. Onlar var-dövlətləri ilə artıq bəyi, xanı "vurub keçmiş" olsalar da, "bəy" müraciəti də onları razı salmayacaq.
Yəni ki, nə isə konkret bir təklif etmək asan deyil. Qoy dostlar fikir söyləsinlər, görək, nə təklif edəcəklər?

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,