Metro maşinisti tuneldə qaldığı anlardan söhbət açdı... -

Metro maşinisti tuneldə qaldığı anlardan söhbət açdı...

Nərildəyən qatar stansiyaya çatır və dayanır. Qapılar açılan kimi sərnişinlər bir-birinin ardınca vaqonlara doluşur. Maşinist kabinəsinin qapısı açılır və biz də minirik. Qapılar bağlanır. Növbəti stansiya “Ulduz”dur. Qatar hərəkətə gəldikcə yenidən nərildəməyə başlayır və hay-küy sala-sala qaranlıq tunellə irəliləyir.

Müsahibimiz “Bakı Metropoliteni”nin 21 illik iş təcrübəsi olan maşinisti Ceyhun Məmmədovdur. Metroya olan sevgisi uşaqlıqdan yaranıb. Atası ilə metroya gəlib-gedən Ceyhun hələ məktəbdə oxuyarkən böyüyəndə atası kimi maşinist olacağına söz verib. 1998-ci ildə hərbi xidmətini başa vurduqdan sonra çilingər kimi 1 il depoda işləyib. Ondan sonra maşinist köməkçisi, maşinist kimi çalışıb. 2001-ci ildən isə qatarı tək idarə edir.

Qatar “Nərimanov” metrostansiyasından üzü “Həzi Aslanov”a doğru hərəkət edir. Müsahibimiz deyir, bu istiqamətdə gedəndə yol, demək olar ki, düzdür. Enişlər-yoxuşlar yoxdur.

- Düzdür, müəyyən yol mənzillərində sağa-sola döngələr var. Əsas yoxuş “Nizami”dən “Elmlər Akademiyası”na qalxandadır. Sonra “Gənclik”dən “28 May” stansiyaları arasında da eniş var. “Ulduz”dan həm “Koroğlu”ya, həm də “Nərimanov”a gedəndə sərt döngələrdən keçirik. Belə döngələr çoxdur. “Nizami”dən “28 May”a gələndə də var, “Cəfər Cabbarlı”da da.

“Nizami” ilə “28 May” arasında 100 metrlik təhlükəli zona da var. Burada su axıntısı var deyə sürət həddi də məhdudlaşdırılır. İki stansiya arasında ən uzun məsafə “Nərimanov”la “Ulduz” arasındadır, 1.7 kilometr. Qatar bu məsafəni 2.5 dəqiqəyə qət edir.

- Qatarlar ümumən hansı sürətlə gedir?

 - Maksimal sürət 80 km/saatdır. Bəzi yerlərdə sürət həddi 25 km/saata qədər endirilir. Məsələn, bayaq danışdığım o təhlükəli zonada. Əsasən 60-70 km/saatla hərəkət edirik.

““Ulduz” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Koroğlu””

“Nərimanov”dan fərqli olaraq bu stansiyada sərnişin az minir. Maşinist deyir, sərnişin bol olan stansiyalar “Nərimanov”, “Koroğlu” “28 May” “Elmlər Akademiyası” və “Avtovağzal” stansiyası açılandan sonra “Memar Əcəmi”dir. Qatar yavaş-yavaş sürət yığır və “Ulduz” stansiyası geridə qalır.

- Bəzən qatarda gedəndə maşinist siqnal verir. Bu siqnal kim üçün verilir?

- Tunel mənzillərində işçilər olur. Boru partlayır, ya hər hansı təmirə ehtiyac olur. Buna baxmayaraq, xətt işləyir, bizimlə paralel tuneldə də iş gedir. Uzaqdan görəndə ki, tunelin işıqları yanır, bilirik ki, adam var. O zaman onlara siqnal veririk ki, bilsinlər, qatar gəlir. Tunellərdə sağ tərəfdə işçilərin təhlükəsizliyi üçün xüsusi yerlər ayrılıb. Qatar onlara yaxınlaşanda işçilər həmin dayanacaqlarda dayanır. Əks halda, Allah göstərməsin, qatarın altda qalarlar.

- Metroda xeyli insan özünü qatarın altına atıb. Başınıza gəlməyib?

 - (Dərindən köks ötürür) Olub. “28 May”da bir nəfər özünü qatarın altına atmışdı. Atlananda gördüm, amma əlimdən bir şey gəlmədi. Balaca maşın deyil ki, əyləci basasan, dərhal dayana. Qatar oğlanın üstündən keçdi. Sonradan cibindən məktub tapmışdılar. Sevdiyi qıza görə intihar edibmiş. Onda çox pis stress keçirmişdim. Bizim işimiz məsuliyyətli olduğu qədər də stresslidir. Yerin altında havasızlıqdan işləməkdən əksəriyyətimizin saçı, dişi vaxtından tez tökülür, qaranlıq tunelə baxmaqdan gözlərimiz zəifləyir. Yerin altında işləyənlə yerin üstündə işləyən eyni yaşda təqaüdə çıxır. Belə olmamalıdır. Qapalı Səhmdar Cəmiyyət yaranandan sonra zərərli iş rejiminə görə faiz əlavə ediblər. Yəqin bu məsələ də həllini tapar.

““Koroğlu” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Qara Qarayev""

Sən demə, ölkədə ikinci dəfə işıqlar sönəndə Məmmədovun idarə etdiyi qatar da tuneldə qalıbmış. Maşinist danışır:
- Qatar “Koroğlu”ya çataçatda işıqlar söndü. Stansiya ilə aramız 150-200 metr olardı. Gözlə görülən məsafədə idik. Adətən qatar bir qədər hərəkət edib, sonra dayanır. Amma bu dəfə işıq sönən kimi qəfil dayandı. İşıqlar gecə də sönmüşdü deyə sərnişinlər arasında gərginlik vardı. Səs-küydən başa düşdüm ki, təşviş yaranır. Maşinistlə əlaqə düyməsi ilə mənimlə əlaqə saxlayır, qapıları açmağımı tələb edirdilər. Qorxmuşdular. Bəziləri qapını zorla açmağa cəhd edirdi. Qatarda azyaşlı uşaqlar, yaşlılar və hamilə qadın da vardı. Cavanlar soruşdu ki, lazımdısa, kömək edək. Elektrik olmayanda tunelin ventilyasiya sistemi işləmir, istidən boğanaq olur. Onların halını da anlayırdım. Dərhal maşinist əlaqə vasitəsi ilə onları sakitləşdirdim. Başa saldım ki, bir azdan onların təxliyəsi başlayacaq. Əsas odur, təşviş yaratmasınlar. Bu, əksinə, işimizə mane olar. Dispetçerdən əmr almadan qapıları aça bilməzdim. Əmrdən sonra hər ehtimala qarşı gərginlik xətdən tam çıxarıldı və qatardan birinci özüm düşdüm. Qısa qapayıcıları quraşdırdım ki, sərnişin relsə düşən vaxt qəfil elektriklər gəlsə, xətdə gərginlik olmasın. Sonra bir-bir vaqonlararası qapıları açıb, sərnişinləri təxliyə etdik. Stansiyadan bizə polislər və metropolitenin işçiləri köməyə də gəlmişdilər. Tunelə işıqlar qoşuldu, növbə ilə təxmini 20-30 dəqiqəyə qatardakı bütün sərnişinlər sağ-salamat təxliyə olundu.

- Hadisədən sonra sərnişinlər arasında qorxu qalmayıb?

 

- Qohum-əqrəba görəndə soruşurdu, qatarda qalsaq, bizə nəsə olmaz ki? Arxayın edirəm ki, onlara heç nə olmayacaq. Sakitləşirlər. Adi qəzalarda sərnişin heç vaxt xəsarət ala bilməz. 10 il əvvəl də belə olmuşdu. Bakıda hər yerdə işıqlar sönmüşdü. Onda mən elə stansiyanın özündə qalmışdım. “Nizami”də. İndi də qatar stansiayda bir az ləngiyən kimi dərhal təşviş yaranır ki, nəsə olubmu. İnsanlarda qorxu qalıb.

Qatar stansiyaya yaxınlaşanda maşinist əyləci basır. Qatar aram-aram dayanır.

““Qara Qarayev” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Neftçilər””

Maşinistimiz iş prosesindən başına gəlmiş gülməli hadisələrdən birini musavat.com-un oxucuları üçün danışır:

- Əvvəllər sərnişinlər qatarda yatıb qalırdı. “Nəsimi”, “Azadlıq” metrostansiyaları hələ tikilməmişdi. “Memər Əcəmi” sonuncu idi. Bir dəfə “Memar Əcəmi”də keçid edəndə gördüm, qatarda sərnişin qalıb. Oturacağa uzanıb elə şirin yatır ki... Silkələyib oyatdım. Soruşuram ki, a kişi, hara gedirsən? Deyir, rayona. Sən demə, dostları ilə yaxşıca içib, onu otuzdurublar qatara ki, “28 May”da düşər, dəmiryol vağzalına keçər. Bu da yatıb qalıb. İndi də elə bilir rayona gedən qatardadır. Gecə saat 12-ni keçib. Birtəhər başa saldım ki, düşsün qatardan. Əl çəkmirdi ki, bəs rayona necə gedim?!

 

Gülürük.

- İndi daha çox əşyaları, ya da uşaqları unudurlar. Son zamanlar valideynlərin fikri telefonda qalır, uşaqları itirirlər. Ana qatara minir, uşaq qalır platformada. Yaxud da əksinə. Əşyasını unudan həddindən artıq çoxdur. Bəzən böyük çantaları, mobil telefonları da unudurlar. Arada bizə söz demək istəyəndə maşinist kabinəsinin qapısını döyürlər. Hər vaqonda maşinistlə əlaqə düyməsi var. Bizimkilər nadir halda istifadə edirlər. Daha çox xaricilər istifadə edirlər.

““Neftçilər” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Xalqlar Dostluğu””

C. Məmmədov sol əli sükanda, sağ əlini yuxarı qaldırıb hazırda getdiyimiz qatarı tərifləyir:

- Əvvəllər təmir üçün göndərirdik başqa ölkəyə, indi özümüz təmir edirik. Bunu özümüz yığmışıq. Tam müasirləşdirilib. Bu da onu idarə edən maşinistin işini yüngülləşdirir.

Onu da qeyd edim ki, vaqonda olanda qatarın səsi daha az gəlir, nəinki maşinistin kabinəsində. Təxminən 15 dəqiqə olar qatarda gedirik, tunelin qaranlığında yanan sarı işıqlar və səs-küydən artıq başım ağrıyır. Maşinistlər üçün isə bu səs ana laylasını əvəz edir.

- Öyrəşmişik. Bu səs olmayanda darıxır adam (gülür).

““Xalqlar Dostluğu” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Əhmədli””
Qatar stansiyada dayananda bəzi sərnişinlər maşinist kabina\əsində bizi görür və maraqla baxır. Qapılar bağlanır və biz yolumuza davam edirik.

 - Heç olubmu ki, kimsə stansiyada qatarı saxlamasın, birbaşa sürsün?

- (Gülür). Olub. O qədər maşinist buna görə peşəsindən uzaqlaşdırlıb! Hamısı yorğunluqdan olurdu. Əvvəl briqadalar çətinlik çəkirdi, gecə növbədə qalırdıq, dincələ bilmirdik. Səhər işə yorğun başlayırdıq. İndi rejim dəyişdirilib. Daha gecə növbəsi yoxdur. Maşinistlər ən geci 2-də evində olur. Bir sutka dincəlir, növbəti gün işə gəlir.

““Əhmədli” stansiyası. Qapılar bağlanır. Növbəti stansiya “Həzi Aslanov””

Ceyhun Bakı metrosundan istifadə edən məşhurları sadalayır.

-Bir də görürsən, məşhurlardan da kimsə qatara minir. Əsasən “Nizami”də, “28 May”da, “İçərişəhər”də. Rəhmətlik Yaşar Nurini dəfələrlə görmüşəm. Sonra Həzi Aslanov rolunu oynayan aktyor var e... Ramiz...

- Novruz.

- Hə, Ramiz Novruzu da görmüşəm. Çox olub e, adlarını indi xatırlamıram. Eləsi var, sonra televizorda görəndə tanıyıram. Millət vəkili Adil Əliyev də minir hərdən. Gecə saat 11:00-dan sonra olur, qatara bir qrup gənclər minir, gitara ilə çalıb oxuyurlar. Onda bizə də əyləncəli olur.

Növbəti stansiya “Həzi Aslanov”dur. Qatar dalana daxil olacaq. Dalanda maşinistlər qatarın vaqonlarına nəzarət edir ki, kənar əşyalar qalmasın. Bu, təhlükəsizlik baxımından vacibdir.

 

-Həə, bir-birimizlə də ancaq burada rastlaşırıq. Maşinistlər adətən ya əvəzlənmə vaxtı, ya naharda, ya da dalanda görüşür.

““Həzi Aslanov” stansiyası. Sonuncudur. Xahiş edirik....

Ləman Mustafaqızı,
Fotolar Məhərrəm Məcidovundur 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )