ASTANA - Türk dünyasının və xeyir işlərin astanası - Aida Eyvazlı

...Bu gün 20 yaşı tamam olur. Bəzəyi-düzəyi, gözəliyi göz oxşayır. Görənləri heyran qoyur. Bu kiçik yaşıyla Meqapolisin ən gözəl şəhərinə çevrilib. 1996-cı ilə qədər hələ Akmola kimi tanınan, 1999-cu ildə UNESKO-nun “Sülh şəhəri” adlandırılan Astana. 1998-ci ildə şəhər statusu alarkən, bu tarixi qeyd etməyə gələnlər arasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də var idi. Dünya liderlərinin, Türk dünyasının, Qazaxıstanın dostlarının möhtəşəm tədbirdə söylənilən arzuları arasında Heydər Əliyevin dedikləri tarixə yazıldı. Həmin yüksək tribunadan Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev çıxışını belə bitirmişdi: “Mən istəyirəm ki, Astana Türk dünyasının və xeyir işlərin astanası olsun”.

Müstəqilliyini qazanandan sonra ölkənin sərhədlərinin daha da möhkəmlənməsi, sənayesinin inkişafı üçün Qazax xalqının lideri Nursultan Nazarbayev paytaxtın Almatıdan qədim Akmola şəhərinə köçürülməsi barədə qərar verir. Sürgünlərin, dekabristlərin yaşadığı şəhər adını dəyişib Astana olur.

Ərazisi 722 kvadrat kilometr olan Astana şəhərinin qışı kəskin kontinental, yayı isə bəzən çox isti olur. Asiya qitəsinin bu şimal şəhərində demək olar ki, 6 ay qış mövsümü hökm sürür. Şəhəri iki hissəyə - sağ və sol sahilə bölən Yesil çayı, həm də şəhərin su təchizatını təmin edir. 1998-ci ildə təməli qoyulanda bu səhra şəhərində tək-tək ağaclar gözə dəyirdi. Şəhər ətrafı isə seyrək ağcaqayın və qovaq meşələri ilə əhatə olunmuşdu. Yaradılmış yaşıl oazis şəhəri yayda və yazda yaşıllıqlar məskəninə çevirir.

Astanaya qış vaxtı səyahət etməyin başqa gözəlliyi var. Şaxtalı qış bu şimal şəhərinə xüsusi yaraşıq gətirir. Ağappaq şəhər ağ paltarlı gözəl gəlini xatırladır. Qışda Astanada və şəhər ətrafı istirahət mərkəzlərində turistlərin dincəlməsi üçün hər cür şərait yaradılıb. Buranın qışı bir də ona görə gözəl olur ki, şəhərdə fəaliyyət göstərən əksər istirahət mərkəzlərinin qarşısında buz meydançası var. Məharətli ustalar tərəfindən buzdan düzəldilmiş nağıl qəhrəmanları, kompleksləri və oyuncaq meydançaları əhval ruhiyyənizi yüksəldəcəksə, burada şəkdirdiyiniz şəkillər albomunuzun ən maraqlı fotolarına çevriləcək. Astanaya qış vaxtı gedərkən unutmayın ki, bu şəhərdə 50 dərəcəyədək şaxtalı havaya düşə bilərsiniz. Uzun aylar davam edən qış fəslində bəzən gecə-gündüz dayanmadan, asta-asta və ya tufanla yağan qar insanların məişətində və həyatında heç bir problem yaratmır. Mənzillər və iş yerləri havanın temperaturuna uyğun tənzimlənən istiliklə təmin olunur. Yağan qarı isə küçələrdəki texniki vasitələr və bu sahədə çalışan insanlar toplayaraq, rahat gediş-gəlişə şərait yaradırlar.

Hər gün, hər ay dəyişən Meqapolisin, gənc şəhərin baş memarı yaponiyalı Kişo Kurakava və britaniyalı Norman Fosterdir. Çoxları bilmir ki, Astananın baş planı hazırlananda Kişo Kurokava Şərq fəlsəfəsindən faydalanıb. Bir növ Göyün Yer ilə olan harmoniyasının və təsirinin gücündən hər zaman müsbət enerji alınması üçün təqribən 2 kilometr uzunluğunda olan yolun bir başında Prezidentin iqamətgahı Ak Ordanın, digər başında isə dünyada yeganə nəhəng çadır olan “Xan Şatır” kompleksinin tikilməsini məqsədəuyğun bilib. Fəlsəfə dilində şəhərin belə yerləşməsi simbotik adlanır. Bəlkə də elə bu fəlsəfi hesablamaya görə də bu gün Astana şəhərinə düşən hər kəs özünü rahat hiss edir. Yerli sakinlər yayda yaşıl, qışda qarlı olan 2 kilometrlik bu ərazidəki xiyabanda gəzərkən həqiqətən də insanı rahatlandıran bir qüvvə olduğuna inanırlar.


“Duman” adlı əyləncə kompleksinə gələnlər burada 3 milyon ton su tutumu, içərisində 2 mindən artıq dəniz canlılarını saxlayan Okeanariumla tanış olacaqlar. Bu dəniz canlılarını saxlamaq üçün ildə 120 ton dəniz duzundan istifadə olunur.. Okean,dəniz bitkiləri və canlıları ilə zəngin olan Okeanarium, okeandan 3000 kilometr uzaqlıqda olan yeganə kompleks kimi Ginnesin rekordlar kitabına düşüb.
Şəhərin gözəl komplekslərindən danışarkən mütləq Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə tikilən “Bayterek”in də adını çəkmək lazımdır. 97 metr hündürlüyü olan Bayterek kompleksi şəhərin 1997-ci ildə paytaxt statusu almasını simvolizə edir. Bu kompleks həm də yeni pöhrə vermiş ağacı, dövlətçiliyi və dərin tarixi kökləri ehtiva edir. Kompleksin üstündəki yumurtaya bənzər fiqur yurdçuluğun, köçəriliyin, ətrafındakı göyə uzanan çıxıntılar isə tac formasında olmaqla, əbədiliyin nişanəsidir.

Şəhərin bu sol sahilində piramida formasında tikilən Sülh və Həmrəylik sarayı, “Həzrət Sultan” məscidi, “Qazax eli” müasir mədəniyyət və tarix muzeyi, 88 mərtəbəli “Abu-Dabi Plaza” göydələni şəhərə ilk dəfə gələnləri mütləq valeh edəcək.

Şəhərin sol sahilində isə müxtəlif alış-veriş mərkəzləri, qazax milli-adət ənənələrini yaşadan 10-dan artıq bazar vardır. Bütün bunlar hələlik 800 min nəfərdən artıq əhalinin xidmətindədir.

Qazaxların qonağı olanlar mütləq at ətindən hazırlanan yeməkləri dadmalıdırlar. Əsasən köçərilik həyatının əlamətlərini bu günə qədər özündə saxlayan qazaxların mətbəxini “Beşbarmaq”sız təsəvvür etmək mümkün deyil. Bizim xəngəl üçün yaydığımız yuxaları onlar dörd və ya iki hissəyə bölüb içərisində at əti qaynayan iri qazanlara tökürlər. Üstünə isə iri doğranmış soğan əlavə edirlər. Daha sonra sudan çıxarılan beşbarmak xəngəli iri ət parçaları ilə süfrəyə verilir. Çayı isə südlə qarışdırıb içirlər.

Qurmanlar Astana şəhərində ən müxtəlif xaqların restoranlarında yeyib-içə bilərlər. Ən yaxşı kababı isə ilk dəfə Astanada azərbaycanlılar dəb salıblar. Bir zamanlar kababın ancaq mal və donuzun yumşaq ətlərindən çəkilməsinə adət edən, sümüklü kababdan çəkilən kababı isə özlərinə təhqir bilən müasir qazaxlar və digər xalqların nümayəndələri, indi daha çox quzu və qoyun ətindən çəkilən sümüklü ətdən olan kabablara üstünlük verirlər.

Ölkədə fəaliyyət göstərən Qazaxıstan Xalqlar Assambleyasında 130-a qədər müllətin və xalqın nümayəndəsi təmsil olunur. Onların hər birinin etno-mədəni cəmiyyətləri vardır. Orada yaşayan azərbaycanlılar isə ölkə boyu 23 etno-mədəni cəmiyyətdə birləşiblər. Bu günə qədər də bir ailə kimi meribanlıq şəraitində yaşayırlar. Ölkə başçısının təsis etdiyi 1 may Xalq Assambleyası günüdə ən çox insan axını Azərbaycan çadırına olur. Milli mətbəximiz və zövqlü musiqimiz həmişə olduğu kimi hər kəsi heyran edir.

Astana sülh çağırışı ilə ən böyük simpoziumlara, konfranslara rəhbərlik edir. Dünyanın hər yerindən insanlara qapısını açıb, Sülh şəraitində, stabillik və iqtisadi inkişaf şəraitində necə dolanmağın, necə çiçəklənməyin mümkünlüyünün modelini dünyaya göstərə bilir.

Ötən il EXPO-2017 sərgisində modul tipli şəhərlərə keçiddən bəhs etdiyi sərgilərlə dünyanı heyran qoydu. Astananı yaradan , türk dünyasının lideri, ağsaqqalı Nursultan Nazarbayev modernləşmək haqqında qanunlar imzalayaraq, “Gələcəyə baxış: ictimai fikrin modernləşməsi”, Qazaxıstanın “Mədəni irsi”: onun inkişaf dövrləri və əhəmiyyəti” adlı proqramları ilə milli kimliyin, tarixi keçmişin bir dövlətin yaşaması üçün nə qədər dəyərli olduğunu göstərdi. Həmin proqramlarda ölkədə yaşayan azsaylı xalqların şəraiti, güzəranı ön plana çəkildi.Həmin proqramlarda mənəvi dəyərlərin qorunub saxlanması üçün ölkənin gələcəkdə görəcəyi işlərdən danışılır. Həmin proqramlarda məlum olur ki, Astana həm də dünyanın “Ağıllı şəhərləri” sırasında yer almağa iddialıdır.

Təsadüfi deyil ki, Nursultan Nazarbayevin dünya durduqca yaşayacaq övladı Astana şəhəri öz 20 illik gənclik yaşını ELBAŞI-nın doğum günündə 6 iyulda qeyd edir. Bu gün Nursultan Nazarbayevin də 78 yaşı tamam olur. Nursultan Nazarbayev bu müdriklik yaşında, ömrünün bu gözəl çağında, dünyada, öz adı, əməlləri ilə tanınan bir türk oğludur!
Nursultan Nazarbayev Avrasiya regionunda ən gözəl bir şəhər yaradıb. Nə qədər ki, dünyanın düzəni pozulmayıb, nə qədər ki Yer üzündə həyat var, ümummilli lider Heydər Əliyevin arzuladığı kimi, Astana Türk dünyasının və xeyir işlərin astanası olacaq!
Əziz qardaşlarımız, dostlarımız, Qazaxıstanı özünə ikinci Vətən hesab edən soydaşlarımız! Astana gününüz kutlı bolsın, meyramınız kutlı bolsın!!!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )