Tanıyıram - - Orxan Bahadırsoy

Tanıyıram - Orxan Bahadırsoy

Tanıyıram


Səni şərab nəfəsindən,
səni tütün əllərindən,
səni bütün yerlərindən
tanıyıram.


Tanıyıram saçlarının qoxusunu,
barmağının süd dadını,
gözlərinin ovsununu,
sözlərinin inadını
tanıyıram.


Səni məğrur baxışından,
yerişindən, duruşundan,
cənnət kimi ağuşundan
tanıyıram.


Tanıyıram dodağının istisini,
qucağının alovunu,
sığalını, öpüşünü,
nəfəsinin od səsini,
yanağının atəşini
tanıyıram.


Unutmaram, gözəl adam,
səni bütün tanışlardan soruşaram.
Soruşaram, gözəl adam,
evimin sənsizliyinə
hər gün səndən danışıram.
İndi mənim taleyimdə
yoxsan, amma xatirən
mənimlə hər yerdədir.
İndi mənim yaşayışımda
təklik mənsubiyyətdə,
sənsizlik məsdərdədir.

 

                                                                                   ***

 

Sonrakı heç nə

 

 

Yaxşı yadımdadır,
həmin payız yağış yağmamışdı,
göy guruldamamış, şimşək çaxmamışdı.
Biz də "buludların böyrəkləri xəstədir,
işəyə bilmirlər" deyib, ələ salmışdıq göy üzünü.
Sonra sığınmışdıq bir-birimizə,
mən özümü unutmuşdum, sən özünü.
Yaxşı yadımdadır,
sən "gəl, ölənəcən içək" demişdin,
mən likör istəmişdim, sən araq.
Sonra da doya-doya içmişdik,
şeirlər, mahnılar oxuyaraq.
Axırda "bu qədər içdik, bəs niyə ölmürük"
deyib, ələ salmışdıq ölümü.
Mən öpmüşdüm saçını, sən öpmüşdün əlimi.
Sonra hər şey tərsinə döndü,
bizə, əvvəlcə, ölüm qəzəbləndi.
Səni başqa dərdə qoydu, məni başqa dərdə.
Səni ayrı yerdə qoydu, məni ayrı yerdə.
Belə öldürdü bizi, belə yandırdı,
belə çürütdü bizi, belə sındırdı.
Və bir gün hirsləndi buludlar,
göydən su töküldü ləyən-ləyən.
Onda nə sən vardın sığınmağa,
nə də başqa yol gözləyən.
Sonra da heç nə olmadı.
Evimin zülmətindən qaçıb getmişdi pərvanələr
qanadını boşluqlara döyə-döyə.
Divardakı ağ hörümçək də incimişdi məndən,
toruna div boyda yoxluq düşmüşdü deyə.
Nə bir şirinlik tapdı həyatımda
qarışqalar daraşmaq üçün,
nə də ki, sən xatırladın,
hərdən zəng edib halımı soruşmaq üçün.

 

                                                                                 ***

 

Bəlkə bir gün özümü

 


Bəlkə bir gün özümü
bir ağacdan asaram.
Bu dünyada yer tapıb,
o dünyada azaram.


Ömrün bu gənc çağında,
bir palıd budağında,
ölümün ayağında
bir məktub da yazaram.


Ruhum buludlar aşar,
cismim yanar, alışar.
Milyon dildə danışar,
bir kəndirdə susaram.


Allah, məni yorma çox!
Elə bir nəfəsdə boğ!
Öz qəbrimi burda yox,
gəlib orda qazaram.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,