Unutma!!! Ağdamın işğalından 23 il ötür - - Faiq İsmayılov

Unutma!!! Ağdamın işğalından 23 il ötür - Faiq İsmayılov

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan ərazidir. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.
Ağdamın dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış vətəsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

Abidələri


Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Belə ki, Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilmişdir. Xaçındərbənd kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində daş insanheykəli, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.

Istirahət və sağlamlıq mərkəzləri.


Hələ Sovet dövründə Ağdamda yaradılmış kurortlar, istirahət və əyləncə mərkəzləri insanların marağını cəlb etməklə, müalicəvi xarakterinə görə də şöhrət tapmışdı. Ağdam rayonunda yerləşən məşhur “Gülablı istirahət müalicə mərkəzi”, məktəblilərin yay tətilində dincəlməsini təmin edən pioner düşərgələri rayonun iqtisadi inkişafında xüsusi önəm daçıyırdı. Beləki rayon ərazisində 14 Pioner Düşərgəsində Respublikanın müxtəlif bölgələrindən 10 manat ödəməklə hər ay 2800 şagird istirahət edirdi. Şagirdlərin bir aylıq istirahət xərcləri 840 000 manat, üç ayda əldə edilən gəlir isə 2 520 000 manatdır. Bunu indiki bazar qiymətləri ilə müqayisə etdikdə cəmi 12 500 000 manat təşkil edir.
Yuxarı Gülablı ərazisində fəaliyyət göstərən 5 istirahət müalicə mərkəzində həm ölkə daxilindən və həm də xaricdən gələn hər ay 500 nəfər turist istirahət edirdi. Turistlərin sayları 6 ayda 3000 nəfər, güdəlik ödədikləri haqq 25 manat idi. Turistlərdən gələn gəlir ayda 2 250 000 manat. 6 aylıq gəlir isə 13 500 000 manat idi bu da indiki bazar qiymətləri ilə 67 500 000 manat təşkil edir.

Aşağı Gülablı istirahət mərkəzi isə hər nəfərə 25 manat müqabilində 255 nəfərə xidmət edirdi. Bu mərkəzin də aylıq gəliri 191 250 manat, 6 aylıq gəliri isə 1 147 500 manat, indiki bazar qiymətləri ilə müqayisədə 5 737 500 manat idi.

Şelli istirahət müalicə mərkəzi 20 manat ödəniş müqabilində gündə 50 nəfərə xidmət göstərirdi. Bu ayda 30 000 manat, 6 ayda 180 000 manat, indiki bazar qiymətləri ilə müqayisədə isə 1 080 000 manat gəlir deməkdir.

Şagbulaq istirahət müalicə mərkəzində isə 20 manat ödəməklə hər gün 40 nəfər turist istirahət edirdi. Şahbulaq istirahət müalicə mərkəzinin aylıq gəliri 24 000 manat, 6 aylıq gəliri isə 144 000 manat təşkil edirdi. Bu isə indiki bazar qiymətləri ilə hesablansa 720 000 manat edir.

Ümumilikdə Ağdamın turizmdən gələn illik gəliri indiki bazar qiymətləri ilə 87 537 500 manatdır. Deməli son 20 ildə Ağdam işğal nəticəsində turizmdən 1 750 750 000 gəlir itirmişdir.

Faiq İsmayılov
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı;