DÜNYA FUTBOL ÇEMPİONATI - - "Azərbaycan"ın şərhləri...

DÜNYA FUTBOL ÇEMPİONATI - "Azərbaycan"ın şərhləri...

Xorvatiyada ciddi itki

 

Xorvatiya millisi DÇ-2018-in yarımfinalında bu gün İngiltərə ilə keçiriləcək oyuna itki ilə çıxacaq. Komandanın müdafiəçisi Şime Vrsalko zədə səbəbindən bu vacib qarşılaşmanı buraxacaq. “Atletiko”nun futbolçusu 1/4 finalda Rusiya ilə oyunda zədələnib. 

 

                                                                                  ***

 

Xorvatiya - İngiltərə matçının hakimləri açıqlandı

 

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də daha bir mühüm oyuna təyinat alıb. FİFA-nın rəsmi “Twitter” səhifəsində yer alan xəbərə görə, o, yarımfinalda keçiriləcək Xorvatiya - İngiltərə görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Xorvatiya - İngiltərə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

                                                                                    ***

 

Mundialın ən çox qaçan futbolçusu

 

FİFA bu günə kimi mundialda baş verənlərlə bağlı maraqlı statistik göstəriciləri açıqlayıb. Meydana çıxdığı 5 oyunda cəmi 62 km məsafə qət edən Rusiya yığmasının yarımmüdafiəçisi Roman Zobnin turnirin ən çox qaçan futbolçusudur. Qapıya düşən zərbələrin sayına (27) görə braziliyalı Neymar liderdir. Nəhayət, uğurlu ötürmələrin sayında (485) isə İspaniya millisinin üzvü Serxio Ramos hamını qabaqlayıb.

 

                                                                                    ***

 

Dopinq şoku

 

Almaniya mətbuatı Rusiya millisinin üzvlərinin fiziki formalarını yüksəltmək üçün dopinq qəbul etdiyini yazıb. Ölkənin məşhur “Bild” nəşri rusiyalı futbolçuların 1/4 finalın Xorvatiya ilə oyununda rəqib üzərində fiziki üstünlük qazanmaq üçün ammiak iylədiklərini iddia edib. Jurnalistlər bunun qadağan olunmuş maddələr siyahısına daxil olmadığını bildiriblər. Ancaq dəvət olunmuş mütəxəssisin sözlərinə görə, bu maddə də dopinq kimi eyni təsiri göstərir.

“Bild” nəşri yaydığı məlumata sübut olaraq Rusiya millisinin müdafiəçisi İlya Kutepovun meydana çıxmazdan əvvəl nəsə iylədiyini əks etdirən şəkili paylaşıb.

 

                                                                                 ***

 

“Yeni Mancukiç daha güclüdür”

 

“Narahat olmayın, İngiltərə ilə oyuna gücüm çatar. Biz sonadək mübarizə aparacağıq. Hətta İngiltərəyə uduzsaq da, heç kim bizi günahlandıra bilməz”. Bu sözləri Xorvatiya millisinin üzvü Mario Mancukiç “Goal.com”a açıqlamasında deyib.

Təcrübəli hücumçu dünya çempionatındakı çıxışı haqda danışıb: “Mən gücü hardan alıram? Doğrudan, bunu bilmirəm. Yadımdadır, hansısa futbol eksperti dünya çempionatı öncəsi demişdi ki, bu, artıq həmin Mancukiç deyil. O, haqlı idi. Yeni Mancukiç daha güclüdür. Mən milli komanda və klubum üçün bütün gücümü sərf edirəm”.

 

                                                                               ***

 

Sampaoli qalır

 

Xorxe Sampaoli futbol üzrə Argentina yığmasının baş məşqçisi vəzifəsini qorumuşdur. Qərar Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiya ilə görüşdən sonra qəbul olunmuşdur. Bu barədə “Ole” qəzeti xəbər verir.

Milli komanda dünya çempionatında 1/8 final mərhələsində 58 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa yığmasına 3:4 hesabı ilə məğlub olduqdan sonra mundialla vidalaşmışdır. Qrup mərhələsində Argentina Xorvatiyaya uduzmuş (0:3), İslandiya komandası ilə heç-heçə oynamış (1:1) və Nigeriya yığmasına qalib gəlmişdir (2:1).

Sampaolinin yığma ilə müqaviləsi beş il müddətinə hesablanmışdır. Müqavilə gələn il keçiriləcək Amerika kubokundan sonra pozula bilər. Bu halda AFA məşqçiyə 8 milyon dollar məbləğində kompensasiya ödəməli olacaq.

 

                                                                                   ***

 

20 İLLİK HƏSRƏTƏ SON

 

Fransa - Belçika - 1:0

Qol: Umtiti, 51

Sarı vərəqələr: Eden Azar, 63, Tobi Alderveyreld, 71, Nqolo Kante, 86

Sankt-Peterburq, “Sankt-Peterburq” stadionu

 

Dünən keçirilən Fransa-Belçika matçından sonra mundialın ilk finalçısının adına aydınlıq gəldi. Bu, Fransa millisi oldu. Qarşılaşmanın təhlilinə keçməzdən öncə xatırladaq ki, 21 mundialdan 15-də çıxış edən Fransa futbolçuları 6-cı dəfədir yarımfinala yüksəlirdilər. Bu görüşə kimi finala çıxmaq cəhdlərindən yalnız ikisi uğurla nəticələnmişdi ki, onlardan da birində - 1998-ci ildə doğma divarlar arasında çempionluq hədəfinə çatmaq mümkün olub.

Dünya çempionatlarında 13-cü dəfə çıxış edən belçikalılar isə tarixlərində ikinci dəfə yarımfinal həyəcanı yaşayırdılar. 1986-cı ildə finala çıxmaq uğrunda Argentina komandası ilə mübarizə aparan və 0:2 hesabı ilə uduzan Belçika yığması 3-cü yer üçün görüşdə hesabı açmasına baxmayaraq, əlavə vaxtda məhz fransızlara məğlub olmuşdu- 2:4.

Eyni zamanda məşhur fransalı veteran futbolçu Tyerri Anrinin hazırda Belçika komandasının köməkçi məşqçilərindən biri olması ən maraqlı məqamlardan biri idi. Son 10 ildə üç dəfə qarşılaşan rəqiblərin 2011-ci və 2013-cü illərdəki yoldaşlıq görüşləri qolsuz bərabərliklə başa çatmışdı.

Uruqvaylı referi Andres Kunyanın idarə etdiyi görüşə fransızlar daha istəkli başladılar. Bundan əvvəlki qarşılaşmalardakı Belçika millisindən isə sanki əsər-əlamət yox idi. Görünür, taktiki düzülüşdə edilən dəyişiklik və 5-li müdafiə sistemi komandanın hücum gücünə mənfi təsir göstərmişdi. Necə deyərlər, sanki komandada balans pozulmuşdu. Əvvəlki qarşılaşmalarda nümayiş etdirdikləri oyunla diqqət çəkən Eden Azar, Kevin De Bruyne kimi futbolçular nə edəcəklərini bilmirdilər.

Yəqin ki, Belçika yığmasının baş məşqçisi Roberto Martines 5-li müdafiə sistemini tətbiq etməklə fransızların cinahlardan qurulan hücumlarına mane olmağı, əsasən də Mbappenin sürətli keçidlərinin qarşısını almağı düşünürdü. Ancaq olmadı. Yarımmüdafiə xəttini daha rahat şəkildə keçən Fransa millisi topa çox sahib olmaqla Belçikanı yordu. Nəticədə tətbiq edilən pressinq belçikalıların topu itirmələrinə və oyun qurmalarına mane olurdu. Fransızların bütün cəhdlərinə baxmayaraq, ilk hissədə qol vurulmadı.

Fasilədən sonra da belçikalılar eyni oyun anlayışı ilə meydana çıxmışdı. Bundan əvvəlki görüşlərdəki komanda ilə indiki arasında çox böyük fərqlər var idi. Fransızlardan Antuan Qrizmann, Olivye Jiru kimi futbolçuların təhlükəli epizodları qolun gəlməyindən xəbər verirdi. Nəticədə, 51-ci dəqiqədə künc zərbəsindən sonra ötürülən topu Samuel Umtiti baş zərbəsi ilə qapıdan keçirdi.

Hesabda üstünlüyü ələ keçirdikdən sonra Fransa millisi daha çox ötürmələr etməklə topa sahib olmağa çalışdı. Belçikanın məşçqilər korpusunun qoldan sonra etdikləri dəyişikliklər heç bir fayda vermədi. Qatar artıq getmişdi. Keçmiş olsun, Belçika!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Beləliklə, 1:0 hesabı ilə qalib gələn Fransa adını finala yazdıraraq iyulun 15-dəki rəqibini gözləyir. Rəqibi isə bu gün keçiriləcək Xorvatiya-İngiltərə matçından sonra məlum olacaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”