MƏLƏKLƏR MƏZARLIĞI - - Əbülfət MƏDƏTOĞLU

MƏLƏKLƏR MƏZARLIĞI - Əbülfət MƏDƏTOĞLU

Yəqin ki, yazının adını oxuyanda təəccüblənəcəksiniz və yaxud da dodağınıza ironik bir təbəssüm gələcək. Düşünəcəksiniz ki, yayın bu cırhacırı ağlımı çaşdırıb. Axı, mələklər ölmürlər. Bir halda ki, ölmürlərsə, deməli, mələklərin məzarlığı da ola bilməz. Amma siz necə düşünürsünüz düşünün, mən bu yazını mələklər məzarlığı haqqında yazacam... mələklərin məzarından yazacam... ölümüylə yaşayan mələklərdən yazacam. Və sonda sizin söylədiyiniz həqiqəti mən də etiraf edəcəm. Deyəcəm ki, bəli, mələklər ölmür!..

Həyatın insana bir dəfə verildiyi sübuta ehtiyacı olmayan bir gerçəklikdi. Həqiqətən də insan, yəni Allahın yaratdığı biz bəndələr cismani olaraq bir dəfə doğuluruq və bir dəfə də ölürük. Böyük şəxsiyyətlər, dahilər, dühalar, müqəddəslər ruhən yaşayırlar. Hər zaman aid olduqları millətin və bütünlükdə bəşəriyyətin yaddaşında öz əməlləriylə, öz xidmətləriylə var olurlar. Və insanlar da bu ruhən yaşayanların xatirəsini ehtiramla anır, onlardan yararlandıqları üçün onlara minnətdarlıqlarını duaları ilə dilə gətirirlər, rəhmətlərilə qeyd edirlər. Bu da bir gerçək...

Bir gerçək də var. O da mələklərin ölümüdü... Bu mələklər dünyaya gəlişləriylə dünyadan gedişləri arasında zaman məsafəsini o qədər qısaldırlar ki, qaşla göz arsında olur, olumla ölüm arası qədər olur, varla yox arası qədər olur. Deməli, çəkilən "ah"la bitir hər şey. Dodaqdakı, qəlbdəki, ruhdakı açılan təbəssümlə açılan çiçək əllərini başına, dizinə çırpmaqla solur və donub qalırsan yerində. İstəyir yay olsun, istəyir qış, fərqi yoxdu, donursan. İçin üşüyür, əllərin, dodaqların titrəyir, dilin sözünə baxmır. Sadəcə kirpiklərindən aşağı yaş süzülür. Bu yaş da başqa göz yaşlarına bənzəmir. Bu da digər göz yaşlarından o qədər duru olur ki, onu barmağının ucuyla yanağından götürəndə, ya kirpiyindən siləndə o göz yaşında öz şəklini də görə bilirsən. Axı sən mələklər üçün ağlayırsan. Ölən, öldürülən mələklər üçün...

Nə qədər istəyirəm ki, yazımın kədər notu az olsun, amma bacarmıram. Qəmli, ağrılı sözlər fırlanır içimdə. Ürəyimdən ağlıma, ağlımdan da ruhuma tərəf qaçır o sözlər. Çünki gözümün önündə öldü bir mələk. Daha doğrusu, öldürdülər o mələyi - savadsızlıqları ilə, laqeydlikləri ilə, insanlığa yaraşmayan əxlaqlarıyla, mənəviyyatsızlıqlarıyla. Mən onu bircə dəfə gördüm. Və bircə dəfə gördüyüm o mələyin çöhrəsi nə gözlərim önündən gedir, nə yuxumdan çəkilir, nə də ruhuma rahatlıq verir. Onu qoruya bilmədiyim üçün, onun yanında ola bilmədiyim üçün vicdan əzabı çəkirəm. İndinin özündə də içimdəki sıxıntı ürəyimi ox kimi dəlib keçir. Doğrudur, mən təbib deyiləm, loğman deyiləm, həkim deyiləm, adicə bir söz adamıyam. Adidən adi. Gücüm sözə çatır, rica etməyə, təvəqqe etməyə, hətta o mələyin xatirinə yalvarmağa da. Amma bu ricalar, bu yalvarmalar maddiyyat deyil, heç nəyə yaramır. Üstəlik, hardansa, kimdənsə pul da tapmaq mümkündür. Amma savadsız, biganə, insan taleyinə qarşı acımasız olan saxta həkimin, loğmanın, təbibin qapısını döymək, ondan ümid ummaq, ondan uzadılan ələ ümid əli almaq mümkün deyil. Mən bunun şahidi oldum və bu dünyada yeddi gün yaşayan bir körpənin özünün də, anasının da nələr çəkdiyini ömrümə yazdım, daha doğrusu, yazdılar. Özü də qələmlə yox, xəncərlə... oxla... iynə-sancaqla... bizlə... ucu zəhərli neştərlə...

Gözümün önündən getməyən mələk Azərbaycan tibbinin yerində olmayan həkiminin günahından bu dünyada yeddicə gün yaşadı. Özü də süni nəfəslə... özü də dava-dərmanla. Valideynlərin cani dildən od qiymətinə tapıb gətirdiyi dərmanlarla. Hansı ki, o dərmanların bu mələyə heç bir faydası olmadı və ola da bilməzdi. Həkim isə özünü sığortalamaq üçün dərmanlar yazırdı. Mən indinin özündə də başa düşə bilmirəm ki, bir mələyin və bütövlükdə mələklərin qatilləri öz günahlarını və onları nələr gözlədiyini niyə anlamırlar? Niyə bilmirlər ki, hər gecənin səhəri olduğu kimi, hər işin də, lap elə hər bir ömrün də sonu var. Son isə hesabat deməkdir, suallara cavab vermək deməkdir. Bəs onda nə olacaq? Onların əvəzinə kim cavab verəcək? Ünvanlanan suallar dünyanın, yerin, göyün, ərşi-aləmin ən pak məxluqları ilə bağlıdır, mələklərdən gedir söhbət...

Bəli, cəmi yeddi gün yaşadı. Elə yeddinci günün axşamında da, daha doğrusu, səkkizinci günə bir neçə saat yol gedib "əlvida" dedi bəyənmədiyi bu dünyaya. Gördü ki, insanları xilas etməli olanlar özləri qatildilər... gördü ki, insanların sağlamlığı keşiyində durmaq üçün seçilən kəs insanların cibiylə nəfəs alır... gözü xəstədə yox, əllərdədi... gördü ki, bu dünya rüşvətə, harınlığa, biganəliyə, arsızlığa, bir sözlə, o qədər çirkablara batıb ki, dünyada qalmaq olmaz. Ona görə də heç nə demədən uçub getdi... Və onda onun arxasınca baxa-baxa donub qaldığım anın misraları göyərdi ürəyimdə. Yazdım ki:

 


Sən bir günlük kəpənək

İşıq kimi doğuldun...

Səni sevmədi fələk -

Qara əllə boğuldun-

mələk...

 


Doqquz ayın hər anı

Oxunulmayan kitab...

Uzanan əllərimiz -

Toxunulmayan kitab

mələk...

 


Ana hıçqırtısını

Kirpiyinə köçürən...

Ata pıçıltısını

Sükutuyla keçirən

mələk...

 


Sən möcüzə, sən bir sirr

Ən müqəddəs bir dilək...

Sənin ovuc boyda yer -

Yuvanı cənnət bilək

mələk!


***

O, köçdü! Əvvəlcə mən elə bildim ki, harasa gedib qayıdacaq. O, keçdi... elə bildim ki, işıqdı, sönüb təzədən yanacaq. Amma bunların heç biri olmadı. O, sadəcə getdi - ruh kimi, mələk kimi. Biz onun cismini mələklər məzarlığında dəfn etdik. İlk dəfə gördüm bu məzarlığı. Bakıda, daha doğrusu, Bakı ətrafında bir məzarlıq var. Orda uşaqları, dünyanın ən pak bəndələrini torpağa tapşırırlar. Bu dünyaya erkən "əlvida" deyən həmin o körpə mələklərin məzarlıqları mənə dünyanın hələ də anlaya bilmədiyim bir yerini xatırladır. Orda təmtəraqlı başdaşları da yoxdu, sinə daşları da yoxdu. Ordakı uşaqlar o qədər məsumdular ki, sanki onlar həmin o ərazidə yığışıb eyni cür düşündüklərindən, eyni cür danışıb güldüklərindən eyni oyunu oynayırlar, eyni musiqini eşidirlər. Hamısı bir-birindən gözəl, hamısı bir-birindən yaraşıqlı və hamısı da ürək parçaları. Bu yerdə ən çox məni düşündürən fələyin amansızlığı, nə boyda iyrənclikləri oldu. Necə qıyır bu məsumlara, bu mələklərə? Çox ağrılı, çox çətin bir sualdı. Sadəcə, özümə təsəlli üçün cavab uydururam ki, onlar cənnətdədir. Onlar hamıdan öncə cənnətlə mükafatlandırılanlardı, cənnətə layiq görülənlərdi. Onlar valideynlərinin, ata-analarının Tanrı yanında günahlarının bağışlanması üçün getmiş elçilərdi. Bu məsumlar, bu mələklər Tanrı dərgahında bizlərin bağışlanmasını istəyənlərdi... Eh, nə qədər fikirləşsəm də, nə qədər təsəlliverici sözlər axtarsam da heç nə tapa bilmirəm. Çünki aldığım zərbə, tuş gəldiyim məqam və nəhayət, bu dünyanın özünün ayaq-baş oyunları mənə yaxşı heç nə vəd etmir. Ona görə də öz-özümə pıçıldayıram:

 


Ruhum yatır sinəndə

Əlini günlük elə...

Ruhunu da ona qoş -

Yanını güllük elə...

 


Nə yuxumdan çıxıb get

Nə fikrimi sən tərk et...

Harayıma hər an yet -

Ömrümü tünlük elə!..

 


Qəlbim boşdu ev kimi

Demirəm dön, sev kimi?!

Ona dəli sevgimi -

Allah, min illik elə...

 


***

Adətən deyirlər ki, dərd dağa-daşa yox, insana alın yazısıdı. Yəni Tanrı dərdlərini insanlar üçün yaradıb. Ona görə də dağın, daşın, otun, ağacın, bir sözlə, bəndədən başqa gözə görünən nə varsa, guya heç nəyin dərdi yoxdu, ağrıyan yeri yoxdu. Mən bu fikirlə razılaşmıram. Barışmıram bu deyilənlə. Çünki qanadı qırılan ağacın necə sızıldadığını hiss etmişəm. O qırılan yerdən daman ağacın şirəsi deyil, ağacın göz yaşıdı. Külünglə sındırdığımız qayanın qopan qəlpəsi daş parçası deyil, o, həmin qayanın bir əzasıdı, bir hissəsidi. Tapdaladığımız otun torpağa yapışan hissəsi onun bədəninin ayaqlar altında qalmasıdı. Bax, bu məntiqlə yanaşanda onda aydın olur ki, dərd sadəcə olaraq çəkənlərə verilir. Çəkməyənlər üçün dünyanın od tutub yanması da heç nədi. Necə deyərlər, heç tükləri də tərpənməyəcək. Ona görə də dərdin boyunu sevmək və verilən dərdi son nəfəsə kimi çəkmək istəyində qərarlıyam. Bilirəm ki, mənə dərddən doğma, dərddən yaxın bu dünyada heç nə yoxdu. İnansanız da, inanmasanız da dərd təkcə mənim yox, elə hamımızın can köynəyidi. Və:

 


Çıxıb getmək istəyirəm

Sıxıb getmək istəyirəm...

Yığıb getmək istəyirəm -

Dərdləri -

 

Dərd, sizdən...


Çıxıb gedə bilmirəm

Sıxıb gedə bilmirəm...

Yığıb gedə bilmirəm

Dərdləri -

 

Tərslikdən....


Çıxıb gedə bilməyən

Sıxıb gedə bilməyən...

Yığıb gedə bilməyən

Dərdlə qalır -

Fərsizlikdən!..


Bəli, bu dünyadan çıxıb getmək bir hava kimi, bir su kimi gəlib keçir içimdən.

Elə istəyirəm ki, qopam, ayrılam dayandığım nöqtədən. Amma gözümün önündəki o mələk öz təbəssümüylə, öz çöhrəsiylə sanki məni fikrimdən daşındırmaq istəyir.

Onun bu istəyinə qarşı çıxa bilmirəm, heç çıxmağa gücüm də yoxdu. Axı bu dünyanın ən məsumları, ən gözəlləri, ən göyçəkləri, yəni mələkləri hər şeyə qadirdilər. Onlar istəklərini istədikləri an gerçəkləşdirə bilirlər. Həm də onların özəl dünyaları var axı. Onlar mələklər məzarlığında uyuyurlar. Bir az da obrazlı desəm, onlar bu məzarlıqda öz dünyalarını gerçəkləşdirirlər, öz dünyalarını...

Hə, indi "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsindən Yasamal qəbiristanlığına baxıram. Elə bu yazını yazdığım anda günorta azanı oxunur. Mənə elə gəlir ki, o azan səsinin dalğalarında mənim də mələyimin uçuşu var. Hər azan səsiylə o mənə gəlir və məndən də dönüb gedir. Çünki mənim qaldığım dünyada o özünə yer tapa bilmir. Və bu yer mələklər üçün deyil! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )