Gözlədim ki, ölüm var - Orxan Bahadırsoy

Gözlədim ki, ölüm var

 

Yenə düşüb sənsizliyin toruna,
Sarılaram bir şəkilin boynuna,
Yenə də bir yastıq girər qoynuma,
Tərimdə yox, göz yaşımda islanar.


Bir soyuq da çökər evə-eşiyə,
Evimdəki siçanlar da üşüyər.
Çevrilərəm qocaman bir kişiyə,
Sağ əlim də bir çəliyə yaslanar.


Mən sevmişəm, səndən gələn dərdimi...
Evimdəki göylər dələn dərdimi...
Gəl, hərdən yu bu köhnələn dərdimi,
Təzələnsin, qorxuram ki, paslanar!


Bir dizimə sığal çəkən əlim var,
Bir də ancaq gileylənən dilim var.
Bir ümiddi... gözlədim ki, ölüm var.
O da gəlməz... O da mənə nazlanar!

 

                                                                                ***

 

Başqa adam


Yaddaşımda sancı verər əzgilər,
içimdə bir ruh ağlayar, üz gülər.
Daha mənə tanış gəlmir güzgülər,
-güzgülərdən baxan başqa adamdı.


Vəd edirəm öz-özümlə görüşə,
gözləyirəm üfüqlərdən gün düşə.
Eyni olmur nə o yorğan, nə döşək,
-döşək başqa, yorğan başqa adamdı.


Məndə səni unutmağa güc hanı?
Çəkirəm də bu bitməyən hicranı.
Ölsəm əgər üzülmə də, sən canın,
-canım məndən çıxan başqa adamdı.


Sinəmdəki bər-bəzəkli yerdə qal!
Xatirəmdə necə qaldın? Bir də qal!
Görüm səni mənim kimi dərdə qal,
-dərdə qal ki, Orxan başqa adamdı.

 

                                           

 

                                                                                   ***

 

Özünə ölüm düzəldən

 

Sənin mənə gücün çatmaz,
bütün dərdlərdən ağıram.
Bir can kimi gəldim sənə,
bir can kimi də çıxaram.


Gəzib məscidi, kilsəni,
dualarda bükül səni!
Çəkib şəkil-şəkil səni,
ölən günəcən baxaram.


Bir ağacam, adım tutdu...
məni barama qurutdu.
Elə bilərsən unutdum,
amma hər gün darıxaram.


Qəhqəhə çəkib güləcəm...
gülə-gülə də öləcəm.
Yarpaq-yarpaq töküləcəm,
yanaqlarından axaram.


Ruhum boşluqlara enər,
enər-enər, çiliklənər.
İçib, içib köpüklənər,
bir şüşə zəhər qoxaram.


Qoymaram qocalıb ölüm,
dərdimə alçalıb ölüm.
Göylərə ucalıb ölüm,
bir gün buluddan yağaram.


Qarışma haqqın işinə...
gəlişimə, gedişimə...
Baxma yaraşıq nəşimə,
birdən yandırıb-yaxaram.


Əl çəkər sən tək gözəldən,
özünə ölüm düzəldən.
Demişdim axı əzəldən,
mənim bəlliydi axırım.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )