Musiqili Teatr gələcək planlarını müzakirə etdi - (+FOTOLAR)

Musiqili Teatr gələcək planlarını müzakirə etdi (+FOTOLAR)

Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu teatr mövsümünün başlanması ilə əlaqədar qurumun bütün əməkdaşları ilə geniş tərkibli iclas keçirilib.
Tədbiri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, əvvəlcə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulaylıb, sonra isə ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb: “Yola saldığımız 108-ci teatr mövsümü Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimləri, səfirləri və onların nümayəndələri, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, sənət adamlarının çox böyük marağına səbəb olub. Keçən il İran İslam Respublikasında keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr festivalına əməkdaşlarımızın bir ekspert kimi dəvət olunması bir daha sübut edir ki, ölkəmizin hüdudlarından kənarda da Azərbaycan teatr sənətinə, təcrübəsinə  çox böyük önəm verilir. Qeyd edim ki, Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreynin 2017 və 2018-ci illərin Novruz  Bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə çıxış etməsi, bu yaxınlarda Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının  aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşasının nümayişi iki ölkə arasında mədəni inkişafa bir daha yenidən təkan verdi.
Ötən il teatrımız "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edərək mükafata layiq görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz "Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında səhnədə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, "Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr cameəsində çox böyük əks-səda doğurdu.
Biz bir çox yeniliklərə imza atmışıq və bu il də “Bağdadda bir gün” (V.Kolmonovski, E. Sabitoğlu,) “Balaca şahzadə” (A.S. Ekzüperi), “Paris Noterdam kilsəsi” (V.Hüqo) kimi yeni tamaşaların premyeraları nəzərdə tutulur.
Arzu edirəm ki, uğurlarımızın davamı olaraq Musiqili Teatrın Azərbaycan teatr tarixinə verdiyi töfhələr davamlı olsun!”
Tədbirdə boyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı və Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal çıxış edərək yeni başlayan teatr mövsümündə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Müzakirələrdə teatrın yaxın 4 ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !