Warning: simplexml_load_file(http://www.cbar.az/currencies/23.10.2018.xml) [function.simplexml-load-file]: failed to open stream: HTTP request failed! HTTP/1.1 503 Service Temporarily Unavailable in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874

Warning: simplexml_load_file() [function.simplexml-load-file]: I/O warning : failed to load external entity "http://www.cbar.az/currencies/23.10.2018.xml" in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874
Sözüm yenə də Mədəniyyət Nazirliyinədir! - Təklifim var... - - Rəhman Orxan

Sözüm yenə də Mədəniyyət Nazirliyinədir! - Təklifim var... - Rəhman Orxan

Mədəniyyətimizin hörmətli Nazirliyi! Siz çox düzgün və haqlı olaraq son dəfə "Xalq artisti" adına təqdim etdiyiniz "qruppovoy" siyahıya xalqımızın görkəmli, sevimli sənətkarı Yaqub Zurufçunun və korifey xanəndə Süleyman Abdullayevin adlarını salmamısınız.
Buna görə Sizə həqiqətən dərin təşəkkür və minnətdarlıq edilməlidir. Çünki onlar Azərbaycanın musiqi sənətində, mədəniyyətində elə müstəsna xidmətləri olan sənətkarlardır ki, onları "dünənki" bəzi "oxuyanlar"la eyni qrup siyahısına salmaq hər birinə qarşı çox böyük hörmətsizlik olardı. Çox sağ olun ki, buna yol vermədiniz. Axı, həm Yaqub Zurufçu, həm də Süleyman Abdullayev bu fəxri ada fərdi olaraq layiq görülməlidirlər, 30-35 nəfərlik yeni "xalq artistləri"nin böyük bir siyahısında, "optom" olaraq yox!
Siz özünüz bir də baxın "eks" Ədalət Vəliyevin hazırlayıb təqdim etdiyi siyahıya. Orda fəxri adlara həqiqətən layiq olanlarla yanaşı elələri də var ki, Yaqub bəy öz "Ayrılığ"ı ilə, Süleyman dədə isə misilsiz muğam ifaları ilə milyonların ürəklərini fəth edəndə hələ balaca uşaqlar idilər, 10-12 yaşları ancaq olardı. Lakin elə bu gün də - böyüyüb "boya-başa" yetəndən sonra da onların sənətdə bu iki sənətkara çatmaları qətiyyən real görünmür. Və bunu tam əminliklə demək olar ki, həmin 33 "yeni xalq artisti"nin hər biri bu gün də Yaqub Zurufçunun da, Süleyman Abdullayevin də pərəstişkarları, fanatlarıdırlar. Bəziləri isə yəqin ki, həmin siyahıda bu iki görkəmli sənətkarın yox, öz adlarını görəndə daxilən narahat olub, hətta xəcalət hissi də keçiriblər. Axı, 1988-89-cu illərdə Yaqub Zurufçu öz vətənpərvər, qəlbləri titrədib-coşduran azadlıq çağırışlı mahnıları ilə Azadlıq meydanında xalqın azadlıq ruhunu daha da gücləndirəndə, tribunada, milyonların qarşısında diz çöküb "Ayrılıq" mahnısını göz yaşları içərisində , ürək yanğısı ilə oxuyanda artıq xalqın sevimli sənətkarı, Azərbaycanın əsl Xalq artisti olmuşdu və bu gün də o cür qalmaqdadır. Xalqımızın dahi rəhbəri, Yaqub bəyin səsinin, mahnılarının vurğunu olan, ona çox böyük hörmət bəsləyən Ulu öndər Heydər Əliyev bu böyük sənətkara olan bugünkü münasibətə görə, görəsən, Mədəniyyət Nazirliyinin başına "sığal çəkərdimi"?
Fəxri advermədə bunu necə ƏDALƏTli yanaşma hesab etmək olar ki, həm aktyor istedadı və məharəti, zəngin yaradıcılıq potensialı ilə seçilən və sevilən Əməkdar artistlər Əli Nur, Kazım Abdullayev, teatrda 100-dən artıq rollar oynasa da, onlarla filmə çəkilsə də, hələ də "sıravi" olan Mövsüm Hüseynov kimi sənətkarlarla müqayisəyə gəlməyən, hələ təzə-təzə tanınmağa başlayan aktyorlara belə "xalq artisti" adı verilir, ancaq onlara yox. İstedadına şübhə edilməyən, lakin çox da böyük yaradıcılıq fantaziyası tələb olunmayan şoumen fəaliyyətinə görə Murad Dadaşovun, rollarının öhdəsindən Əməkdar artist kimi (ancaq o səviyyədə!) gəlməyi bacaran Naibə Allahverdiyevanın və bir-neçə digərinin "xalq artisti" kimi yüksək fəxri titula layiq görülməsi həm teatr ictimaiyyəti, mədəniyyət xadimləri, həm də tamaşaçılar tərəfindən heç də birmənalı qarşılanmadı. Təəccüb edənlər də oldu, heyrətlənənlər də, üz-göz turşudanlar da.
Təsəvvür edin - Azərbaycan səhnəsinin korifeyləri Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli (qəribədir ki, bu böyük sənətkarın adı Vikipediyadakı "Azərbaycanın Xalq artistləri" siyahısına daxil edilməyib), Əliağa Ağayev, Ələsgər Ələkbərov, Həsənağa Salayev, Rza Əfqanlı, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Nodar Şaşıqoğlu, Həsən Turabov, Məmməd Bürcəliyev, Şəfiqə Məmmədova, Həsən Məmmədov, Rasim Balayev kimi məşhur, görkəmli aktyorların, hamının - uşaqdan-böyüyə tanıyıb-sevdiyi əsl Xalq artistlərinin yanında bəzi yeni "xalq artistləri" cılız görünmürlərmi? Ədalətin nə olduğunu bilməyən, onun fərqinə belə varmayan Ədalət Vəliyev bu binəva "xalq artistləri"ni niyə utanmağa, xəcalət çəkməyə vadar elədi? Heç kəsə sirr deyil ki, bu ada yiyələnənlər arasında xahişindən keçilə bilməyən hansısa nüfuzlu vəzifə sahibinin, deputatın və daha kimlərinsə himayə etdikləri də var. Ancaq, axı, insaf da, elə ədalət də, obyektivlik də dinin yarısıdır. Sirr deyil ki, o 33 nəfərin ən azı yarısına Azərbaycanın yox, lap SSRİ-nin, Amerikanın (düzdür, orda belə titullar yoxdur) "xalq artisti" adı verilsə də, onların bir çoxu heç vaxt "başlarından uca" tullana bilməyəcəklər...
Son illərdə məharətlə yaratdıqları obrazlarla yadda qalan İlahə Səfərova, Fəranə Musayeva, Rauf Ağakişiyev və Habil Xanlarov (hər biri H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktyorlarıdır), Nadir Xasiyev də (o da Sumqayıtın yetirməsidir, uzun illərdir ki Musiqili Komediya Teatrında çalışır), gözəl müğənnimiz Zöhrə xanım Abdullayeva da "gurultulu" siyahıdan kənarda qalmışlar (hələ istedadlı aktyorlar Oqtay Mehdiyevi, Sədaqət Nuriyevanı, Xatirə Süleymanova və digərlərini demirəm). Halbuki hətta nazirlik "meyarı" ilə götürülsə də belə, onlardan üçü "Xalq atisti", ikisi isə "Əməkdar artist" adına layiqdirlər, lakin təəssüf ki, Ədalət Vəliyevin "qılıncının" altından keçə bilməyiblər.
100-dən artıq rollara səhnə həyatı vermiş, Azərbaycan Demokratik Respublikasının yaradıcısı, görkəmli dövlət xadimi Məmməd Əmin Rəsulzadənin, ilk Parlament sədrimiz Məmmədyusif Cəfərovun, dahi şair-dramaturq Hüseyn Cavidin və digərlərinin obrazlarını həm səhnədə, həm də tarixi-sənədli "Son iclas" filmində uğurla, böyük sənətkarlıqla yaratmış, onlarla televiziya filmlərində çəkilmiş Habil Xanlarovun "Əməkdar artist" adına təqdimatı sanki keçilməz bir qayaya çırpılıb ona görə geri qayıdır ki, bu fitri istedadlı aktyorun... ali təhsili yoxdur (gəncliyi ağır qaçqınlıq illərinə düşdüyündən ali təhsil ala bilməyib, lakin 17 yaşından - artıq 28 ildir ki, Azərbaycan səhnəsində uğurla çalışmaqdadır). Axı, nə ad verəsən belə "advermə"yə?
Deyiləsi hələ çox şeylər olsa da (Ədalət Vəliyevlə bağlı olan "sərgüzəştləri" Əməkdar artist Əli Nur daha yaxşı bilir), hörmətli nazirliyə, onun rəhbərliyinə çox başağrısı vermək istəməyərək, çox sadə, əməl edilməsi onlar üçün çətin olmayan bir təklifim var. Süleyman Abdullayevin və Yaqub Zurufçunun Mədəniyyət Nazirliyi tərəfindən uzun illər "Əməkdar" səviyyəsində saxlanılaraq, ucuz tutulmamaları üçün təklif edirəm ki, onların qətiyyən ehtiyac duymadıqları "Əməkdar artist" adları geri götürülərək, ləğv edilsin (nazirlik bunu çox gözəl, asanlıqla bacarar!). Bununla da Yaqub bəylə Süleyman dədənin bu nazirlikdən asılılığına da, neçə illərdir ki reallaşmayan ümidlərinə də son qoyular. Özləri isə nazirlik "buxov"undan xilas olub, daha azad, minnətsiz-filansız nəfəs alıb, daim xalqla birlikdə olub, elə bu doğma xalqın da əsl, böyük sənətkarları olaraq qalarlar!
Heç şübhə yoxdur ki, Mədəniyyət Nazirliyində də çox yaxşı bilirlər ki, öz təkrarsız sənətləri ilə adları Azərbaycan musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuş bu iki böyük sənətkar hansısa fəxri addan asılı olmayaraq, zaman-zaman sevilərək, əsrlərlə yaşayacaqlar.

Rəhman ORXAN,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )