Əllərinlə təyəmmüm - - Orxan Bahadırsoy

Əllərinlə təyəmmüm - Orxan Bahadırsoy

Əllərinlə təyəmmüm

 

Ömrün sonu ölümdü,
gəl, səni görüm, gedim.
Gəl, sənin əllərinlə
alım təyəmmüm, gedim.


Sinən üstə yoxuş var,
saçlarında uçurum.
Bu çərpələng ruhumu
hansı səmtə uçurum?


Bu sərsəri ömür də
yük oldu öz çiynimə.
Səssizliyimə səs ver,
ümidimi çeynəmə!


Bir mehriban adamdım,
uyuşmuram heç nəyə.
Qollarından o yana
bir yer göstər keçməyə.


Mən hər günaha batdım,
axı sənə nə vardı?
Məktub yazdım Allaha,
verdim, çaylar apardı.


Sular yumağa yetməz
bu taleyin çirkini.
Sənsən son ümid yerim,
saxlamışam sirr kimi.


Gəl, sənin əllərinlə
alım təyəmmüm, gedim.
Gəl, barı son nəfəsdə
gözəl görünüm, gedim

 

 

 

                                                                             ***

 

Dönərsən

Acı-şirin xatirələr qəfildən,
Ürəyində buz bağlasa, dönərsən.
Üz çevirib zalım-zalım getdiyin,
O döngəli yol ağlasa, dönərsən.


Bir həsrətlə o yolun da tən olar.
Üzərini duman alar, çən alar.
Başın üstdən ötüb keçən durnalar
Məni səndən soraqlasa, dönərsən.


Bəlkə sənə bu ayrılıq yük gələr.
Dar ayaqda ümid olur bəlkələr.
Gedə-gedə dörd yanından kölgələr
Əllərini qucaqlasa, dönərsən.


Yol yoldaşın - bir ayrılıq, bir də qəm...
Nağıllara çevriləcək üç həmdəm.
Darıxarsan mənim kimi, birdənəm,
Gözlərində sel çağlasa, dönərsən.


Yol üstündə bir qərib də yol gözlər,
Əllərində bir dəstə gül əzizlər.
Səfərinə qəm gətirən bu izlər,
Xatirəni varaqlasa, dönərsən.

 

                                                                               ***

 

Bir kəndirdi bu ömür

 

Bir kəndirdi bu ömür, dartınıram haçandı...
Gah bu kəndir süzüldü, gah əlim haçalandı...
Ayaqlarım dolaşdı, kəndir kəsdi sinəmi!
Tanrım, kəndirin sonu gəlib çıxır sənəmi?


Eləsə yorma məni, tut əlimdən indicə...
Bu əzablı dartınış çox olmadımı, səncə?
Bu sonsuz fəzalarda döndü-dolandı ömrüm...
Ömrü az olanlara baxıb, utandı ömrüm...


Dahi Büxnerin ömrü bu qədər olmayıbsa...
Əgər mənim yaşımda bir it də qalmayıbsa...
Məndən sonra açılan güllər solub gedibsə...
Bir yazlıq yuvasını quşlar da tərk edibsə...


Bir yarpaq da yoxdusa indi mənim yaşımda...
Ən xoş xatirələrim itibsə yaddaşımdan...
Bir kəpənək ömründən çoxdusa indi ömrüm...
Bircə günü mənimdi, daha kimindi ömrüm?


Bir qarışqa da deyil daha mənim yaşıdım...
Məni bağışlasınlar, onlardan çox yaşadım...
Tut əlimdən gəlirəm, Tanrım, buraxma məni!
Sıxdı məngənəsində yer adlı daxma məni!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )