AMEA-nın magistrlərinin “Məzun günü” keçirilib - (+FOTOLAR)

AMEA-nın magistrlərinin “Məzun günü” keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, İyulun 10-da AMEA-nın magistrlərinin “Məzun günü” keçirilib. Tədbirdə respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiya magistrlərinin “Məzun günü”nün əlamətdar hadisə olduğunu qeyd edib. AMEA-da magistratura təhsil pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə ya­radıldığını xatırladan AMEA rəhbəri təhsilin müasir səviy­yədə qurulması üçün mühüm addımlar atıldığını bildirib. Magistrantların yaradılmış imkanlardan səmərəli istifadə etdiyini deyən AMEA-nın prezidenti vurğulayıb ki, onlar dissertasiya tədqiqatlarının nəticələrini yerli və xarici jurnallarda çap etdirirlər: “Artıq bir neçə magistrantımızın məqaləsi “Web of Science” platformasında indeksləşən jurnallarda çap olunub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun biotexnologiya ixtisası üzrə magistraturasını bitirmiş gənc alimin məqaləsi isə impakt faktoru 15.5 olan jurnalda çap olunub. Bu kifayət qədər yüksək nəticədir və uğurlu tədrisin bəhrəsidir”.

Natiq qeyd edib ki, cari ildə 18 ixtisas və 39 ixtisaslaşma üzrə 57 tələbə AMEA-nın magistraturasını bitirib. Qarşıya qoyulmuş məqsədə nail olunduğunu bildirən akademik Akif Əlizadə vurğulayıb ki, magistraturanın yaradılması elmlə təhsilin inteqrasiyası istiqamətində çox uğurlu addım olub magistrantların simasında öz bəhrəsini verir. AMEA rəhbəri bildirib ki, Akademiyanın magistraturasını keçən il bitirmiş ilk məzunların hamısı bu gün Akademiyada elmi karyeralarını uğurla davam etdirirlər. Onların əksəriyyəti hazırda fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün AMEA-nın doktoranturasında təhsil alırlar.

Çıxışının sonunda akademik Akif Əlizadə gənclərin çalışacağı sahələrdə layiqli kadrlardan olacağına əminliyini ifadə edərək onları məzun olmaları münasibətilə bir daha təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Akademiyada təhsil almağın bir sıra üstünlükləri var. Akademik magistrantların xaricdə təcrübə keçməsini və müasir maddi-texniki bazadan istifadə etməsini, AMEA-nın həqiqi və müxbir üzvlərinin, professorlarının tədrisdə bilavasitə iştirakını magistrlərin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində önəmli rol oynadığını qeyd edib: “Bu il İnstitutumuzda üç nəfər magistr toponim, hibrid dillər, qədim dillər sahəsində təhsilini başa vurur. Onlar, həqiqətən, gələcəyin perspektivli, ümidverici gəncləridir. Ona görə ki, həmin mütəxəssislərin gələcəkdə təhsillərini davam etdirməsi azərbaycançılıq məfkurəsinə xidmət edir, Azərbaycan dilinin zənginliyini sübut edən dil faktlarının aşkar olunmasını ortaya qoyurlar. Bu mənada hesab edirəm ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi olduqca müsbət haldır”.

Sonra AMEA-nın Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edib. Bildirib ki, AMEA-da magistratura pilləsinin yaradılması Azərbaycan elminin inkişafına təkan verən amildir: “Magistrantlara imkan yaradılır ki, onlar Akademiyanın institutlarının laboratoriyalarında bilavasitə elmi tədqiqat proseslərində tədqiqat işlərinin yerinə yetirilməsində iştirak etsinlər”.

Daha sonra magistrlərin elmi rəhbərləri çıxış edərək AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər. Magistrantların təhsil prosesində həvəslə iştirak etdiklərini vurğulayan natiqlər onları “Məzun günü” münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə həmçinin İnformasiya Texnologiyaları İnstitutunun magistri Şəlalə Mansurova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistri Elnarə Sadıqova, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun magistri Əsmər Göyüşova, Nəsimi adına Dilçilik İnstitutunun magistri Böyükxanım Əsgərova çıxış edərək AMEA-nın məzunları adını daşımaqdan qürur hissi duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söyləyiblər. Yaradılan hər bir şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.

Tədbirdə AMEA-nın məzunlarına diplomlar təqdim edilib. Mərasimin sonunda AMEA Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı akademik Akif Əlizadəyə təqdim edilib.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )