Bəxtiyar Sadıqov: - Sən belə deyildin, AĞDAM (+FOTOLAR)

Bəxtiyar Sadıqov: Sən belə deyildin, AĞDAM (+FOTOLAR)

Gör neçə ildir ki, ayrılmışıq səndən...

Gör neçə ildir ki, uzaqdan həsrətlə baxırıq sənə...
Ürəyimiz göynəyə-göynəyə.
Gözümüz tor görə-görə.
Qəlbimiz həsrətlə döyünə-döyünə.
Amma nə fayda?!
Sən əvvəlki kimi deyilsən, Ağdam!
Sən belə deyildin, Ağdam!
Sən belə olmalı da deyildin, Ağdam!

Çünki sona qədər bütün Qarabağa dayaq oldun!
Çünki sona qədər döyüşdün, çarpışdın!
Düşmən arxalı, sən tək-tənha!
Nə silahın vardı, nə sursatın çatırdı.
Amma igid övladların yanında idi!
Onlar doğma Azərbaycanın hər tərəfindən gəlmişdilər!
Azərbaycanın xəritəsini əks etdirirdilər!
İyirmi min şəhidin altı mini sənin payına düşdü.
Qalanının da bir qismi Ağdam döyüşlərində şəhid oldu...
İndi ailələri onları həm də ağdamlı sayırlar.
Vətən sevdalı, yurd qeyrətli, ölümdən güclü Ağdam şəhidləri!
Di gəl ki, nə fayda...
Qeyrətli vətən övladlarının qızıl qanları töküldüyü vətən torpağı hələ də düşmən tapdağı altındadır.
Bir vaxtlar hamıya arxa durub kömək edən Ağdam indi özü köməyə möhtacdır!
***
Uzaqdan xarabalıqların görünür.
Evlərinin damının dəmirinə, taxta döşəməsinə, hətta mişar daşına qədər daşıyıb başqa müsəlman qardaşlarımıza satıblar.
Əvəzində benzin, ərzaq, “dost köməyi” qazanıblar!
Olsun, neynək, heç zaman buynuzsuz qoçun qisası buynuzlu qoçda
qalmır!
Biz bacarmasaq da Tanrımız nə vaxtsa ədalət tərəzisini quraraq hamının əməlinin əvəzini özünə verəcək!
İndi isə... düşmən səni ruhlar şəhərinə çevirib!
Şəhid övladlarının ruhları küçə və meydanlarını tərk etmir...
Bizim geriyə qayıtmağımızı gözləyirlər...
Onların qisasını necə alacağımızı gözləri ilə görmək istəyirlər!
Görəcəklər də!
***
Bir zamanlar qaynayıb daşan küçə və meydanların, mağazaların, həyət və evlərin indi bomboşdur.
Bazarın özgə aləm idi...
Quş südündən can dərmanına qədər nə desən tapılardı.
Hətta şəninə lətifə də qoşmuşdular:
“- Azərbaycanda atom bombası var?
- Olsaydı Ağdam bazarında satılardı!”
Hanı o bəxtəvər günlər?
Niyə Tanrı onu bizə çox gördü?

...Alnının təri, əlinin qabarı ilə məhsul yetişdirənlər Ağdam bazarında yer tutmaqdan ötrü alatoranlıqdan bura gələrdilər.
SSRİ-nin hər tərəfində satılan “matah malları” (indi belə anlayış sıradan çıxdığına görə gənclər onu anlamazlar) ağdamlı alverçilər (ozamankı adları ilə desək) tapıb bu bazara gətirər, insanların dəblə, zövqlə geyinmələrinə “kömək” göstərərdilər.
Bu bazarın “daimi sakinləri” vardı.
Çoxsaylı insanlar Ağdam bazarından dolanardılar.
Çörəkli məkan idi...
Bazar gününün bazarı isə ayrı aləm olardı. Ətraf rayonların insanları da öz yerlərində tapmadıqları malları gəlib Ağdam bazarından alardılar...
Dağlıq Qarabağın erməni kəndlərində yaşayanlar da “haxçıkları” ilə tez-tez Ağdama bazarlığa gələrdilər...
Burunlarından gəlsin! Necə ki gəlir...
***
Seyid Lazım ağanın cəddi Ağdamın and yerinə, müqəddəslik simvoluna çevrilmişdi.
Ona deyilən nəzir boşa çıxmazdı.
İnsanlar doğru dediklərinə, ədalətli və düzgün olduqlarına inandırmaq üçün Seyid Lazım ağanın cəddinə and içərdilər.
Seyidin cəddi Ağdamı işğaldan qoruya bilməsə də, cismi və ruhu Ağdam torpağındadır.
***
Ağdam məscidi də ad-san qazanmışdı.
Sovet hökumətinin qılıncının dalının və qabağının kəsən vaxtlarında, ateizm təbliğatının ən qızğın dövrlərində də Ağdam məscidi fəaliyyət göstərmişdi.
Ötən əsrin 50-60-cı illərində qonşu rayonlarda molla tapılmayanda insanlar yas məclislərini yola vermək üçün molla dalınca Ağdam məscidinə üz tutardılar.
Bütün qadağalara və maneələrə baxmayaraq, hər il aşura mərasimləri çox geniş və qələbəliklə keçirilərdi. Gələnləri məscidin həyəti də tutmadığından ətrafdakı xiyabanlar, hətta üzbəüzdəki Lenin bağı da adamla dolar, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi.
Zəncir vuran, sinə döyən, baş yaran, dəstə bağlayıb “şaxsey-vaxsey” gedənin sayı-hesabı bilinməzdi. Özünü müsəlman sayan şəxs xəlvətcə də olsa, lap gecə yarısı belə, məscidə baş çəkməyi özünə borc bilərdi.
Qarabağ müharibəsi dövründə də Ağdam məscidi gecə-gündüz işlədi. Ətrafdan qaçqın düşənlərin bir qismi burada isti bucaq, isti çay və bir loğma çörək tapdılar!
Ağdamda şəhid gedənlər burada dini qaydada yuyulub kəfənləndikdən sonra dəfn edilir, yaxud hörmət-izzətlə tabutlarda elinə-obasına yola salınırdı.
İndi ermənilərin xaraba qoyduqları Ağdam məscidi belə idi...
İndi ermənilərin mal-heyvan buraxdıqları Ağdam məscidi belə idi...
İndi Quran və azan səsinə həsrət qalan qoşa minarəli Ağdam məscidi belə idi...
***
Bir qədər sonralar məscidlə üzbəüz üçmərtəbəli “Çay evi” tikildi.
Öz dövrünə görə yeni, maraqlı layihəsi vardı.
Ağdamlılar “Çay evi” ilə fəxr edər, gələn qonaqlara göstərməyi özlərinə borc bilər, burada çay qonaqlığı verməkdən qürur duyardılar.
Sonralar “Çay evi” Ağdamın rəmzinə çevrildi...
İndi Quzanlıda da “Çay evi” tikilib.
Həmin üslubda, ona oxşayandır.
Amma çayının tamı o tam deyil!
***
Düşmənə ən ağır zərbəni Ağdam vurdu!
Qarabağ uğrunda müharibənin ön cəbhəsinə çevrilərək sinəsini sipər etdi!
Qarabağ uğrunda müharibənin ilk qurbanlarını, ilk şəhidləri də Bəxtiyar və Əlinin simasında Ağdam verdi!
Ağdamın adı gələndə erməni tük salırdı!
Amma arxasında arxa görəndən sonra ürəkləndi, hətta qudurdu!
Qapısında fəhlə işlədiyi, “xozeyin” dediyi ağdamlını tanımaq istəmədi.
Sonra fəhləsi, bənnası, suvaqçısı, dülgəri olduğu Ağdam evlərini yandırıb dağıtmağa başladılar...
Su içdiyi quyuya tüpürmək erməni xislətindədir!
Üstəlik, əllərinə fürsət düşdüyündən ağdamlılardan qisas almağa başladılar...
Olsun!
Hər gecənin bir gündüzü var!
Bədəlini ödəyəcəklər, şübhələri olmasın!
Bunu 2016-cı ilin aprel döyüşlərində sübut etdik!
İndi ermənilərin “keçilməz sədd” deyib lovğalandıqları səngərlərin sahibi Azərbaycan əsgəridir.
Bunu may ayında Naxçıvanın Günnüt kəndində göstərdik.
İndi Gorus-Laçın-Xankəndi yoluna Azərbaycan əsgəri nəzarət edir.
Ordumuzun 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda malik olduğumuz yeni silahların bir qismini nümayiş etdirdik!
Cocuq Mərcanlı və Günnüt dərsindən sonra özünə gəlməyən Ermənistan indi gördüyü silahlarımızın xofunu yaşayır!
Qisas gününün yaxınlaşdığını gözəl anlayırlar!
Amma yenə əməllərindən qalmırlar. Vaxtaşırı od vurub otunu, ağacını yandırırlar!
Vaxtaşırı yalançı təlimlər keçirərək daşını, torpağını dəlik-deşik edirlər!
Bacardıqları qədər əllərindən gələn ziyanı vururlar!
Çünki bilirlər ki, Ağdam onların deyil və heç zaman da olmayacaq!
Törədilən əməllərin sorğusu isə ciddi və amansız olacaq!
Darıxma, Ağdam!
Apreldən başlanan dönüş Xankəndi və Şuşaya Azərbaycan bayrağının sancılması ilə bitəcək.
Sonra o bayraqlar Bakıda, Azadlıq meydanında dalğalanacaq!

 Bəxtiyar SADIQOV 

AZƏRBAYCAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )