Küçə itləri problemi - - HƏLL OLUNMADI?...

Küçə itləri problemi - HƏLL OLUNMADI?...

Sahibsiz itlərlə necə davranaq...

Ötən həftə Türkiyənin Sakarya şəhərində balaca bir küçüyə işgəncə verilməsi ölkəni silkələdi. Mətbuatda, sosial şəbəkələrdə müxtəlif təbəqələrdən olan insanlar məsələyə öz hiddətini bildirərək, itə dəhşətli işgəncə verib, ölümünə səbəb olan şəxs və ya şəxslərin cəzalandırılmasını tələb edib.

Hətta məşhurlar da, o cümlədən aktrisa Hande Erçel, məşhur model Çağla Şikel sosial şəbəkələrdə öz kəskin mövqelərini bildirib. Türkiyənin siyasi xadimləri də məsələyə biganə qalmayıb.

Olay Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Yerli tanınmışlar da sosial şəbəkələrdə məsələyə öz hiddətini bildirib.

Qeyd edək ki, Türkiyədə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən aşkarlanır, müayinə edilir və vakansiya olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçün onların qulaqlarına xüsusi sırğa (“birka”)taxılır. Sahibsiz heyvanların küçələrdən yığışdırılması, onlara nəzarət bələdiyyələrin öhdəsinə düşür. Sahibsiz itlərə xəsarət yetirən, onları incidən şəxsləri isə müəyyən olunmuş qaydada cəzalar gözləyir.

Bəs ölkəmizdə vəziyyət necədir?

Son günlərdə paytaxt Bakının mərkəzi küçələrində, eləcə də park və xiyabanlarında sahibsiz itlərin kütləviləşdiyinin şahidi oluruq. Əlbəttə ki, bu cür itlər quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Həmçinin tez-tez sahibsiz itlərin ətrafdakı insanlara hücum etməsini müşahidə edirik. Bu da insanların, xüsusən də valideynlərin narazılığına səbəb olur. Xatırladaq ki, ötən il Sumqayıt şəhərində 5 yaşlı qız uşağı sahibsiz itlər tərəfindən dişlənildiyi üçün dünyasını dəyişmişdi.

Bəs küçə itləri ilə necə davranmalı?

Əvvəllər küçə itlərini güllələyir, öldürürdülər. Lakin məlum olduğu kimi Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" qanun qəbul olunub. Qanuna əsasən heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə hazırda bu məbləğ 500 manatdır. Həmçinin yarış, satış və digər heyvanların təbii imkanlarını artırıb-azaltmaq üçün onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiqi 200 manat cərimə nəzərdə tutulub. Ev heyvanlarının görünüşünün dəyişdirilməsi və yaxud müalicə məqsədi daşımayan cərrahi əməliyyat aparmaq, o cümlədən heyvanın qulaqlarını kəsmək, dırnağını və ya dişlərini çıxartmaq, səsini batırmaq üçün edilən və sairə kimi xoşagəlməz davranışlar üçün də 200 manat cərimə nəzərdə tutulub. Heyvanların ölkədən çıxarılması və ya gətirilməsi qaydalarını pozanlar isə 100-300 manat arasında cərimə oluna bilər.

Dünyanın bir çox ölkələrində bütün küçə itləri vaksinasiya və yaxud onların nəsil artımının qarşısı alınması üçün əməliyyat edilir. Deyilən üsulları həyata keçirmək üçün isə böyük vəsait tələb olunur. Bu səbəbdən hələlik Azərbaycanda bütün küçə itləri vaksinasiya və ya əməliyyat edilə bilmir.

Hətta 2011-ci ildə sahibsiz itlər üçün poliqon tikilməsi ilə bağlı təklif irəli sürülmüşdü. Təklif isə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin rəisi Əhməd Məmmədov tərəfində gəlmişdi. İdarə rəisi həmin poliqona yığılacaq itlərin dərisinin emal olunması ilə bağlı da məsələ qaldırmışdı. Lakin onun bu təklifi qəbul edilməmiş qaldı.

Qeyd edək ki, son illərdə sahibsiz itlərin küçələrdən yığılması ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olurdu. Qurumun mətbuata verdiyi açıqlamaya görə əməkdaşları vaxtaşırı küçədəki sahibsiz itləri yoxlayır, onları xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Hətta qurum vətəndaşlara çağırış edərək, küçədə sahibsiz it gördükləri təqdirdə onların qaynar xəttinə müraciət edə biləcəklərini bildirmişdi.

Lakin son günlər mətbuatda adı çəkilən qurumun əməkdaşlarının itləri güllə ilə vuraraq öldürdükləri barədə şikayətlər dərc edildi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məsələyə qarışdı, qurumun 7 əməkdaşı işindən azad edildi. Məlumata görə artıq yeni işçi qrupu yaradılıb və qrupun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaq.

Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

Beləliklə, bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.

Xalidə Gəray,
Musavat.com 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !