Mədəni irsimizin ermənilərin mənimsəməsinə Azərbaycanın öz daxilindən şərait yaradılır... - - Faiq İsmayılov (+FOTOLAR)

Mədəni irsimizin ermənilərin mənimsəməsinə Azərbaycanın öz daxilindən şərait yaradılır... - Faiq İsmayılov (+FOTOLAR)

İşğal altındakı ərazilərimizdə qalan mədəni irsimizin və əmlakımızın ermənilərin mənimsəməsinə Azərbaycanın öz daxilindən şərait yaradılır...

Bu istiqamətdə yaranan neqativ hallar Azərbaycanın bir çox hökumət və dövlət aparatlarında dərin kök salıb. Onların aradan qaldırılması mövcud vəziyyətdə mümkünsüz görünür.

Azərbaycanın son zamanlar iqtisadi və hərbi sahhələrdə sürətli inkişafı, habelə beynəlxalq aləmdə diplomatik uğurları, bəzi dairələrdə Azərbaycan Dövlətinə qarşı ciddi müqavimətin yaranmasına səbəb olmuşdur. Bu qara qüvvələr Azərbaycanın müxtəlif sahələrinə soxularaq ekstremizmi dirçəltməklə ölkədə anarxiya, xaos, itaətsizlik yaradaraq, dövləti daxildən çökdürülməsinə çalışırlar. Bu baxımdan Mingəçevirdə və Gəncədə baş verən hadisələr heç də təsadüfdən deyil və Azərbaycan Dövlətinə qarşı planlaşdırılmış böyük bir cinayətin tərkib hissəsidir.
Azərbaycan daxilində fəaliyyət göstərən ekstremist qüvvələrin məqsədlərindən biri də Azərbaycanın işğal olunmuş ərazilərində qalan mədəni irs nümunələrinin ermənilərin mənimsəmələrinə şərait yaratmaq, işğal altındakı ermənilər tərəfindən dağıdılmış, qarət edilmiş azərbaycan vətəndaşlarına və Azərbaycan Dövlətinə məxsus əmlakın miqdarını azaltmaqla, Ermənistanın Azərbaycana vurduğu zərərlərin miqdarını minimuma endirməkdir.
Çox da diqqət çəkməyən bu sahədə kök salan neqativ ünsürlər, bu çirkin fəaliyyəti həyata keçirmək üçün, Azərbaycanda fəaliyyət göstərən hökumət və dövlət qurumlarına məxsus saytlardan məharətlə istifadə edirlər. Onların dövlət saytlarından dezinformasiya yaymaları ciddi narahatlıq yaratmaya bilməz. Çünki dövlət saytlarından istifadə etməklə onlar günahı dövlətin öz üzərinə qoyurlar. Belə çıxırki dövlət özü öz iradəsi əleyhinə dezinformasiya yayır. Bunun isə fəsadları, gələcəkdə arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Beləki bu saytlardan yayılan dezinformasiya istifadəçilər tərəfindən dövlətin və ya hökumətin mövqeyi kimi qəbul edilir. İstifadəçi saytlardakı yalan məlumatları həqiqət kimi qəbul edir. Halbuki bu məlumatlar beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliğinə ciddi təhdid yaradır. Məhz buna görə də hökumət, dövlət aparatları təcili olaraq bu cür neqativ elementlərdən təmizlənməli, cəmiyyətdə siyasi maarifçilik işləri genişləndirilməlidir.

Xarici İşlər Nazirliyində XƏRİTƏ “oyunu” - bu layihənin müəllifi kimdir?


Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən hazırlanan saxta bir xəritə bir çox dövlət saytlarında yerləşdirilməsi üçün fəaliyyət həyata keçirilir. Başdan-başa anlaşılmaz ifadələr və saxta rəqəmlərlə tərtib olunan bu xəritənin saytlardan çıxarılması təklifi belə ciddi müqavimətlə qarşılanır. Niyə?.. Dövlətə qarşı yürüdülən bu təxribat əməli hansı qüvvələr tərəfindən müdafiə olunur? Axı kimdir bu layihənin müəllifi?
Bu xəritədəki məlumatları təsdiq etdirmək üçün, iki dəfə ictimai müzakirəyə çıxarıldı. Hər iki müzakirədə mən də iştirak etdim. Birinci müzakirə 2016-ci ildə Xarici işlər Nazirliyində baş tutdu. Xarici İşlər Nazirliyinə bu xəritənin müzakirəsinə dəvət edildim. (Mənə verilən məlumata görə xəritə Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən hazırlanmıb. Üzərindəki yazılar Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən təqdim edilib). Müzakirədə elm adamları, millət vəkilləri, ayrı-ayrı idarə və dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Mən o zaman Bu xəritənin üst yazılarının 70%-inin həqiqətə uyğun olmadığını, dedim və müxtəlif dəlillərlə dediklərimi sübut etməyə çalışdım. Xəritədə göstərilən rəqəmlərin yenidən dəqiqləşdirilməsini təklif etdim.
İkinci dəfə 2017-ci ildə Bu xəritə heç bir dəyişiklik edilmədən əvvəlki qaydada Mədəniyyət Nazirliyində yenidən müzakirəyə çıxarıldı. Bu müzakirəyə mən də dəvət edildim. Bu müzakirədədə mən xəritənin üst yazılarının yolverilməz olduğunu bildirdim və bunun Azərbaycan həqiqətlərinin Beynəlxalq səviyyədə təbliğinə zərər vuracağını diqqətə çatdırdım.

Lakin mənim təkliflərim qəbul edilmədi. Bununlada mən ölkəmizdə bu sahədə kök salan bu ekstremist fəaliyyətin üzərində çox güclü bir əlin olduğunu dərk etdim.
Təsüflər olsun ki heç bir həqiqət əks etdirməyən bu xəritəni mən bu ilin əvvəlindən; Ağdam, Laçın, Beyləqan, Neftçala, Yardımlı, Cəlilabad, Lənkəran, Kəlbəcər, Şamaxı, Cəbrayıl, Qubadlı, Xəzər, Xətai, Balakən, Biləsuvar, İsmayıllı, Qax, Qobustan, Oğuz, Zaqatala rayonlarının eləcədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Xüsusi Mühafizə xidməti idarəsinin və AMEA Tarix İnstitunun saytlarında yer aldığının şahidi oldum.
Bir daha qeyd edirəm; Azərbaycanın rəsmi saytlarından dezinformasiyanın yayılması, bizim iddia etdiyimiz Azərbaycan həqiqətlərini Beynəlxalq rəydə şübhə altına alır.
Xəritədə ilk diqqətimizi çəkən məbədlər və məscidlər ifadəsidir. Nədən məbədlər və məscidlər tarix və mədəniyyət abidələri qrafasında yer almadığı sual doğurur. Məbəd dedikdə hansı tip memarlıq abidələrinin nəzərdə tutulduğu məlum deyildir, əgər burada Qafqaz Albaniyası dövrü abidələri nəzərdə tutulursa bu abidələrin faktiki sayı burada yazılandan iki-üç dəfə çoxdur. Bundan əlavə məbədlərin sayının nədən (?) 44 olduğu və ya hansı mənbədən istifadə edildiyi qeyd olunmur.
Məscidlərin sayı 9 rəqəmi ilə ifadə olunur. Halbuku bütün elmi ədəbiyyatlarda təkcə Şuşa şəhərində 17 məhəllə məscidinin olduğu göstərilir. O cümlədən Ağdamda 3, Qubadlıda 2, Füzulidə 9, Cəbraylda 31(onlardan 16-sı uyğunlaşdırılmış məscid olub), Laçında 2, Zəngilanda 8 və Kəlbəcərdə 2 məscid olub. Ümumilikdə bunların cəmi edir 74. Bir o qədər də pirlərimiz, inanc yerlərimiz və digər ziyəratgahlarımız var ki onlar bu siyahıda yer almayıblar.
Dini İşlər üzrə Dövlət Komitəsinin sənədlərində İşğal Olkunmuş ərazilərdə qalan məscidlərin sayı 67 göstərilir. Əgər belədirsə bəs onda Xarici İşlər Nazirliyi tərtib etdiyi bu xəritədə işğal altındakı məscidlərimizin sayını niyə 7-8 dəfə azaldırlar? Bu yalan informasiya tək məscidlərimi əhatə edir?

“Qaçqınkom” niyə öz hesabatlarını saxtalaşdırır?


Xalq arasında “Qaçqınkom” adı ilə tanınan bu qrum əslində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 Sentyabr tarixli Fərmanı ilə “Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi” kimi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli Fərmanı ilə adı dəyişdirilərək “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” adlandırılmışdır. Komitə yarandığı dövründən fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanları ilə birgə qurur.
Bundan aydın olur ki qaçqın və məcburi köçkünlər haqqında məlumatlar, onların əmlakı, təhsil, mədəniyyət, səhiyyə, rabitə, komunnal müəsisələr və işğal altında qalan dügər dövlət və özəl subyektlər barədə məlumatlar “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” –nə müvafiq icra qrumları tərəfindən daxil olur. Bəs onda müqayisə edərkən bu rəqəmlər biri digərini nədən bu qədər təkzib edir?
Mən bu barədə “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” əməkdaşlarından soruşanda onlar mənə dedilərki, bu məlumatları onlar müvafiq icra strukturlarından alırlar. O zaman sual oluna bilər, bu icra strukturlarını saxta məlumat verməyə nə vadar edir?
Aydındır ki qaçqın və məcburi köçkünlərin dislokasiyası onların könüllü yerdəyişmələri ilə əlaqədar ayrı-ayrı rayonlar üzrə artıb azala bilər. Bu təbii prosesdir, qanunauyğun hal kimi qəbul etmək olar. Amma bu hal işğal altındakı daşınmaz əmlaka şamil edilə bilməz axı? Deyək ki, Ağdam rayonunda 121 Kitabxana, 50 klub, 20 Mədəniyyət evi. 4 Muzeyi olubsa bunların saylarını artırıb azaltmaq imkan xaricindədir axı? Laçın rayonu ərazisində 125 kənd, 1 qəsəbə, 1 şəhər mövcuddursa bunu necə azaltmaq olar? Bundan başqa, hansı rayon icra strukturu Komitəyə saxta məlumat verməyə cəsarət edə bilərki?
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş illərdə hazırladıqları hesabatlar belə ciddi saxtakarlığa məruz qalır. Belə ki Komitənin 2005-ci ildə rus və ərəb dillərində çap etdirdiyi; “Сведения о беженцах и вынужденных переселенцах, число которых достигает миллиона, изгнанных из своих исторических земель в результате этнической чмстки, проводимой в Армении и оккупации 20 процентов территории Азербайджана Армянскими вооруженными силами ( 1988-2005 годы). Kitabda verilən məlumatlar məlum xəritənin hazırlanması zamanı ciddi dəyişkənliyə məruz qalmışdır.

Kitabın çapına məsul olan Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov, Komitə sədrinin müavini Qurban Sadıqov, Nazirlər Kabinetinin məsul işçiləri Məhəmməd Məhərrəmov, Taleh Zeynalov və Ramin Talıblı kimi vəzifə sahiblərinin bu kitaba saxta məlumatların yerləşdirmələri ağıla batan deyil. Bəs onda nədən xəritənin çapı zamanı bu cür yersiz təhriflərə yol verilib? Kimlər bu hesabatda yazılan rəqəmləri saxtalaşdırır?

Xarici İşlər Nazirliyinin tərtib etdiyi xəritədə yol verilmiş nöqsanlar aşağıdakı cədvəldə müqayisəli təhlilinə baxıb, yerləşdirilən məlumatların düzgün olub olmamasına özünüz qərar verin.

 

İşğal altındakı tarix və mədəniyyət abidələrin taleyi Mədəniyyət Nazirliyinin müvafiq qurumları üçün maraqlı deyil.

Azərbaycanın Mədəniyyət Nazirliyinin müvafiq qurumları Ermənistanın işğalı altında olan ərazilərdəki tarix və mədəniyyət abidələri barədə heç bir bilgiyə malik deyillər. Beləki Nazirliyin müvafiq qurumlarında bu istiqamətdə heç bir araşdırma tdqiqat işləri aparmırlar. Cavab isə çox sadədir: - Ərazi işğal altındadır, azad olunan kimi biz orada araşdırma aparacağıq.

Faktiki olaraq Mədəniyyət Nazirliyinin İşğal olunmuş ərazilərdəki mədəni irsimizlə bağlı olan siyahı sovet dövründən qalma natamam siyahıdır ki, onlar buna istinad edirlər. Lakin bu siyahıyadakı tarix və mədəniyyət abidələrinin saylarına da birmənalı yanaşma yoxdur. Beləki bir qrup adam işğal altındakı abidələrin saylarını 470, digər bir qrup adam isə bu sayın 900-ə yaxın olduğunu iddia edirlər. Lakin Nazirlikdə çoxluq 470 iddiasını daha qızğın və coşqu ilə müdafiə edirlər. Sual olunur niyə? Nə səbəbə bizim Nazirliyin əməkdaşları işğal altındakı ərazilərimizdəki abidənin sayının az olduğunu güman edirlər.

Doğrudur, Azərbaycanın müstəqillik qazandığı dövr, Qarabağın işğalı ilə üst-üstə düşdüyündən, o ərazilərdə abidələrin qeydiyyatının aparılması sadəcə mümkün deyildi. Bəs onda Nazirliyin əməkdaşları heç bircə dəfə ayaqları dəymədiyi və qeydiyyat aparmadıqları bir ərazidə abidələrin sayının çox olması düşüncəsi ilə niyə hesablaşmırlar.

Azərbaycan Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının əməkdaşları maraqlansaydılar bilərdilər ki, Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinin saylarının və yerinin müəyyənləşdirilməsində Ermənistan Respublikasının rəsmi mənbələrində kifayət qədər məlumatlar, görüntülər və abidələrin mənsub olduqları ərazilərin xəritələri yerləşdirilib. 28.01.2011-ci il tarixdə Ermənistanın “Ради Дома” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın ИА REGNUM agentliyi Ermənistanın Mədəniyyət Nazirliyinin rəsmi hesanatında bildirilir ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 3517 yəni 4 000-ə yaxın tarix və mədəniyyət abidələri qeydə alınmışdır.

Qarabağda ermənilər tərəfindən abidələrin qeydə alınması bir neçə il ərzində mərhələlərlə həyata keçirilmişdir. Belə ki, 2000-ci ildə 1650 abidə, 2006-cı ildə 1200 abidə, 2010-cu ildə 289 abidə və 2011-ci ildə isə 361 abidə, 2012-ci ildə 17 abidə qeydə alınıb ki bunun da cəmi 3517-yə bərabər olur. 2012-ci ildə erməni mətbuatı məlumat yaymışdı ki Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərdəki tarix və mədəniyyət abidələrinin sayı 4000 ədədir. Əslində isə, ermənilərin Qarabağda mövcudluğunu iddia etdikləri 4000 abidənin 1450 ədədinin ermənilər tərəfindən işğal dövrü yonularaq qoyulan müasir xaçdaşları və yeni tikdikləri erməni kilsələridir. Bizim araşdırmalarımız və apdığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki, işğal altındakı ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrin ümumi sayı hələlik 2 550-dən çox deyildir.

Düşmən tərəfinin işğal altında saxladıqları ərazilərdə tarix və mədəniyyət abidələrinin qeydiyyatının aparılmasına bu cür ciddi yanaşmalarının səbəbi, bu ərazilərə turist cəlb etmək və bu abidələri erməniləşdirməklə Azərbaycanın tarixini və mədəniyyətini bu ərazilərdən yox etməkdir.

Bəs buna Azərbaycan Mədəniyyət Nazirliyinin cavabı nədir? – “O ərazilərdə bizim o sayda abidəmiz yoxdur”. Qəribə paradoksdur elə deyilmi? Öz əlimizlə tariximizi və mədəniyyətimizi ermənilərə təslim edirik. Ümumiyyətlə İşğal altındakı ərazilərimizdə qalan mədəni irsimizin və əmlakımızın ermənilərin mənimsəməsinə Azərbaycanın öz daxilindən şərait yaradırıq.

Bütün məsuliyyətimlə bildirirəm ki, ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələri tarixi abidələr, incəsənət abidələri, memarlıq abidələri, arxeoloji abidələrikimi qruplara bölünür. Bu qruplqar üzrə 879-ü rəsmi Dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum olan 2 550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Bu abidələrdən: 609-u yerli əhəmiyyətli, 285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq əhəmiyyətlidir. 1 647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.


Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu fəaliyyətini başa vurmamış niyə ləvg edildi?


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli, 3/2593 saylı razılıq məktubu əsasında, Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 51s nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu yaradıldı.
Qrupun yaradılmasından məqsəd, Ermənistanın təcavüzü nəticəsində, Azərbaycana dəymiş zərərlərin müəyyənləşdirərək və beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə təqdim etmək idi.
Bundan başqa işçi qrupu tərəfindən hazırlanan sənədi, gələcəkdə Beynəlxalq Təşkilatlarda müzakirəyə çıxarılmaqla Ermənistan tərəfindən Azərbaycana təzminat ödənilməsi məsələsini gündəmə gətirmək olardı. Eləcədə işçi qrupun hazırladığı sənəd əsasında Azərbaycanın dövlət və ya ictimai təşkilatları Ermənistana qarşı müxtəlif sahələr üzrə məhkəmə iddiaları qaldıra bilərdiki, bu da Azərbaycan üçün çox böyük siyasi əhəmiyyət kəsb edərdi.
Lakin, 2016-cı ilin sonunda Azərbaycan Prezidentinin göstərişi ilə yaradılan işçi qrupu öz işlərini başa çatdırmamış ləğv edildi.
Ləğv edilmiş işçi qrupun səlahiyyətləri formal olaraq Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə həvalə edildi. Komitə sədrinin № 95 saylı, 24 may 2017-ci il tarixli sərəncamı ilə qiymətləndirmə üzrə yaradılan qrupun sədri Komitənin sədr müavini Fuad Hüseyinov, qrupun sədr müavini isə qrupun keçmiş mətbuat xidmətinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü Firdovsi Kazımov təyin edildilər. Sərəncam formal xarakter daşıdığından qrupun fəaliyyəti faktiki olaraq dayandırıldı. Niyə? Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bu işçi qrupun fəaliyyətini başa çatdırmamış niyə dayandırdı?
Bu işçi qrupu qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması üçün sənədlərin rəsmləşdirilməsi ilə məşğul olurdu. Axı qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması barədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin öhtəliyi var. Beləki, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasına bilavasitə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi məsuliyyət daşıyır. Bəs harada qaldı bu məsuliyyət hissi?
Bir daha qeyd edirəm biz, bu cür neqativ hallara yol verməklə biz İşğal altındakı ərazilərimizdə qalan mədəni irsimizin və əmlakımızın ermənilərin mənimsəməsinə Azərbaycanın öz daxilindən şərait yaradırıq. Azərbaycanın bir çox hökumət və dövlət aparatlarında dərin kök salan neqativ halların aradan qaldırılması mövcud vəziyyətdə mümkün olacaqmı?..

Faiq İsmayılov
Azərbaycan Nazirlər Kabineti yanında
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
itki və tələfatların qiymətləndirilməsi üzrə
İşçi Qrupunun üzvü.

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı;

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri;

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !