Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını ... -

Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını ...

 Bir neçə gündür, sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisinə girişin pullu olması ilə bağlı şikayətlər əks olunur.

 

 

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov Modern.az saytına açıqlamasında deyib ki, bəzi adamlar bu məsələni şişirdə bilər, lakin Bulvarın 16 kilometrə yaxın ərazisi hər kəsə açıqdır:

 

“İstənilən adam pulsuz girə bilir, yeraltı keçidlərdən istifadə edir. Bulvara girişin pullu olması yanlış informasiyadır. Neftçilər prospekti boyu maşınların park edildiyi xüsusi yerlər var. Lakin Su idmanı Sarayından qabaqda, Bayıl tərəfdə şlaqbaum qoyulub. Bunun əsas səbəbi həmin ərazidə xüsusilə axşam çağı maşınların ötüşmələr təşkil etməsi, bir-biri ilə yarışmasıdır. O cümlədən həmin ərazidə taksilər bizim suvarma sistemindən istifadə edib maşınlarını yuyurdular. Yaxud gecə vaxtı, hava qaralanda gənclərin maşınla orda dayanıb nə işlə məşğul olduqlarını bir Allah bilir. Yəni şəhər sakinlərinin haqlı şikayətləri var idi ki, orda xoşagəlməz hallar baş verir”.

 

“Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər?”

 

Bulvar İdarəsinin rəsmisi bu cür halların qarşısını almaq üçün atılan addımın qanuna uyğun olduğunu qeyd edib:

“Bunun qarşısını almaq üçün Bulvar İdarəsi şlaqbaum qoyub. Qeyd edim ki, bu, Bulvar İdarəsinin səlahiyyətində olan məsələdir. Kim maşınla əraziyə daxil olmaq istəyirsə, 1 manatını ödəyib maşını saxlaya bilər və bu, limitsizdir. Yəni saat məhdudiyyəti yoxdur. Əgər həmin əraziyə pulla daxil olmaq 3-5 adamın narazılığına səbəb olubsa da, yüzlərlə insanın razılığı ilə nəticələnib. Bir mühafizəçi 100 adama necə nəzarət edə bilər? Həmin yer nəzarətsiz qalmasın, səliqə-səhmanla idarə edilsin, xuliqanlıq baş verməsin deyə, məcbur , qanun-qayda ilə ərazini pullu etmişik”.
Günay RƏSULQIZI