Zaur Baxşəliyevin efirində: - Ekspert - dələduzluq etdiyi üçün həbs edilən şəxs...

Zaur Baxşəliyevin efirində: Ekspert - dələduzluq etdiyi üçün həbs edilən şəxs...

Verilişində hər kəsi ağlatması ilə yaddaşlarda iz qoyan şair-publisist, tədqiqatçı-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru, teleaparıcı, öncəgörücü İlham Mirzəyev çoxdandır efirlərdə görünmürdü.

İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdu. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.

Nərimanov rayon məhkəməsi Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilmişdi.

Həbsdə olarkən onun səhhətində problemlər yaşanmışdı və 2016-cı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılıb.

İlham Mirzəyev ötən il verdiyi müsahibəsində bir daha heç vaxt aparıcılıq etməyəcəyini və media sahəsindən uzaq qalacağını demişdi.

Ancaq görünür, İlham Mirzəyev öz fikrindən daşınıb və Zaur Baxşəliyevin təqdimatında yayımlanan “BizimləSən” verilişində tez-tez ekspert kimi görünməyə başlayıb.

Keçmiş məhbusların cəmiyyətə qazandırılması vacibdir. Ancaq bu gün ölkəmizdə həbs olunduğu üçün iş tapa bilməyən, hər yerdə diksriminasiyaya məruz qalır. Ancaq sənət dünyasında tanışları çox olan İlham Mirzəyev bu gün efirdə ekspert kimi əyləşə, hətta dərdinə çarə tapmaq üçün gələnlərə ağıl da verə bilir.

Ümumiyyətlə, Azərbaycan efir məkanında ekstasenslərin, həm dində, həm də qanunda fəaliyyəti qeyri-qanuni sayılan falçı, cadugərlər – dələduzların hər mövzuda mütəxəssis kimi təqdim edilməsi, hörmətli şəxs sayılması adi hal alıb.

Hətta aprıcıların onlara xüsusi rəğbəti hiss edilir. Bir neçə il öncə Zaur Baxşəliyev ekstasens Zirəddini “Toy olsun” verilişində qonaq edəndə psixoloq Elmir Əkbər buna etiraz etmiş, bu cür falçılıq fəaliyyətini cəfəngiyat adlandırmışdı.

Teleaparıcı isə öz növbəsində psixoloqu yüngül formada studiyadan qovmuşdu. Bu hadisənin üzərindən illər keçəndən sonra Baxşəliyev hər buraxılışda falçılığın saxtakarlıq olduğunu elan edir, insanları buna inanmamağa səsləyir.

Ancaq dələduzluq yolu ilə pul mənimsədiyi sübuta yetirilmiş İlham Mirzəyev Zaurun əli ilə yenidən efirə qayıdıb. Mirzəyevin yenidən öncəgörücülüyə davam edib-etməyəcəyi isə bəlli deyil. 

minval.info 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )