Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi - - Xaçmazda (+FOTOLAR)

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi - Xaçmazda (+FOTOLAR)

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin bu ilin fevralın 5-də 100 ili tamam oldu. Bu hadisəyə həsr olunmuş onun musiqisindən ibarət konsert tədbirləri həm ölkəmizdə, həm xaricdə - Türkiyə, Fransa, Rusiya kimi ölkələrdə təntənəli şəkildə qeyd olunub. Bu tədbirlər Qara Qarayevin yaradıcılığını geniş kütlələr arasında təbliğ etməklə yanaşı, onun təkrarolunmaz və parlaq musiqisini gənc nəsillərə sevdirir, ölməzliyini təmin edirlər. Azərbaycanın bölgələri arasında Xaçmaz rayonu gözəl təşəbbüslə çıxış edərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim, doktorant və məzun heyətini dəvət etdi və çox təntənəli surətdə iyunun 23-də konsert təşkil olundu. Onu qeyd etməliyəm ki, Xaçmaz rayonunun rəhbəri – Azərbaycanın tanınmış dövlət xadimi Şəmsəddin müəllim Xanbabayev və beş rayonu əhatə edən Regional mədəniyyət idarəsinin rəisi Nazim Ağayev bu tədbirin reallaşması üçün çox diqqət və qayğı ilə böyük hazırlıq işləri gördülər. Məhz həmin tədbir üçün Xudat şəhərindən oranın mədəniyyət mərkəzinə ulu öndərimiz Heydər Əliyevin hədiyyə etdiyi royal aləti Xaçmazın Heydər Əliyev mərkəzinə gətirildi. Nümayəndə heyətimizə Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin öyrənilməsi” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, “Doktorantura və dissertantura” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həqiqət Yusifova, baş müəllim, konsertmeyster Nigar Məlikova və doktorantlar, məzunlar daxil idi. Artıq zala daxil olarkən dahi bəstəkarımız Qara Qarayevin portretini ekranda görəndə, onların tədbirə nə dərəcədə ciddi hazırlıq işlərinin aparılmasının şahidi olduq. Akademiyadan kiçik heyətin getməsinə baxmayaraq, konsert proqramında çıxış edən musiqiçilər o qədər yüksək peşəkarlıq nümayiş etdirdilər ki, sanki Bakı Musiqi Akademiyasının böyük heyəti orada iştirak edirdi.
İlk öncə Nazim Ağayev konsert proqramını açarkən, qonaqları və orada əyləşən müxtəlif iş və vəzifələrdə çalışan insanları ürəkdən salamladı. Bu tədbirin rayon üçün çox böyük əhəmiyyət daşıdığını vurğuladı və sözü Gülnaz Abdullazadəyə verdi. O da öz növbəsində bu tədbirin reallaşmasını çox yüksək qiymətləndirdi və Qara Qarayevin Azərbaycanın müasir bəstəkarlıq məktəbinin ən parlaq nümayəndəsi olduğunu qonaqlara bir daha çatdırdı. Əlbəttə ki, biz də bundan inanılmaz dərəcədə qürur hissi keçirdik ki, vaxtilə dahi Üzeyir Hacıbəylinin yaratdığı bu ali təhsil ocağının nümayəndələriyik.
Qara Qarayevə həsr olunmuş konsert proqramı BMA-nın doktorantı, eyni zamanda konsertin aparıcısı olan İlahə Qismət tərəfindən hazırladığı sənədli filmlə başladı və burada bəstəkarın həyat və yaradıcılığı ilə bağlı bütün əsas əsərlər və hadisələr öz əksini tapmışdır. İ.Qismət iştirakçıların çıxışlarını elan edir və hər bir əsərdən sonrakı alqışlar, insanların bu musiqini çox bəyəndiklərini sübut edirdi.
Konsert proqramı çox maraqlı və rəngarəng tərtib olunmuşdu və əsərlərin əksəriyyəti Qara Qarayevə məxsus idi. Bunların arasında Beynəlxalq və Respublika mükafatları laureatı, gənclər mükafatçısı Fəqan Həsənlinin ifasında “Fortepiano üçün 2-3 N prelüdiyalar”, Beynəlxalq və Respublika müsabiqələr laureatı, gənclər mükafatçısı Cavid Əzizovun ifasında “Unudulmuş vals” və “İnsan məskən salır” kinofilmindən musiqi, Beynəlxalq və Respublika müsabiqələr laureatı, gənclər mükafatçısı Ümidə Abbasovanın ifasında “Yeddi gözəl” baletindən “Adagio” və “Vals”, Beynəlxalq və Respublika müsabiqələr laureatı, gənclər mükafatçısı Vüsal Aydəmirovun ifasında “Eskiz”, sonra isə Fərhad Bədəlbəylinin “Dəniz” əsəri çox yüksək peşəkarlıqla musiqiçilər tərəfindən təqdim olunurdu. Digər bəstəkarlardan: Üzeyir Hacıbəylinin “Cəngi” əsəri Fəqan Həsənlinin ifasında, Nigar Məlikovanın məharətli ifasında Tofiq Quliyev “Qaytağı”-sı, Respublika müsabiqələr laureatı Orxan Cəlilovun gözəl ifasında Səid Rüstəmovun “Alagöz” və Tofiq Quliyevin “Sevgilim” mahnıları, Prezident təqaüdçüsü, Beynəlxalq və Respublika müsabiqələr laureatı, gənclər mükafatçısı Atabəy İsmayılovun ifasında tarda “Bayatı-şiraz” muğamının, ardınca da Vasif Adıgözəlovun “Lay-lay” pyesinin səsləndirilməsi konsert proqramına xüsusi rəng qatdı. Digər iştirakçıların da – Beynəlxalq və Respublika müsabiqələr laureatı, gənclər mükafatçısı Mahir Tağızadənin peşəkarlıqla ifa etdiyi E.Kurtis “Qayıt Sorrentoya” və sonda Müslim Maqomayevin “Azərbaycan” mahnısının möhtəşəm ifası gurultulu alqışlar altında konserti yüksək səviyyədə bitirdi.
İnsanların ayaq üstə bitmək bilməyən alqışlarını, simalarındakı sevinc və bəzən göz yaşlarını gördükdə, düşündüm ki, bütün bunlara görə əziyyət çəkib belə tədbirlər hazırlamaq vacibdir. Sonda bütün konsert iştirakçıları və nümayəndə heyəti səhnəyə çıxıb tamaşaçılara öz minnətdarlıqlarını bildirdilər. Konsertin təşkilatçısı Nuridə İsmayılzadə, Xaçmaz rayonunun rəhbərliyinə və şəxsən Nazim Ağayevə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Beləliklə, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert tədbiri sona çatdı.


Nuridə İsmayılzadə 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !