Orxan Bahadırsoy: - YAĞIŞA...

Orxan Bahadırsoy: YAĞIŞA...

Yağışa


Yağış yağır, təzə evə köçmüşəm.
Sənə, mənə sağlıq deyib,
içmişəm!

Göydən gələn damcı deyil, mərmidi!
Ömrüm boyu belə yağış
görmədim!

Sən necəsən? Necə keçir yoxluğum?
İstədim, e, bu gün səni
yoluxum...

Sonra baxıb gördüm çöldə yağışdı.
Sən də yaddan çıxdın, başım
qarışdı.

Belə də ki, dərd eləmə, həyatdı.
Bir də gördün əyri tutub,
düz atdı!

Yastıqları sıxa-sıxa bağrına,
darıxanda bir film izlə,
ağrıma!

Mən min ildi "öldüm" dedim, ölmədim.
Ha bəxtimi qıdıqladım,
gülmədi!

Sən də qorxma, adam ölmür ağrıdan!
Uzaqbaşı küsəcəksən
Tanrıdan! 

 

                                                                               ***

 

Bir ağaca tutunan

 

Bir ağaca tutunan
saralmış yarpaq kimi
qopuram bu ağacdan,
düşməyə yoxdu yerim.

Dırnağımdan təpəmə,
qarışqalar dırmaşır...
məni yaxşı tut, adam,
çürüməsin əllərim.

Taqətimi toplayıb,
yaşayıram hələ ki!
Adını ümid etdim,
ay ərköyün sərsərim.

Soyuqdan sığınıram
səhləb çiçəklərinə.
Hanı sənin qolların,
arasında yer sərim?

Bir əlimdə nargilə,
bir əlimdə çiyələk.
Ürəyimin odundan
tüstü çəkir ciyərim.

Yer adlı bir kürənin
izdihamı içində,
tək sənə həsrət qalıb
bu xaraba şəhərim.

Mən gücümü toplayıb
unutmuşam özümü.
Səni unutmaq üçün
qalmayıb ki, təhərim.

 

                                                                             ***

 

Sükut

 

Gecə çıxıb küçələrdə dolandım,
çuxurlarda leysan suyu köpürdü.
Bir səkidə izin vardı, onu da,
sarı donlu süpürgəçi süpürdü.

Sərxoş adam danlayırdı keçmişi,
sonsuzluğun şəklin çəkdi yerişi.
Ayaqları dizdən kəsik bir kişi
öz protez ayağından öpürdü.

Dəstə dolu qarşıda yol kənarı,
döyüşürdü əlləri, ayaqları.
Bu davaya baxa-baxa bir qarı,
önündəki quşlara dən səpirdi.

Bir qadına sığınmışdı balası,
oyuncağmı istədi sözarası?!
Körpəsinə tərs-tərs baxan anası,
əlin sıxıb pıçıltlyla təpindi.

Yol itirib bu şəhərdə azırdım,
səndən küsüb, sənə şeir yazırdım.
Mən ağrımdan çığırmağa hazırdım,
külək tozla üz-gözümə tüpürdü.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )