Futbolçular yaxşı mənada sistemə salınmış "robot"lardır... - - Tahir Süleymanov (+FOTO)

Futbolçular yaxşı mənada sistemə salınmış "robot"lardır... - Tahir Süleymanov (+FOTO)

AZpress.AZ xəbər saytı Tahir Süleymanovun Dünya Çempionatı haqqındakı fikirlərini oxucularla bölüşür...

Rusiya-2018 yarımfinallarını kiçiklərlə böyük dövlətlərin qarşıdurması da adlandırmaq olar. Tək futbol baxımından deyil, faktiki olaraq da belədir. Balacaların nəhənglərə futbol çağırışıdır...
Nə qədər qəribə görünsə də, mundialın sonluğu Avropa çempionatını xatırladır. Bu çempionat Cənubi Amerika millilərinin tam fiaskosu ilə nəticələndi. Digər qitə nümayəndələrindən isə elə bir uğur da gözlənilmirdi. Digət tərəfdən Avropanın hegemonluğu da qanunauyğunluqdur. Mundialda ən çox ölkə ilə təmsil olunan qitədir...
Nəhənglər baxımından az qalmışdı çempionat "batsın". Fransa iki yığmadan biridir ki, biabırçılığa imkan vermədi, "qardaş"larının nüfuzunu qorudu.
Qısa müddətə dünya çempionatı kimi yarışda 6-cı görüşə çıxmaq futbolçular üçün dözülməz qrafikdir. Fiziki, psixoloji yüklənmələr son həddə çatır. Burada baş məşqçinin çempionata hazırlığı, futbolçuların oyundan-oyuna "artırması" çox önəmlidir. Artıq düzgün hazırlıq keçən yığmalar pik formaya yetişiblər...
Ən vacib amillərdən biri də bərpa prosesinə nəzarətdir. Görünməyən, üzdə olmayan həkimlər korpusu, bu sahəyə cavabdeh köməkçilər seytnot vəziyyətdə futbolçuları hazır duruma gətirməyi bacarmalıdırlar. Zədə, cəzalı futbolçuların ola biləcəyini də nəzərə alsaq, bu çox vacib amildir.
Azarkeşlər 90 dəqiqə oyunu görür, futbolçuların çıxışına qiymət verir. Onların var gücü ilə oynaması tək özlərindən asılı deyil. Baş məşqçinin görünən, görünməyən korpusu var. Onların düşüncəsi, bacarığı, hazırlığı sonda meydanda görünür. Böyük futbol zərgər dəqiqliyini sevir və incəliyinə qədər hər şeyin yerində olması, yüksək icrası mütləqdir. Əks halda futbolçular meydanda büdrəyəcək...
Çox vaxt fikirlər səslənir, "futbolçular nə etdi" düşüncəsi formalaşır. Ən mənfisi isə belə təfəkkürü ortaya qoyan baş məşqçi, mütəxəssislərimiz də var və az da deyillər.
"Çörək"siz qalarsız...Etməyin bunları. Əgər "futboçu nə etdi" sualı ortaya çıxırsa, onda sizlərə nə ehtiyac var ki?! Elə məhəllə qaydaları ilə oyunçular bölüşüb özləri meydana çıxsınlar.
Argentina, İspaniya "nümunə"ləri yetərlidir. Biri dünya çempionatını "lağlağaya" çevirib bir gün qalmış məşqçi dəyişdi, digəri isə "texniki zona-qəfəsə" salınaraq ora-bura qaçmaqla məşğul oldu. Deşam isə risk edərək bir yarımfinala layiq heyəti kənarda qoyaraq bu gün yarımfinala çıxacaq. Bu məşqçinin özünəinamı, bacarığından irəli gəlir və bu günə kimi qazanılan nəticə də doğru yolda olduğunu sübut edir...
Müasir futbol elə inkişaf dönəmindədir ki, futbolçular yaxşı mənada sistemə salınmış "robot"lardır. Hətta Messi, Ronaldo, Neymar kimi ustalar bir artıq hərəkət, driblinq etdiyi zaman dərhal oyun nizamı itir, pozulur. Meydanda istənilən addım, düşüncə olaraq komanda oyununa yönəlməli, hər futbolçunun fərdi keyfiyyətləri ümumi sistem üçün çalışmalıdır. Bunları həyata keçirən təşkilati baxımdan rəhbər, oyun sistemi olaraq isə məşqçilər korpusu təmin etməlidir.
Artıq 90 dəqiqə ərzində arxa, mərkəzdə monoton 1000(!) ötürmə edib "baş" aldatmaq dövranı keçmişdə qaldı. Bir effektli, sürətli ötürməylə qələbələr təmin edilir...
Fransa, Belçika bu günün tələblərinə uyğun futbol sərgiləyirlər. Hər iki milli oyun intizamı ilə seçilir. Heyətlərində çox bacarıqlı lider futbolçular var. Fərdi texnikası ilə güclü olan Hazard, Mbappe də sistemə "qulluq" edirlər.
Fransa bir qədər daha ağır komanda təsiri bağışlayır. Əsasən də müdafiədə. Bu amil belçikalıların işinə yaraya bilər. Ümumiyyətə hər iki milli müdafiədə ehtiyatlı davranmalı, rəqibə mərkəz, dayaq bölgəsi, kənarlarda boş zonalar verməməlidir. İstər Fransa, istərsə Belçika ölümcül, sürətli əks hücumların mahir ifaçılarıdır. Hər ikisi "oğru" komandadır, mənasız top itgiləri anında qolla cəzalandırıla bilər.
Belçika Braziliya kimi millidən çəkinmədi, layiqli oyunla qələbə qazandı. Özlərinə çox inamlı, nə etdiklərini öncədən nizamlaya bilən komandadır. Baş məşqçi işi açıq görünür. Eyni zananda çox baxımlı oyun göstərirlər. Belçika çempionatın ən eleqant, futbol oynayaraq, futbola, azarkeşə hörmət edən komandasıdır. Finala çıxsalar, hətta qızıl medalları qazansalar, təəccüblənmərəm...
Fransanın çəkisinə görə psixoloji yükü daha ağırdır. Onlardan mütləq qələbə gözlənilir. Qiymətinə uyğun Poqba kimi futbolçular hələ ki, onlardan gözlənilənləri verməyiblər. Bu oyun onlar üçün daha bir şansdır. Böyük futbolçular böyük oyunları həll edir. Onlara ödənilən astronomik pulların qarşılığını azarkeşlər qarşısında adlarına layiq futbolla göstərməlidirlər. Fransa kimi milli tək 19 yaşlı gənc Mbappe və digərlərinin ümidinə qalmamalıdır. Özlərini göstərmək zamanıdır...
Şanslar bərabərdir. Bir-birinə layiq rəqiblərdir.
Oyuna köklənmə, əzmkarlıq, istək üst səviyyədə olacaq. Cütün taleyini isə məşqçilərin düzgün taktiki gedişləri, oyuna müdaxilələri və lider futbolçuların fərdi keyfiyyətləri həll edəcək...
Güclü olan qalib gəlsin!
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )